Məhkəmə qərarları › İş №2(060)-4000/2022

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-4000/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4000/2022 24.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 1270 manat və ödənilmiş 42 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, trikotaj və ətriyyat mallarının satışı ilə məşğuldur. Cavabdehlər fəaliyyət göstərdiyi 1-ci mikrorayon, 7/10 saylı evin yaxınlığında “Gözəllik salonunda” işləmişlər. Cavabdehlər 2020-ci ilin sentyabr ayında aldıqları malın dəyərini ödəyəcəklərinə söz verərək ondan 1270 manat dəyərində geyim əşyaları və kosmetik ləvazimatlar almışlar. Cavabdehlər söz verdiyi vaxtda borcu qaytarmamış, əsassız bəhanələr gətirərək aldıqları malın dəyərini ödəməmişlər. Beləliklə, aldığı mala görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 1270 manat borcu qalmışdır. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayt Şəhər Məhkəməsinin 2(006)-4000/2022 saylı 24 avqust 2022-ci il tarixli qərardadı ilə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək oxşar məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 öz ifadəsində bildirdi ki, o, iddiaçıya məxsus mağazada satıcı işləyir. Onlar mağazada kosmetik məhsulların, paltar və digər məişət əşyalarının satışını edirlər. Cavabdehlər işlədiyi mağazanın qarşısında olan gözəllik salonunda işləmişlər. Təxminən 2020-ci ilin sentyabrında Firəngiz və Sevinc mağazadan uşaq paltarları, idman geyimləri, kosmetik məhsulları nisyə almışlar. Sevinc təxminən 300 manatdan artıq, Firəngiz isə 1100-1200 manatlıq məhsulu bir ay ərzində ayrı-ayrı vaxtlarda nisyə götürmüşlər. Həmin borcdan cəmi 80-90 manat ödəniş etmişlər. Yerdə qalan 1300-1400 manat pul isə ödənməmiş qalmışdır. Hal-hazırda cavabdehlər həmin salonda işləmirlər, salon bağlanandan sonra onlarla heç bir əlaqə saxlaya bilməmişlər. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, tərəflər arasında nisyə alqı-satqı münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Göründüyü kimi tərəflər arasında mübahisə doğuran hal nisyə alınmış malların dəyərinin ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehlərə nisyə məişət məhsulları satmış, bunun nəticəsində cavabdehlərin 1270 manat borcu yaranmış, həmin borcu cavabdehlər hazırki vaxtadək qaytarmamışlar. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600, 385, 442, 448-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 1270 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 manat İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 241, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 1270 (bir min iki yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 (qırx iki) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Sumqayıt Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar