Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3938/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı “Xəzər” Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kirayə haqqı borclarını cəmiyyətə ödənilməsi və müvəqqəti yaşadığı yataqxanadan çıxarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Xəzər” Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış müqaviləyə əsasən 2110 manat kirayə haqqı borcunun tutulması, məhkəmə prosesinin keçdiyi dövrdə və tamamlanana qədər kirayə haqqının hesablanması və ödənilməsi, cavabdeh müqavilənin şərtlərini pozduğuna görə onunla bağlanmış müqaviləyə xitam verilməsini nəzərə alaraq cavabdehin müvəqqəti yaşadığı yataqxanadan ailə üzvləri və şəxsi əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh 1055 manat kirayə haqqı borcunun tutulması və cavabdehin müvəqqəti yaşadığı Sumqayıt şəhəri, məhəllə 22A, 2 saylı yataqxanada otaqlar 39/40-dakı qeyri-yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, məhəllə 22A-da yerləşən 2 saylı yataqxana qeyri-yaşayış binası kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH No0013274 saylı 18.10.2007-ci il tarixli çıxarışa əsasən "Xəzər" SC-nin mülkiyyətindədir. Oradakı texniki infrastruktur da yaşayış tələblərinə uyğun deyildir. O vaxtı “Xəzər" SC və cəmiyyətə məxsus Sumqayıt Şüşə zavodunda işləyən işçilərin ehtiyacını nəzərə alaraq oradan yataqxana kimi müvəqqəti istifadəyə icazə verilmişdir. Sumqayıt şəhəri, məhəllə 22A, 2 saylı yataqxanada, otaqlar 39/40-da cəmiyyətə məxsus qeyri-yaşayış sahəsində 26 saylı, 01.09.2007-ci il tarixli müqaviləyə əsasən cəmiyyətin Sumqayıt Şüşə zavodunda işləmiş və ailəsi ilə birlikdə cəmiyyətdə işlədiyi dövrdə yaşamaq üçün Cavabdeh istifadəsinə verilmişdir. Müqaviləyə əsasən yığılmış yaşayış sahəsindən istifadəyə görə kirayə haqqı borcunu Cavabdeh yaşadığı vaxtdan heç bir ödəniş etməmişdir. Müqaviləyə görə Cavabdeh ödəməli olduğu kirayə haqqı 01.04.2021-ci il tarixinə kimi hesablanaraq 2110 manat məbləğində kirayə borcu yaranmışdır. Ona dəfələrlə yaranmış borcu cəmiyyətə ödəməsi barədə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Lakin cavabdeh üzərinə öhdəlik götürsə də borcunu ödəməkdən imtina etməklə, həmçinin müvəqqəti yaşadığı otağı boşaltmaqdan da qəti imtina etmişdir. Cavabdeh borcunu ödəməmək məqsədilə müxtəlif bəhanə ilə qanunsuz və əsassız olaraq müxtəlif idarələrə şikayət yazır. Cavabdeh müvəqqəti yaşadığı otaqda qanunsuz olaraq və ictimai birgə yaşayış qaydalarını pozmaqla, özbaşına bina üçün təhlükəli olan kommunikasiya qurğuları quraşdırmışdır. Ondan dəfələrlə qanunsuz çəkdiyi qurğuları sökmək tələb edilsə də, o həmin qurğuları sökməkdən imtina etmişdir. Hal-hazırda “Xəzər” SC-də çalışan yaşayış sahəsinə ehtiyacı olan işçilərin, həmin yaşayış sahəsinə böyük ehtiyacı vardır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirdi ki, onun yaşadığı ünvanda kirayə haqqı ilə əlaqədar borcları qalmışdır. O, əvvəl kirayə haqqını ödəmiş, bundan sonra da ödənişləri vaxtında edəcəyini bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 22A məhəlləsində istifadədə olan 0.33526 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 4 girişli, 2078.4 kv.m ümumi, 1350.7 kv.m əsas, 727.7 kv. m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə “Xəzər” ATSCnin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabının 186 nömrəli vərəqində, ********* nömrəsi ilə 18.10.2007-ci ildə qeydiyyata alınmışdır. - Tərəflər arasında bağlanmış 01.09.2007-ci il tarixli, 26 №-li müqavilədən görünür ki, iddiaçı “Xəzər” SC Sumqayıt şəhəri, 22A məhəlləsində yerləşən 2 saylı yataqxanada 39/40 saylı otağı ailəsi birlikdə yaşaması üçün cavabdehin istifadəsinə verməyi, cavabdeh orada yaşaması üçün aylıq 10 manat ödəməyi və orada olan avadanlıq və inventarların qorunub-saxlanması barədə üzərinə öhdəlik götürmüşdür. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. - “Xəzər” Səhmdar Cəmiyyətinin 11 fevral 2021-ci il tarixli aktından görünür ki, Cavabdeh qanunsuz olaraq müvəqqəti yaşadığı otağa su və kanalizasiya xətti çəkib, otağın içərisinə və dəhlizdə otaq qapısının yanında qaz plitələri quraşdırıb hansı ki, binanın təhlükəsizliyi üçün çox təhlükəlidir. Onun əməli qanuna ziddir və ona görə də Cavabdeh qanunsuz çəkdiyi qurğuları sökməlidir. Aktın doğruluğunu Ə.B.Qəhrəmanov, İ.Ş.Hüseynova, Ə.C.Ələsgərov və V.Ş.Mansırov imzaları ilə təsdiq etmişdirlər. - “Xəzər” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin 28 mart 2021-ci il atrixli protokolundan görünür ki, Cavabdeh rəsmi qaydada sonuncu dəfə xəbərdarlıq edilməsi, onun təcili olaraq cəmiyyətə 2110 manat kirayə haqqı borcunu ödəməsi, onunla bağlanmış 26 saylı 01.09.2007-ci il tarixli müqaviləyə 01.04.2021-ci il tarixdən xitam verilməsi, Cavabdeh ona edilən son rəsmi xəbərdarlığa əməl etməsə, məhkəməyə müraciət edilməsi barədə Cəmiyyətin İdarə Heyəti müvafiq qərarlar qəbul etmişdir. - 06.04.2021-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, məhəllə 22A-da yerləşən 2 saylı yataqxanada 39/40 saylı otaqlarda ailəsi ilə birlikdə müvəqqəti yaşayan Cavabdeh ailə tərkibi belədir – həyat yoldaşı X3 və oğlu X5. - X2 “Xəzər” SC-nin sədrinə ünvanlanmış ərizəsindən görünür ki, o, 22.04.2021-ci il tarixdə 2130 manat kirayə haqqı borcu olduğunu göstərmiş və onu hissə-hissə ödəyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Sumqayıt şəhəri, məhəllə 22A-da yerləşən 2 saylı yataqxanada kirayə müqaviləsi əsasında yaşayır. Cavabdeh kirayə haqqı borclarını ödəməmişdir. İddiaçı dəfələrlə cavabdehə borcun ödənilməsi barədə müraciət etsə də cavabdeh kirayə haqqını ödəməkdən imtina etmişdir. Bu günə kimi Cavabdeh 1055 manat kirayə haqqı borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Bu Məcəllənin 692.2-ci maddəsinə əsasən kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda; kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda; kirayə hüquq münasibətlərinin davam etməsi nəticəsində kirayəyə verən torpaq sahəsindən iqtisadi cəhətdən sərfəli istifadə edə bilmədikdə və buna görə xeyli zərərə düşə bildikdə. Bu halda yaşayış otağının başqa şəxslərə kirayəyə verilməsi zamanı əmlak kirayəsi üçün daha yüksək haqq almaq imkanı hesaba alınmır. Kirayəyə verən həmçinin buna istinad edə bilməz ki, kirayəlik otaqlar kirayəçiyə verildikdən sonra nəzərdə tutulmuş və ya həyata keçirilmiş mənzil mülkiyyətinin təsis edilməsi ilə əlaqədar, o, həmin otaqları satmaq istəyir; kirayəyə verən binanın yardımçı qeyri-yaşayış otaqlarını kirayəyə vermək məqsədilə yeni avadanlıqla təchiz edərək yol verilən şəkildə yaşayış otaqlarına çevirmək niyyətində olduqda və müqavilənin ləğvini yalnız bu otaqlar üçün məhdudlaşdırdıqda xitam vermək arzusu əsaslı sayılır. Bu halda kirayəçi kirayə haqqının ağlabatan dərəcədə azaldılmasını tələb edə bilər. Əgər həmin otaqların yeni avadanlıqla təchiz edilməsi işlərinin başlanması uzadılırsa, kirayəçi yardımçı otaqlar barəsində kirayə hüquq münasibətlərinin müvafiq müddətə uzadılmasını tələb edə bilər. Həmin Məcəllənin 676.0.4-cü maddəsinə əsasən yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmasın. 08 iyul 1982-ci il tarixli qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların uşlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqdaa digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh “Xəzər” SC-nin işçisi deyildir, müqavilə üzrə kirayə haqqının da ödəməmişdir. Bu halları məhkəmə iclasında Cavabdeh da etiraf etmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh müqavilə şərtlərini pozduğundan, iddiaçı “Xəzər” SC-nin işçisi olmadığından, müqavilə üzrə kirayə haqqını ödəmədiyindən Cavabdeh 1055 manat kirayə haqqı iddiaçı təşkilatın xeyrinə tutulmalı və o, əmlakları ilə birlikdə Sumqayıt şəhəri, məhəllə 22A, 2 saylı yataqxanada otaqlar 39/40-dakı qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1055 manat məbləğində kirayə haqqı borcu tutularaq iddiaçı «Xəzər» Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh əmlakları ilə birlikdə Sumqayıt şəhəri, məhəllə 22A, 2 saylı yataqxanada otaqlar 39/40-dakı qeyri-yaşayış sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3938/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3938/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver