Məhkəmə qərarları › İş №2(060)-3984/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3984/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3984/2021 19.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçının xeyrinə 017A********** saylı kredit razılaşması üzrə 1026,22 manat məbləğində kredit borcu, 11,99 manat faiz borcu və 383,05 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1421,26 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 1026,22 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə ödənişləri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 21.01.2020-ci il tarixdən banka qaytarmamışdır. O, götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 1026,22 manat məbləğində kredit borcu qalmışdır. Cavabdehin 12.02.2021-ci il tarixə 1026,22 manat məbləğində kredit borcu, 11,99 manat faiz borcu və 383,05 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1421,26 manat borcu vardır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, maddi imkanı ağır olduğu üçün ödənişləri edə bilməmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 19.12.2019-cu il tarixli, 017A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1026,22 manat kredit vermişdir. - İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 12.02.2021-ci il tarixə əsas borc üzrə 1026,22 manat, 11,99 manat faiz, cərimə borcu üzrə 383,05 manat olmaqla, cəmi 1421,26 manat borcu vardır. - Kredit müqaviləsi üzrə ödəniş planına əsasən Cavabdeh 21.01.2020-ci il tarixdən 19.01.2021-ci il tarixinə 1 manatadək, 19.01.2021-ci il tarixdən ödəniş edilməli son müddətə qədər isə 22 manat məbləğində ödəniş etməli idi. - 12.19.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 1026,22 manat məbləğində pul vəsaiti Cavabdeh hesabına köçürmə yolu ilə verilmişdir. - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinin 4.1.2-ci maddəsindən görünür ki, kredit alan krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank bu müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, bu müqaviləyə xitam verildiyi günə qədər hesablanmış faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1026,22 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı QSC ilə Cavabdeh arasında 19.12.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödəniməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Nəticədə cavabdehin iddiaçıya 12.02.2021-ci il tarixinə 1026,22 manat əsas, 11,99 manat faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 19.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin 4.1.2-ci maddəsinin tələblərini pozaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 017A********** saylı kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, kredit alan bu müqavilə ilə müəyyənləşdirilən öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 (sıfır tam yüzdə iki) faiz məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1 (sıfır tam onda bir) faizdən artıq olmaması şərti ilə cərimə ödəməyə borcludur. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, məhkəmə hesab edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 100 manat cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli, 017A********** saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış 19.12.2019-cu tarixli kredit müqaviləsi ləğv edilməlidir. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh 1026,22 manat əsas, 11,99 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 1138,21 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli, 017A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1026,22 manat əsas, 11,99 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 1138,21 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-ə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar