Məhkəmə qərarları › İş №2(060)-3970/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3970/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3970/2023 18.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbi”nə dair məhkəmədə iddia qaldırıb, Cavabdeh 7093.95 (yeddi min doxsan üç manat doxsan beş qəpik) manat pul və 94 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK0263205A126 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 30.29 faiz dərəcəsi ilə 8895.36 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında xx.xx.2019-cu il tarixli Z-RGTK0263205A126 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc ödənilmədiyindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1117/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək zamin qismində ondan və əsas borclu olan hazırki iş üzrə cavabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7909.75 manat əsas, 2107.06 manat faiz borcu olmaqla, cəmi 10016 (on min on altı) manat 81 (səksən bir) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bundan sonra cavabdeh borcu ödəmədiyindən zamin duran şəxs qismində onun əmək haqqından və aylıq müavinət pulundan tutulmalar olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixli RGTK0263205A126 saylı kredit müqaviləsinə əsasən yaranmış borca görə ondan 4703.22 manat, 414.37 manat, 13.41 manat, 496.19 manat, 76.77 manat, 575 manat, 750 manat, 4.99 manat, 30 manat və 30 manat olmaqla ümumillikdə 7093.95 ( yeddi min doxsan üç manat doxsan beş qəpik) pul tutulmuşdur. Mülki qanunverciliyin tələbinə əsasən zamin duran şəxs borcu ödədikdə, ödəniş həcmində reqres qaydasında tələb hüququ vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, qarşı tərəfə xəbərdarlıq göndərmiş, eyni zamanda onun işlədiyi hərbi hissəyə məktub da göndərmişdir. Elə zənn etmişdir ki, əsas borcludan tutulacaqdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/920 nömrəli notarial qaydada təsdiq olunmuş məktuba cavabdan görünür ki, Ədliyyə Nazirliyi Cəbrail Rayon İcra və Probasiya şöbəsinin 31 yanvar 2023-cü il tarixli, 145348/2022 nömrəli məktubuna əsasən, Tibb İdarəsinin zabiti tibb xidməti polkovnik-leytenant İddiaçı pul təminatından aşağıda göstərilən tarixlərdə 4073.22 (dörd min yetmiş üç manat iyirmi iki qəpik) manat məbləğində tutulmalar edilmiş və müvafiq qaydada "xxxx" ASC-yə ödənilmişdir. 14 oktyabr 2022- 1000 (bir min) manat 16 noyabr 2022- 1000 (bir min) manat 16 dekabr 2022- 1000 (bir min) manat 19 yanvar 2023- 1000 (bir min) manat 14 mart 2023- 703.22 (yeddi yüz üç manat iyirmi iki qəpik) manat "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 15/4334 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin Qubadlı filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK0263205A126 nömrəli 8895.36 manat məbləğində kredit üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 4750 manat məbləğində ödəniş edilmiş, xx.xx.2023-cü il tarixə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit üzrə heç bir öhdəliyi yoxdur. xx.xx.2019-cu il tarixli ödəniş qrafikindən görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 36 ay müddətində hər ay 379,04 manat, sonuncu ay isə 388,72 manat ödəniş etməli idi. xx.xx.2019-cu il tarixli RGTK0263205A126 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən cavabdehə 36 ay müddətinə illik 30,29 faiz dərəcəsi ilə 8895,36 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli Z-RGTK0263205A126 zaminlik müqaviləsinin şərtlərinə görə Cavabdeh öhdəliklərinin yerinə yetirilməsinə görə İddiaçı qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 493 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin Qubadlı filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK0263205A126 nömrəli 8895.36 manat məbləğində kreditə zamin qismində dayanmış İddiaçı **********9118267199 (416974*****7863) saylı kartından xx.xx.2022-ci il tarixində 1 dəfə ümumi olaraqda 750 manat məbləğində vəsait tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1117/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7909,75 manat əsas, 2107,06 manat faiz borcu olmaqla, cəmi 10016 (on min on altı) manat 81 (səksən bir) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 674 nömrəli arayışdan görünür ki, mayor Cavabdeh 01.112022-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət edir, daimi və müvəqqəti xidmət yeri isə müvafiq olaraq Lənkəran rayonu, Liman qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 50 və Ağstafa rayonu, Qırılı kəndidir. İddiaçı tərəfindən Cavabdeh ünvalanmış xəbərdarlıqdan görünür ki, mülki qanunvericiliyin tələbinə əsasən zamin duran şəxs borcu ödədikdə, ödəniş həcmində reqres qaydasında tələb hüququnun olduğu və iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi bildirilmiş, qeyd olunan borcu ödəmək və məhkəmə iclasında iştirak etmək barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçininborcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinin tələbinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinin tələbinə görə, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayətqədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə Bankın Qubadlı rayon filialı ilə Cavabdeh arasında 8895.36 (səkkiz min səkkiz yüz doxsan beş manat otuz altı qəpik) manat məbləğdə yeni kredit müqaviləsi rəsmiləşdirilmişdir. Kredit müqaviləsi üzrə zamin kimi vətəndaş İddiaçı çıxış etmiş və onunla zaminlik müqaviləsi rəsmiləşdirilmişdir. Müqavilələr üzrə öhdəliklər vaxtında icra edilmədiyi üçün Bank borcuntutulması barədə iddia ərizəsi ilə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 02 aprel 2021-ci il tarixli e-2(060)-1117/2021 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7909,75 manat əsas, 2107,06 manat faiz borcu olmaqla, cəmi 10016 (on min on altı) manat 81 (səksən bir) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddiaçı isə 7093.95 (yeddi min doxsan üç manat doxsan beş qəpik) manat borcun onun tərəfindən banka ödənildiyini və bu səbəbdən həmin məbləği cavabdehdən tələb etdiyini bildirir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olmasına dair sübutlar yəni zamin olaraq müştərək qaydada icra sənədinin icrasını təmin edən tədbir olaraq iddiaçının əmək haqqından tutulmalar həyata keçirilmiş, tələbinin əsası olan 7093,95 manat məbləğin ödənilməsini təsdiq edən dəlillər iş materiallarında aşkar edilməmiş, işin araşdırılan hallarına əsasən öz təsdiqini tapmamışdır.Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə yəni öhdəliyin icrasını qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında icra tədbiri olaraq tutulması artıq özlüyündə nəzərdə tutulmuş öhdəliyin vaxtında və lazımınca icrasını nəzərdə tutmayaraq tələbin əsaslı olmaması qənaətinə gəlməyə əsas verir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki vəiqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti,incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir.Belə ki, məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onlarıntəmin edilməsini tələb etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli e-2(060)-1117/2021 qətnaməsi ilə ondan və Cavabdeh müştərək qaydada tutulması qət edilmiş 10016 manat məbləğində pul vəsaitinin əmək haqqı kartından və aylıq müavinətindən tutulduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, məhkəmə tərəfindən müvafiq araşdırma aparılmışdır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdırki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməlivə bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcəkhüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarlatəsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 94 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbi”nə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş 94 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar