Məhkəmə qərarları › İş №2(060)-3990/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3990/2025

24.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3990/2025 24.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. Hazırda Şəmkir rayonu, Kür qəsəbəsi ünvanında pasport qeydiyyatında olmaqla, ünvan 2 ünvanında faktiki yaşayır. Hazırki iş üzrə cavabdeh iddiaçının qızının həyat yoldaşının iş yoldaşıdır. İşin faktiki halı ondan ibarətdir ki, qızının həyat yoldaşı X5 30 mart 2024-cü il tarixə öz qızını, yəni iddiaçının nəvəsini öldürmüşdür. Qızını öldürdükdən sonra cavab bir müddət axtarılmış və nəhayət Bakı şəhərində oteldə tutularaq Sumqayıt ŞPİ-nə təhvil verilmişdir. Hazırki iş üzrə cavabdehi Yeşil Ahmet vasitəsi ilə tanımışdır. Hadisə baş verməzdən əvvəl iş görmək adı ilə iddiaçıdan 7000 manat borc pul almışdır. Həmin pulun 5500 manatını “Ekspress” bankdan həyat yoldaşı X1 adına kredit götürərək vermişdir. Daha sonra isə qızı X3 adına 3000 manat kredit götürmüş, həmin pulun 1500 manatını cavabdehə vermiş, qalan 1500 manatını isə öz ehtiyacları üçün sərf etmişdir. Pulun götürülməsində məqsəd dönərxana açılması ilə bağlı olmuşdur. İddiaçıdan alınan pula obyekt təmir edilmiş, zəruri avadanlıqlar alınmışdır. Bütün bunlara ailə üzvləri eləcə də qızının yoldaşı da şahid olmuşdur. Hazırda həmin obyektdən cavabdeh istifadə edir. Yuxarıda qeyd olunan xoşagəlməz hadisə baş verdikdən sonra dəfələrlə cavabdehə verilən pulun qaytarılması üçün müraciət etsə də nəticəsi olmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir. Göstərilənlərə əsasən Cavabdeh 7000 manat məbləğində pul, eləcə də 90 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı ona heç bir pul verməmişdir. O, əmlakı X4 icarəyə vermişdir. Çünki demişdir ki, xəstə övladı var, o, halına acıyaraq hətta daha aşağı qiymətə icarəyə vermişdir. Bildirmişdir ki, qazanc yarıya bölünəcək. Əşyalar alınmışdır. Bunlar dönər aparatı və şkaflardan ibarətdir. Hadisə olan zaman o, dükanı bağlamış, əşyalarının heç birini istifadə etməmişdir. Həmin əşyaları da bağda saxlanc yerinə yığmışdır. Onun Polis İdarəsində heç bir yazılı izahatı olmamışdır. Sahə müvəkkilinə izahat vermişdir. Əşyaları geri vermək üçün Yesil Ahmetlə əlaqə saxlamışdır. O isə əşyaları Qasımzadə Natiqə verməli olduğunu bildirmişdir. 5-6 ay əvvəl şəxs həmin anbara gələrək əşyaları götürmüşdür. Əşyalar dönər alətləri, şkaflar, qab-qacaq, ayran düzəldən aparat, tosterdən ibarət idi. Hər birini təhvil vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

7. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Cavabdeh tərəfindən borcunun qaytarılmaması məzmununda Sumqayıt ŞPİ-nin 4-cü PB-də hər hansı bir müraciəti olmamışdır. Lakin İddiaçı övladı X3 Cavabdeh tərəfindən borcunun qaytarılmaması ilə bağlı müraciəti əsasında Sumqayıt ŞPİnin 4-cü PB-də müvafiq material toplanmış və həmin materialın surəti göndərilir.

9. Həmin materialdan görünür ki, Cavabdeh izahatında- “X3 müraciəti ilə tanış oldum. Bildirirəm ki, Yeşil Ahmetlə 2023-cü ilin noyabr ayından işlə bağlı münasibətim olub, bildirirəm ki, özümüzə məxsus 13 kv.m sahəsi olan dönərxananı şərikli işlətmək qərarına gəlib oranı Ahmet Turanla avadanlıqları onun quraşdırması ilə razılaşdıq. Gəliri isə ortaq böləcəkdik. 2024-cü ilin mart ayının 31-nədək, yəni, Ahmet Turanın həbs edilməsinədək biz onunla xeyirə və zərərə tam 50 % şərik olmaqla işlədik. Mən onun özündən başqa heç kəsi tanımamışam və onun ailə üzvlərinin heç biri ilə söhbətim və tanışlığım olmayıb. Müraciətdə göstərilən məbləğ (7000 manat) qədər həmin dükana sərmayə qoyulmamışdır. Təxmini olaraq 2000-nə yaxın məbləğ dəyərində hesablamaq olar. Yeşil Ahmetin tutulmasından sonra onun ailə üzvləri dəfələrlə ona zəng edərək daha çox məbləğin Ahmet tərəfindən alındığını bildirsələr də, əsassız iddialardır. Belə ki, Ahmet göstərilən məbləğin hara və necə xərcləndiyindən heç bir məlumatım yoxdur. Gələcəkdə Ahmet tərəfindən onun ailə üzvlərindən hər hansı bir etibarnamə verilərsə mağazada olan əşyaları qiymətləndirib onun ailə üzvlərinə də təhvil verməyə razıyam. Qeyd edirəm ki, hətta X7 mart ayının hesabatını 443 manatı da özü ilə götürmüşdür və mənimlə haqqhesab etməmişdir.”deyə bildirmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

11. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

12. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

13. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

14. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

15. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

16. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

17. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin ona hər-hansı məbləğdə borcun olmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

19. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə iddia ərizəsi təmin edilməməlidir.

20. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar