Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3989/2021 25.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, tərəfindən borc olaraq 9300 (doqquz min üç yüz) manat məbləğində Cavabdeh verilmiş pulun, həmçinin 10.000 (on min) manat mənəvi zərərin, eyni zamanda 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə aralarında notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanmışdır. Belə ki, Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq olunmuş 02 fevral 2019-cu il tarixli müqaviləyə əsasən, o, 9300 (doqquz min üç yüz) manat məbləğində Cavabdeh borc vermişdir. Müqavilənin şərtlərinə əsasən borc məbləği 17 ay müddətində ona ödənilməli idi. İlk 16 ay müddətində 560 (beş yüz altmış) manat, 17-ci ay isə 340 (üç yüz qırx) manat cavabdeh tərəfindən ona ödənilməli idi. Lakin Cavabdeh tərəfindən bu günə kimi ona heç bir məbləğdə pul ödənilməmişdir. Dəfələrlə borcu ödəməsi üçün müraciət etsə də, Cavabdeh pulunun olmadığını bəhanə gətirərək bundan yayınmışdır. Qeyd edilənlərdən də göründüyü kimi cavabdeh tərəfindən müqaviləyə əsasən üzərinə qoyulmuş öhdəlik yerinə yetirilmir. Tərəfindən 18.12.2020-ci il tarixdə cavabdehə 15 gün ərzində borcu qaytarması üçün pretenziya məktubu ilə müraciət edilsə də, bu günə kimi heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsi nəticəsində hüquqları kobud surətdə pozulmuş, ona maddi və mənəvi ziyan dəymişdir. Bütün bunlara əsasən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, tərəfindən borc olaraq 9300 (doqquz min üç yüz) manat məbləğində Cavabdeh verilmiş pulun, həmçinin 10.000 (on min) manat mənəvi zərərin, eyni zamanda 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçı ilə o, bir həyətdə böyümüş və yaxın dost münasibətləri olmuşdur. O, maddi ehtiyacı olduğu üçün iddiaçıdan 9300 manat məbləğində borc pul almışdır. Həmin borcdan ödənişlər etmiş və hazırda onun iddiaçıya 3500 manat məbləğində borcu vardır. O, iddiaçıya hal şahidlərin iştirakı ilə pulun müəyyən hissəsin qaytarmışdır. Əlavə olaraq, o, iddiaçıya kreditə Samsung markalı telefon almış və həmin mobil telefonunda krediti o, ödəyir. Belə ki, aralarında olan şifahi razılığa əsasən o, iddiaçıya aldığı mobil telefonun kreditini ödəməli və iddiaçı həmin məbləği onun borcundan çıxmalı idi. Bundan başqa, iddiaçıya heç bir mənəvi zərər dəyməmişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02.02.2019-cu il tarixli “Kredit müqaviləsi”ndən müəyyən edilir ki, İbayev X2 Yaşar Rəhim oğluna 9300 (doqquz min üç yüz) manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə görə Cavabdeh 9300 (doqquz min üç yüz) manatı 17 (on yeddi) ay müddətinə, 16 ay 560 (beş yüz altmış) manat, sonuncu ay 340 (üç yüz qırx) manat ödəmək şərti ilə-02.07.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 31.03.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 42ci məhəllə, ev 8A, mənzil 3-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İbayev X3 şəhəri, Mirsalayev küçəsi, ev 12-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh 9300 (doqquz min üç yüz) manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Əlavə olaraq cavabdeh məhkəmə ifadəsində borcunun müəyyən hissəsini ödəməsini və hazırda 3500 manat borcu olduğunu qeyd etsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 (on min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenumun qərarında məhkəmələrə izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki iş üzrə İddiaçı Cavabdeh tərəfindən ona 10000 manat məbləğində mənəvi ziyanın vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh 9300 (doqquz min üç yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MM-nin 439.3, 385, 739-cu və Azərbaycan Respublikası MPM-nin 191.3, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9300 (doqquz min üç yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilsin. İddia tələbi mənəvi zərər hissəsində təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3989/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3989/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver