Məhkəmə qərarları › İş №2(060)-3983/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3983/2024

18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3983/2024 18.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 1700 ABŞ dollar və icra xidmət haqqı olaraq ödədiyi 300 ABŞ dolları məbləğində pul vəsaitinin və dövlət rüsumu olaraq ödədiyi 54 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə 1700 ABŞ dollarının qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə tutulması barədə ərizəsinə düzəliş edərək qətnamə qəbul edilərkən həmin halların nəzərə alınmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2890 (iki min səkkiz yüz doxsan) manat məbləğində pulun, icra xidmət haqqı olaraq ödədiyi 510 manat pulun, dövlət rüsumu olaraq ödədiyi 54 manat pulun Cavabdeh alınaraq X3 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X7 və X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2748/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclular Cavabdeh, X5 və X1 müştərək qaydada 4031 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Halhazırda qalıq borc 1700 ABŞ dolları və 300 ABŞ dolları icra xidmət haqqı onun tərəfindən ödənilmişdir. Belə ki, onun əmək haqqından hər ay 50% hissəsinin tutulub "xxxx" ASC-nin hesabına köçürülür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh heç bir fikir bildirmir. Hər ay onun maaşından məbləğlər tutulduğu üçün onları hesablayaraq cəmi iddia tələbində qeyd edilən məbləği tələb edir. Tutulma kağızlarına uyğun olaraq hesablamışdır. İcra ödənişi dörd yerə bölünmüş, onun bir ayı tutulmuş, lakin üç ayı qalmışdır. Həmin hissədə iddia tələbini də müdafiə etmir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin ondan tutulan məbləğlərin hissəsində təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) bildiriş göndərilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 19 may 2021-ci il tarixli, 6540/37 nömrəli Azərbaycan Respublikası Sumqayıt Şəhər üzrə İcra İdarəsi tərəfindən X3 və digərlərinə ünvanlanmış məlumatdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2748/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclular Cavabdeh, X5 və X1 müştərək qaydada 4031 ABŞ dollar və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Hal-hazırda qalıq borc 1699 ABŞ dollar və 30 manat dövlət rüsumu ödənilənədək borclu X2 əmək haqqından hər ay 50% hissəsinin tutulub "xxxx" ASC-nin hesabına köçürülməsi məqsədi ilə məhkəmənin icra sənədi icra olunması üçün göndərilmişdir. Eyni zamanda bildirilmişdir ki, borclu şəxs qanuna nəzərdə tutulmuş qaydada könüllü müddət ərzində icranı təmin etmədiyi üçün tələb olunan 4031 ABŞ dollar məbləğin 7% həcmində icra ödənişi yəni 282.17 ABŞ dolları Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin xüsusi fondunun hesabına köçürülməlidir. İcra sənədi icra olunduqdan sonra tutulmalar haqqında qeydiyyat aparılmalı və idarənin möhürü ilə təsdiq edildikdən sonra Sumqayıt Şəhəri üzrə İcra idarəsinə qaytarılmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlilərindən tutulmaların məbləği 50%-dən çox ola bilməz. Eyni zamanda həmin qanunun 65.2-ci maddəsinə əsasən tələb bir necə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldikdə, qazancın 50%-i borcluda qalmalıdır. Həmçinin tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi yuxarıda qeyd olunan Qanunun 75-ci maddəsinin tələblərinə uyğun həyata keçirilməlidir. İş materiallarında olan Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli icra ödənişinin alınması haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2748/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən X1 282.17 ABŞ dolları məbləğində icra ödənişinin tutulması, icra ödənişinin "xxxx" ASC-də Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin xüsusi fondunun hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 54 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 2021-ci il tarixinə aid olan ödəniş tapşırıqlarına əsasən 143.11 manat x 4 ay olmaqla = 572.44 manat, 2022-ci il tarixinə aid olan ödəniş tapşırıqlarına əsasən 84.01 manat x 10 ay = 840.1 manat, 153.83 manat, 10.59 manat, 2023-cü il tarixinə aid olan ödəniş tapşırıqlarına əsasən 84.01 manat x 3 ay + 14.90 manat = 266.93 manat, 91.44 manat x 3 ay = 274.32 manat, 168,47 manat, 15.42 manat, 91.44 manat, 81.01 manat, 84.59 manat x 2 ay = 169.18 manat, 2024-cü il tarixli ödəniş tapşırıqlarına əsasən 84.59 manat x 3 ay = 253.77 manat məbləğlərində iddiaçı tərəfindən ödəniş olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 400-05 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh illik 30 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixli 400-05 saylı zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən İddiaçı zaminlik müqaviləsi əsasında ümumilikdə 2897.5 manat məbləğində pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə öhdəliyi icra etmiş zaminin bir sıra hüquqları vardır. Belə ki, Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyiicra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icraetdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 474.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. İddia tələbi zamin kimi ödənilmiş pulun reqress qaydasında geri tələb edilməsi və borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi bankın sənədlərinə, borcun verilməsi barədə pul köçürmə sənədinə istinad etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zamin olaraq cavabdehin banka olan borcunu ödədiyi üçün Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən ödədiyi pulu geri tələb etmək hüququ vardır. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə də öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı – zamin İddiaçı borclu – Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini 2897.5 manat hissəsində icra etmiş, məhkəmə iclasında 2890 manat pul tələbi hissəsində iddia tələbini müdafiə etmişdir.Bu səbəbdən həmin hissədə kreditorun hüquqları ona keçmişdir.Belə olduğu təqdirdə məhkəmə iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlir. Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminin ödədiyi məbləğ həssində borcluya qarşı geriyə tələb (reqres) hüququ yaranmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı tərəfindən ümumillikdə 2897.5 manat məbləğində pul ödənilmiş, lakin iddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2890 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Ona görə də iddia tələbi 2890 manat məbləğin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı icra xidmət haqqı olaraq ödədiyi 510 manat pulun cavabdehdən tutulması hissəsində iddia tələbini müdafiə etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 2890 manat məbləğində pulu Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, məhkəmə xərcləri işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin edildiyindən, 1.000 manatdan 10.000 manata kimi 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tələb edildiyindən, eyni zamanda 2890 manat məbləğində iddia tələbi təmin edildiyi üçün, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 54 manatın 48.9 manatı cavabdehdən tutulmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 475, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2890 (iki min səkkiz yüz doxsan) manat məbləğində pul, ödənilmiş 48.9 (qırx səkkiz manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar