Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3990/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Ford Tranzit yük markalı ** GA *** dövlət qeydiyyat nömrəli avtomobil onun şəxsi mülkiyyətindədir . Həmin avtomobillə verdiyi etibarnamə əsasında sürücüsü, yaxını X1 11 noyabr 2012-ci ildə Novxanı-Binəqədi yolunda hərəkətsiz dayanmış vəziyyətdə olarkən Cavabdeh etibarnamə əsasında idarə etdiyi Ford Tranzit yük markalı ** XJ *** dövlət qeydiyyat nömrəli avtomobillə arxa hissədən vurmuş, ona məxsus olan Ford Tranzit yük markalı ** GA *** dövlət qeydiyyat nömrəli avtomobil də öz növbəsində qarşısında sola dönmək istəyən Kamaz-5410 kalı 90-HS 128 qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmasa da onun avtomobili istifadəyə yararsız hala düşmüşdür. Bu hadisə ilə əlaqədar Abşeron rayon Məhkəməsində İnzibati Xəta haqqında iş üzrə 17 dekabr 2012-ci ildə qərar qəbul olunmuş və hazırki iş üzərə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 151.5-ci maddəsi ilə təqsirli bilinərək 200-manat məbləğində cərimə edilmişdir. O, avtomobilinin düzəldilməsinə və ya avtomobilinə vurulmuş zərərin əvəzini hadisəni etmiş avtomobilin sürücüsündən dəfələrlə tələb etsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək avtomobilini düzəltdirməkdən və vurulmuş zərəri ödəməkdən yayınmışdır. Onun avtomobilinə Avtoservis 555 MMC-də baxış keçirilmiş, avtomobildə dəyişilməli olan ehtiyyat hissələrinin qiymətləri və ustaların xidmət haqqı hesablanmış bu barədə 01.10.2013-cü il tarixdə qüsur aktı tərtib edilərək müəyyən olunmuşdur ki, avtomobilinin əvvəlki vəziyyətinə bərpa edilib gətirilməsi üçün 4560 (dörd min beş yüz altmış) manat pul tələb olunur. O, avtomobilini öz vəsaiti hesabına tam olaraq təmir etdirmiş, bir müddət xəstə olduğundan cavabdehdən ona vurduğu zərəri tələb edə bilməmişdir. O, 1991-ci ildən 1994-cü ilə kimi torpaqlarımızın müdafiəsində iştirak edərək erməni təcavüzünə qarşı döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. Hərbi sahə ilə əlaqəli olduğundan 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olmuşdur və ən nəhayət 2020-ci ildə torpaqlarımızın düşmən tapdağından azad olunmasında fəal iştirak etmiş, uzun müddət hərbi sahədə müəyyən işlərlə bağlı başı qarışıq olduğundan cavabdehdən ona vurduğu zərəri tələb edə bilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh onun əmlakına vurduğu 4560 manat zərərin və dövlət rüsumu kimi ödədiyi 30 manatın, cəmi 4590 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, illər əvvəl də maşını təmir etdirməyi istəyib, lakin iddiaçı ilə razılığa gəlmədikləri üçün bu mümkün olmamışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Abşeron rayon məhkəməsinin inzibati xəta haqqında 17 dekabr 2012-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 151.5-ci maddəsi ilə təqsirli bilinmiş və 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 60 nömrəli qüsur aktından görünür ki, İddiaçı məxsus Ford Transit minik markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4560 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli 9/4151 nömrəli ekspert rəyindən görünür ki,nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin 01.10.2013-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2001-ci il buraxılışlı Ford transit yük markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3960 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçının nümayəndəsinin və cavabdehin məhkəməyə verdiyi izahatlarından, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi Ford Tranzit yük markalı ** XJ *** dövlət qeydiyyat nömrəli avtomobillə İddiaçı məxsus Ford Transit minik markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilə arxa hissədən vurmuş, bu avtomobil də öz növbəsində qarşısında sola dönmək istəyən Kamaz- 5410 kalı 90-HS 128 qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamış, avtomobil isə istifadəyə yararsız hala düşmüşdür. Hadisə ilə əlaqədar Abşeron rayon Məhkəməsində İnzibati Xəta haqqında iş üzrə 17 dekabr 2012-ci ildə Qərar qəbul olunmuş Cavabdeh Azərbaycan Respublikası İXM-in 151.5-ci maddəsi ilə təqsirli bilinmiş və 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İddiaçı hadisə ilə bağlı avtomobilə dəyən zərərlə əlaqədar xidmət haqları ödənilməmişdir. Məhkəmə iclasında iş materialları tədqiq olunarkən Cavabdeh iddianı qismən qəbul etdiyini, yalnız vurulmuş ziyan üçün 500 manat məbləğində ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, vurulmuş ziyan üçün təklif olunan məbləğ yetərli olmamaqla,ağlabatan məbləğ deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək iddia tələbi qismən təmin edilməsi nəticəsinə gələrək hesab edir ki, Cavabdeh 3960 manat maddi ziyan və 30 manat dövlət rüsumu, cəmi 3990 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3960 (üç min doqquz yüz altmış manat) manat maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu, cəmi 3990 (üç min doqquz yüz doxsan manat) manat məbləğində pul alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3990/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3990/2021
25.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver