Məhkəmə qərarları › İş №2(060)-3932/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3932/2023

17.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3932/2023 17.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 2600 (iki min altı yüz) manat borcun, 46 manat dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" ASC-dən xx.xx.2015-ci il tarixdə 24 ay müddətinə illik 26 faizlə 3120 manat məbləğində kredit götürmüş və o cavabdehə zamin durmuşdur. Lakin cavabdeh bank qarşısında öhdəliyi yerinə yetirməmiş, onun borcu yaranmış və Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehin banka olan 2548,55 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu və icra xərci onun tərəfindən ödənilmişdir. Həmin bu kredit götürülərkən ona digər Cavabdeh2, yəni dostu ondan xahiş etmişdir ki, Saabxanım ilə iş quracaqlar və bu pulu da qısa zamanda həll edəcəklər. Lakin onlar vermiş olduqları vədlərinə belə əməl etməmişlər. Sonuncu ödənişi də 19 may 2023-cü il tarixində 73 manat kredit məbləğindən, 20 manat isə arayış üçün ödəməklə banka olan bütün pul vəsaitini tam ödəmişdir. O cavabdehlərə həmin pulu ona qaytarmasını bildirsə də, cavabdehlər pulu ona ödəməmişdir. Bu səbəbdən də o həmin pulu və ona dəymiş ziyanı cavabdehdən tələb edir. Məhkəmədə iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, o Cavabdeh2 evində işləmişdir. Uşağına baxmışdır. Sonuncunun xahişinə əsasən o bankdan pul götürmüş, Xətai ona zamin durmuşdur. Pulu bankdan götürdükdən sonra elə oradaca pulu sayaraq Bəhruza təhvil vermişdir. Hazırda, onun imkanı yoxdur ki, həmin məbləği geri qaytarsın. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Qanuni nümayəndə məhkəmədə iştirak edən zaman bildirmişdir ki, 30 oktyabr 2015-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında “Mikro-kredit” müqaviləsi bağlanmış və kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı kimi həmin tarixdə İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda həmin şəxslərin bank qarşısında heç bir öhdəlikləri yoxdur, götürülən kredit tam ödənilmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iddiaçı, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin №2(060)- 14764/2016 saylı, 25 oktyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və İddiaçı Niyab oğlundan müştərək qaydada xx.xx.2015-ci il tarixli sm5190_RES1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2130 manat, faiz borcuna görə 398,55 manat, cərimə borcuna görə 20 manat, cəmi 2548,55 (iki min beş yüz qırx səkkiz manat əlli beş qəpik) məbləğdə borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin hesabına tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin №8(060)-148/2018 saylı, 2 fevral 2018-ci il tarixli qərardadının surətindən görünür ki, təqdimat qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-14764 saylı xx.xx.2016-cı il tarixli sənədi üzrə tələb icra olunanadək Cavabdeh1 Azərbaycan Respublikasından getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İşdə olan "xxxx" ASC-nin 19 may 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli sm5190 saylı kredit müqaviləsinə əsasən 5000 (beş min) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixində sm5190 saylı kredit müqaviləsi üzrə qalıq borc tam bağlanmışdır. xx.xx.2014-cü il tarixinə Cavabdeh1 göstərilən müqavilə üzrə "xxxx" ASC-yə heç bir kredit, faiz və zaminlik öhdəliyi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə Cavabdeh1 əvəzinə banka ödədiyi borcun reqres qaydada ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd olunan hüquqi normalardan çıxış edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və tələb edilən məbləğ Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi Cavabdeh2 qarşı hissədə təmin edilməməlidir. Belə ki, cavabdehin izahatında və iş sənədlərindən də aydın olur ki, iddiaçı bank qarşısında öhdəlik olaraq Cavabdeh1 zamin dayanmış və sonuncunun yaranmış borcunu iddiaçı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 kredit borcuna görə ödənilmiş 2600 (iki min altı yüz) manat və dövlət rüsumu əvəzi olaraq 46 (qırx altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh2 qarşı hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar