Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4012/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı “xxxx“ Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx“ MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1342.94 manat əsas borc, 500.91 manat faiz borcu və 154.65 manat cərimə borcu olmaqla, cəmi 1998.50 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin “xxxx“ MMC-nin xeyrinə tutulması və həmin borcun Konbi İTALTHERM 28 kw və aksesuarlarına yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 18 dekabr 2018-ci il tarixli, 05001 saylı kredit müqaviləsinə əsasən, 18 ay müddətli. 2100 manat məbləğində aylıq 3 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi ilə yanaşı, Cavabdeh2 ilə 18 dekabr 2018- ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi, o cümlədən 21.10.2020-ci il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. Hazırda cavabdehlərin, 1342.94 manat əsas, 500.91 manat faiz, 154.65 manat cərimə, cəmi 1998.50 manat borcu vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4-cü maddəsinə görə, bu müqavilə üzrə “kredit verən” tərfindən kreditin və faizlərin ödənilinəsi "kredit alan" tərəfindən 15 gündən artıq müddətə gecikdirildikdə (4.4.1) borcun dərhal qaytarılması tələb edilə bilər. Zaminlik müqaviləsinin 2.4.3-cü maddəsində qeyd olunur ki, "borclu"nun öhdəliyini icra etməməsi nəticəsində "kreditor"a dəyən ziyanın əvəzinin ödənilməsi də daxil olmaqla, "kreditor" qarşısıda "borclu" ilə eyni məsuliyyəti daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilir. Cavabdehlərin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduqları yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, Cavabdeh1 18 dekabr 2018-ci il tarixli, 05001 saylı kredit müqaviləsinə əsasən, 18 ay müddətli, 2100 manat məbləğində aylıq 3 faiz olmaqla kredit verilmişdir. Digər Cavabdeh2 ilə 18 dekabr 2018- ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır müqaviləsi bağlanmış və zaminlik müqavilərinin şərtlərinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 18 dekabr 2018-ci il tarixli, 05001 nömrəli “Girov müqaviləsi” nə əsasən 18 dekabr 2018-ci il tarixli, 05001 nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış edən Cavabdeh1 tərəfindən Konbi İTALTHERM 28 kw və aksesuarlar girov qoyulmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı “xxxx“MMC-yə 1342.94 ABŞ dolları əsas borc, 500.91 ABŞ dolları faiz borcu və 154.65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1998.50 ABŞ dolları məbləğində kredit borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit borcunu ödəmələri üçün bank tərəfindən lazımi qaydada xəbərdar edilmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 154.65 ABŞ dolları məbləğində cərimə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, cərimə tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 10 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1342.94 manat əsas borc, 500.91 manat faiz borcu və 10 manat dolları cərimə borcu olmaqla, cəmi 1853.85 manat kredit borcu və 30 manat dövlət rüsümu iddiaçı “xxxx“ MMC-nin xeyrinə tutulmalı, tutma bank qarşısında girov qoyulmuş Cavabdeh1 məxsus Konbi İTALTHERM 28 kw və aksesuarlara yönəldilməli, həmin əşyalar açıq hərracda satılmalı və satışdan əldə olunmuş pul vəsaiti hesabına 1342.94 manat əsas borc, 500.91 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 1853.85 manat kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx“ MMC-nin xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1342.94 manat əsas borc, 500.91 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 1853.85 manat kredit borcu və 30 manat dövlət rüsümu iddiaçı “xxxx“ MMC-nin xeyrinə tutulsun. Tutma bank qarşısında girov qoyulmuş Cavabdeh1 məxsus Konbi İTALTHERM 28 kw və aksesuarlara yönəldilsin, həmin əşyalar açıq hərracda satılsın. Satışdan əldə olunmuş pul vəsaiti hesabına 1342.94 manat əsas borc, 500.91 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 1853.85 manat kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx“ MMCnin xeyrinə ödənilsin İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-4012/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4012/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver