Məhkəmə qərarları › İş №2(060)-401/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-401/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-401/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının qardaşı, digər Cavabdeh2 isə onun həyat yoldaşıdır. Onlar bir müddət iddiaçının da yaşadığı və qeydiyyatda olduğu anası Sevil Əhmədovaya məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 72-də yerləşən 22 saylı mənzildə yaşamışlar, lakin mütəmadi olaraq münaqişələr baş verdiyi üçün 2011-ci ildə bu mənzildən köçmüşlər. Bundan sonra, Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun mənzilə istifadə hüququ tanınmışdır. Cavabdeh N.Məmmədov 2013-cü ilin dekabr ayında iddiaçıya müraciət edərək bildirdi ki, yaşadıqları mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq verə və o bankdan 25000 ABŞ dolları məbləğində pul götürəcək, özünə yaşayış sahəsi alacaq və bankın pulunu da özü ödəyəcəkdir. Evi adına rəsmiləşdirdikdən sonra isə bu mənzildən qeydiyyatdan çıxmaqla öz evinə qeydiyyata düşəcəkdir. Onlar cavabdehə inanaraq yaşadıqları mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq vermişlər, lakin cavabdeh bankdan götürdüyü pul ilə özünə yaşayış sahəsi alsa da, qeydiyyatdan çıxmamış və banka olan borcu ödəməmişdir, hər dəfə iddiaçı başqa banklardan pul götürməklə cavabdehə vermişdir ki, bankın pulunu ödəsin və bank yaşadıqları mənzili hərraca çıxarmasın. Lakin borcun çox olması səbəbindən "xxxx" onlara qarşı məhkəmədə iddia qaldırmaqla yaşadıqları mənzilin hərraca çıxarılmasını iddia etdi. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, Cavabdeh1 28713 ABŞ dolları məbləğində pulun tutulması qət edilmiş və həmin borca görə yaşadıqları mənzilin hərraca çıxarılması qərara alınmışdır. Həmin mənzil iddiaçının valideynlərinin və iddiaçının ailə üzvləri ilə yaşadıqları yeganə yaşayış yeri olduğu üçün iddiaçı borc-xərc 20.000 manat məbləğində pul taparaq Cavabdeh1 yerinə həmin borcu ödəmiş və cavabdeh İddiaçıya əminliklə bildirdi ki, o və həyat yoldaşı olan digər Cavabdeh2 bu mənzilə iddia qaldırmayacaqlar və qeydiyyata düşməyə mənzil tapan kimi qeydiyyatdan çıxacaqlar. Lakin cavabdeh və onun həyat yoldaşı iddiaçının onların banka olan borcunu ödəməyinə baxmayaraq, 2022-ci ildə Cavabdeh2 və Cavabdeh1 yaşadıqları bu mənzilə köçürülmə ilə bağlı məhkəmədə iddia qaldırdılar və onların mənzilə köçürülmələri təmin olundu. Halbuki iddiaçı onun banka olan 20.000 manat məbləğində borcunu ödəyərkən, o, iddiaçıya söz vermişdir ki, bu məbləği evdən onlara düşən kompensasiya kimi qəbul edərək heç vaxt bu mənzilə iddia qaldırmayacaq və mənzildən də qeydiyyata düşmək üçün ünvan tapan kimi çıxacaqlar. Cavabdeh razılaşdırılmış bu şərti pozmuş və mənzilə köçürülmüşdür. Belə olan təqdirdə onun banka olan borcuna görə ödədiyi 20.000 manat məbləğində pul alınaraq iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20.000 manat məbləğində pulun və ödədiyi 150 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının nəfinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

4. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia ərizəsində qeyd olunan ev cavabdeh İddiaçı atasının evi olmuşdur və iddiaçı onun qardaşıdır. İddiaçı atası vəfat edəndən sonra ev onun anasının adına qeydiyyatdan keçmişdir. Cavabdehlər evin ipotekaya qoyulması ilə bağlı heç kimi məcbur etməmişlər. Cavabdeh1 kredit götürülməsi məqsədi ilə banka müraciət etmiş və ipoteka qoyanın razılığı ilə sözügedən ev ipotekaya qoyulmuşdur. Əlavə olaraq da qeyd edir ki, məbləğin banka kim tərəfindən ödənilməsi bəllidir, lakin həmin məbləğin iddiaçıya aid olub-olmaması məlum deyil. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, iddiaçı əmisinin nəvəsidir. Pandemiyadan əvvəl onun anası yanına gələn zaman 8000 manat məbləğində borca pul istəmişdir. O da həmin məbləği iddiaçının anasına vermişdir. Kasıb ailədir. İddiaçı imkan olduqca 50 manat, 100 manat olmaqla borcdan hissə-hissə qaytarır.

11. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7464/2019 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Həmin qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, 2(060)-6596/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X1 və X2 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15.577 ABŞ dolları məbləğində əsas, 13.036,16 ABŞ dolları məbləğində faiz və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 28.713 (iyirmi səkkiz min yeddi yüz on üç) ABŞ dolları 16 (on altı) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, tutmanın Cavabdeh1 məxsus Binə ticarət mərkəzi, 2-ci sıra, korpus 5, mağaza 18 ünvanında yerləşən, dəyəri 30.000 manat hesablanan müxtəlif növ qadın ayaqqabılarına və cavabdeh X4 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 72 saylı evin 22 saylı mənzilinə yönəldilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 72 saylı evin 22 saylı mənzilinin ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi, qadın ayaqqabıları və mənzilin açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına 28.713 (iyirmi səkkiz min yeddi yüz on üç) ABŞ dolları 16 (on altı) sent məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay müddətində boşaldılması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, X1 və X2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 150 bir yüz əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, X1 və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

13. Həmin qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2019-cu il tarixli, 2(105)-791/2019 saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 "Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15.577 (on beş min beş yüz yetmiş yeddi) ABŞ dolları məbləğində əsas, 4801 (dörd min səkkiz yüz bir) ABŞ dolları 37 (otuz yeddi) sent məbləğində faiz və 100 (bir yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 20.378 (iyirmi min üç yüz yetmiş səkkiz) ABŞ dolları 37 (otuz yeddi) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Binə ticarət mərkəzi, 2-ci sıra, korpus 5, mağaza 18 ünvanında yerləşən, dəyəri 30.000 manat hesablanan müxtəlif növ qadın ayaqqabılarına və cavabdeh X5 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 72 saylı evin 22 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 72 saylı evin 22 saylı mənzilinin ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına 20.378,37 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra bir ay ərzində boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan, ümumilikdə 350 (üç yüz əlli) manatın Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

14. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq göndərilmiş ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2024-cü tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh1, X6 və X7 ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixli 10122013/124362 saylı kredit müqaviləsi bağlanaraq, borcalana 30 (otuz) ay müddətinə illik 26% ödəmək şərti ilə 25.000,00 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin ödənilməsi vaxtında icra olunmadığı üçün sənədlər məhkəməyə göndərilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 21,06.2019-cu il tarixli 2(105)-791/2019 saylı qərarı ilə 15.577,00 (on beş min beş yüz yetmiş yeddi) ABŞ dolları məbləğində əsas, 4.801,37 (dörd min səkkiz yüz bir dollar 37 sent) ABŞ dolları məbləğində faiz, 100.00 (bir yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 20378.37 (iyirmi min üç yüz yetmiş səkkiz dollar 37 sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-791 /2019 saylı qərarı üzrə 14.705,88 (on dörd min yeddi yüz beş dollar 88 sent) ABŞ dolları ödəniş olunmuşdur. Hal-hazırda cavabdehlər Cavabdeh1, X6 və X3 LPO "xxxx" ASC-yə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)- 791/2019 saylı qərarı üzrə 5.672,49 (beş min altı yüz yetmiş iki dollar 49 sent) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu məbləğində borcu mövcuddur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Göründüyü kimi İddiaçı Cavabdeh1 tərəfindən bankdan götürülmüş kredit borcunun təminatı kimi bank qarşısında yüklü edilmiş əmlakın (ipoteka predmetinin) hərraca çıxarılmaması məqsədilə Cavabdeh1 banka olan borcunu ödədiyini iddia edir. Cavabdeh tərəf iddia tələbinə etiraz edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

17. İddia ərizəsindən görünür ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülki hüquq pozuntularından (deliktlərdən) yaranan münasibətlərə aid olmaqla, xüsusi normalarla tənzimlənir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

19. Beləliklə, qanunun yuxarıda qeyd olunan normasına müvafiq olaraq reqres qaydasında iddia tələbi yalnız zərərin vurulmasında təqsiri olan şəxsə qarşı irəli sürülə bilər. Öz növbəsində, Mülki Məcəllənin 1096, 1097.1-ci maddələrinə müvafiq olaraq şəxsin qanunazidd hərəkətləri ilə yaranmış nəticə arasında səbəbli əlaqə, həmçinin həmin şəxsin təqsiri olduğu halda həmin şəxs zərərvuran şəxs hesab olunur. Sadalanan hallar məcburi xarakterli olmaqla, delikt öhdəliyinin yaranması üçün əsas hesab olunur.

20. Yuxarıda qeyd olunduğu kimi iddiaçı göstərilən iddia tələbləri ilə məhkəməyə müraciət edərək ona istinad etmişdir ki, o, Cavabdeh1 konkret kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş (kredit borcunu bağlamışdır). Buna görə də iddiaçının fikrincə cavabdehlər ona vurulmuş zərərə görə məsuliyyət daşımalıdır.

21. Lakin, məhkəmə işin materiallarında olan sübutları araşdıraraq belə hesab edir ki, iddiaçının yuxarıda göstərilən dəlili cavabdehlərin ona münasibətdə reqres qaydada öhdəliyinin yaranması üçün əsas hesab oluna bilməz. İş üzrə tərəflər arasında bununla bağlı hər-hansı saziş (razılaşma) bağlanmamış və Mülki Məcəllənin 522.1-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyin verilməsi (ötürülməsi) halı da baş verməmişdir.

22. Hazırki iş üzrə tərəflərin hüquq münasibətləri Mülki Məcəllənin 431.1-ci maddəsinə müvafiq olaraq borclunun öhdəliyini icra etmiş üçüncü şəxs ilə kreditor arasında yaranmış münasibətlərə aiddir. Öz növbəsində, həmin Məcəllənin 431.3-cü maddəsinin dispozisiyasına görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

23. Beləliklə, iddiaçı yuxarıda göstərilən iddia tələbini irəli sürərkən hazırki iş üzrə cavabdehlərin ona münasibətdə zərər vuran şəxslər olduğunu (buna görə onlara qarşı reqres qaydasında iddia verilə biləcəyini) sübuta yetirə bilməmişdir. Onun bununla bağlı dəlili məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli X10 tərəfindən Cavabdeh1 hesabına ödənilmiş 20.000 manat məbləğində olan qəbzin surətidir.

24. İddiaçının nümayəndəsi və vəkili tərəfindən X8 şahid qismində iştirakının təmin ediləcəyi bildirilsə də, onun iştirakı təmin edilməmişdir.

25. Göründüyü kimi İddiaçı sözügedən qəbzin “ödəyən” qrafasındakı “X10” adlı şəxsin kim olduğunu və ona tərəfindən kreditin ödənilməsi üçün 20.000 manat pul verildiyini sübuta yetirə bilməmişdir.

26. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

27. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

29. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

30. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

31. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

32. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

33. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi"nə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar