Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3948/2021 30.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 İsrafil oğluna və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 İsrafil oğluna və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 İsrafil oğlundan və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 2762,91 manat əsas borc, 2433,68 manat faiz borcu, 1400,73 manat cərimə borcu, kredit müqaviləsi bitdikdən sonar hesablanmış 789,64 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 171/13 Ns-li 22 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 22 iyul 2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********211 saylı 01.04.2021-ci il tarixli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin ərizəsi əsassızdır, cavabdeh tərəfindən son ödəniş 21 sentyabr 2018-ci il tarixdə olmuşdur. Cavabdeh tərəfin borcun etirafına dair hərəkətlər olduğundan iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. 18 may 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh Layıc Aqil iddiaya etiraz edərək iddiaçı tərəfindən iddia müddətinin buraxıldığını göstərərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, 18 və 25 may 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili iddia tələbini qəbul etmədiyini, iddiaçı tərəfindən təqdim edilən mədaxil orderindəki imzanın Cavabdeh1 məxsus olmadığını göstərdi, vəsatət verərək iş üzrə xətşünaslıq ekspertizasının keçirilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili iddia müddətinin tətbiqi barədə məhkəmə ərizə təqdim etmişdir. 26 may 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddiaya etiraz edərək izahatında bildirdi ki, iddianı qəbul etmir, belə ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçı tərəf onun tərəfindən 21 sentyabr 2018-ci il tarixdə ödəniş edilməsinə istinad edərək iddia müddətinin keçmədiyini bildirsə də, o, heç bir ödəniş etməmiş və istinad edilən ödəniş qəbzini imzalamamışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: 171/13 №-li 22 iyul 2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC borcalan Cavabdeh1 İsrafil oğluna 24 ay müddətinə, illik 26% ödənilmək şərti ilə 4000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 İsrafil oğlunın 30.03.2021-ci il tarixə 2762,91 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 2433,68 manat faiz borcu, 1400,73 manat cərimə borcunun, kredit müqaviləsi bitdikdən sonra illik 5%-lə hesablanmış 789,64 manat faiz borcu olmaqla, cəmi 7387,96 manat borcu var. Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borcludan gecikdirilmiş vaxt üçün illik 5% faiz hesablanmaqla 789,64 manat tutulmasını əsaslı hesab edir. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1400,73 manat məbləğində cərimə azaldılaraq 200 manat müəyyən edilməlidir. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə bildirir ki, iddia müddətinin tətbiqi üçün əsas yoxdur. Belə ki, göründüyü kimi tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəti 22 iyul 2015-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (zaminlik) üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Qanunun şərh olunan normalarına istinadən məhkəmə qeyd edir ki, kredit müqaviləsinin müddəti 22 iyul 2015-ci il tarixdə bitməklə iddiaçı üç il müddətində öhdəliyin icrasını tələb etmək hüququna malikdir. İddiaçı mədaxil orderi təqdim edərək borclu tərəfindən son ödənişin 21 sentyabr 2018-ci il tarixdə olduğunu və borcun etirafına dair hərəkətlər olduğundan iddia müddətinin axımının həmin vaxtdan hesablanmalı olduğunu, iddiaçının tələb etmək hüququnun ötürülmədiyini iddia edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 4/963 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 21 sentyabr 2018-ci il tarixli ödəniş qəbzində “ödəyənin imzası” yazısının qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq qeyd olunan rəyi sübut növü kimi qiymətləndirərək hesab edir ki, borclu tərəfindən borcun etiraf edilməsinə yönəlmiş hərəkətlərin edilməsi öz təsdiqini tapdığından iddia müddətinin tətbiq edilməsi üçün əsas yoxdur. Bank ilə Cavabdeh2 arasında bağlanılmış 22.07.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 eyni tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh2 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İsrafil oğlundan 2762,91 manat əsas borc, 2433,68 manat faiz borcu, 200 manat cərimə borcu, gecikdirilmiş müddət üçün illin 5% hesablanmış 789,64 manat faiz borcu, cəmi 6186,23 manat borc ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 05 manatı iddiaçıya aid edilməli, 25 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 105,41 manat Cavabdeh1 İsrafil oğlundan, 21,59 manat iddiaçıdan alınaraq X1 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İsrafil oğlundan 2762,91 manat əsas borc, 2433,68 manat faiz borcu, 200 manat cərimə borcu, gecikdirilmiş müddət üçün illin 5% hesablanmış 789,64 manat faiz borcu, cəmi 6186,23 (altı min bir yüz səksən altı manat iyirmi üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 105,41 manat Cavabdeh1 İsrafil oğlundan, 21,59 manat iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq X1 ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3948/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3948/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver