Məhkəmə qərarları › İş №2(060)-402/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-402/2023

13.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-402/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 fevral 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 55 (əlli beş) AZN dövlət rüsumu, satdığı malların ümumi dəyəri olan 3500 (üç min beş yüz) AZN ödəniş etməsi və ya ödənişi edilməmiş 2 (iki) ədəd 750 əyar İtalyan markalı qızıl boyunbağı, 1 (bir) ədəd 750 əyar İtalyan markalı klon, 2 (iki) ədəd 585 əyar Türk markalı klon və 1 (bir) ədəd 585 əyar Türk markalı qızıl komplektin alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, artıq 20 ildir fərdi sahibkar olaraq fəaliyyət göstərir və qızıl satışı ilə məşğul olur. 09 iyun 2022-ci il tarixində Cavabdeh 2 (iki) ədəd 750 əyar İtalyan markalı qızıl boyunbağı, 1 (bir) ədəd 750 əyar İtalyan markalı qızıl klon, 2 (iki) ədəd 585 əyar Türk markalı qızıl klon satmışdır. Qeyd etdiyi malların ümumi dəyəri 3180 (üç min yüz səksən) AZN-dir. Qeyd etmək istərdi ki, cavabdehlə aralarında öncələrdə alqı-satqı prosesi olmuşdur. Bunların birində cavabdehə 1 (bir) ədəd 585 əyar Türk markalı qızıl komplekt satmışdır. Bu satış üçün cavabdeh ona 665 (altı yüz altmış beş) AZN məbləğdə ödəniş etməli idi. Lakin cavabdeh qeyd edilən məbləğdən 345 (üç yüz qırx beş) AZN ödəniş etmiş, 320 (üç yüz iyirmi) AZN borclu qalmışdır. Hazırda cavabdeh ona cəmi 3500 (üç min beş yüz) AZN məbləğdə pul borcludur. Cavabdehlə dəfələrlə əlaqə saxlamışdır. O, ödənişi 1 (bir) həftə sonra edəcəyinə dair vəd vermiş, lakin bugünə qədər hər hansı bir ödəniş etməmişdir. Cavabdehə satılmış, ona məxsus olan və ödənişi edilməyən malların qaytarılmasını və ya malların dəyəri olan pulun ödənilməsini tələb etmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh (Alıcı) ilə onun (Satıcı) arasında 9 iyun 2022-ci il tarixində şifahi olaraq alqı-satqı əqdi bağlanmışdır. Bu əqdə əsasən cavabdehə ümumi dəyəri 3180 (üç min yüz səksən) AZN olan 2 (iki) ədəd 750 əyar İtalyan markalı qızıl boyunbağı, 1 (bir) ədəd 750 əyar İtalyan markalı klon və 2 (iki) ədəd 585 əyar Türk markalı klon satmışdır. Bundan öncə bağlanılan alqı-satqı əqdindən (1 (bir) ədəd 585 əyar Türk markalı qızıl komplekt) isə cavabdehin 320 (üç yüz iyirmi) AZN borcu qalmışdır. Lakin cavabdeh bugünə qədər hər hansı bir ödəniş etməmiş, öhdəliyini icra etməmiş, eləcə də öhdəliyin icrasını gecikdirməyə davam etmişdir. Cavabdehlə onun arasındakı danışıqlar və yazışmalar zamanı cavabdeh borclu olduğunu bəyan etmişdir. Bu yazışmaları maddi sübut olaraq məhkəməyə təqdim edə bilər. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh ilk dəfə qızıl alanda onun pulunu qaytarmışdır. Sonuncu dəfə ondan 3500 manatlıq qızıl götürmüş və pulunu qaytarmamışdır. Bununla əlaqədar 24-cü Polis Bölməsinə ərizə ilə müraciət etmiş və onun ərizəsi əsasında cavabdehin izahatı alınmışdır. Cavabdeh bölmədə verdiyi izahatda ona borclu olduğunu etiraf etmiş, hazırda işləmədiyini, lakin hər ay 200 manat olmaqla borcunu ödəyəcəyini bildirmişdir. Lakin o, verdiyi heç bir sözə əməl etməmişdir. Əlavə olaraq onu da bildirir ki, cavabdehə satdığı qızılların şəkli onda yoxdur, bu məsələ ilə bağlı onların arasında telefon yazışmaları da olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SS799956252AZ saylı poçt göndərişinin verilməsi haqqında xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı ərizəsində göstərilən xüsusatlar mülki xarakterli olduğundan mülki icraat qaydasında məhkəməyə müraciət olunması ona tövsiyyə olunmuşdur. İşdə olan Cavabdeh Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsində verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, 2022-ci ilin iyul ayının axırlarında Laçın ticarət Mərkəzinə gələrək Lalədən ümumi əyəri 2800 manat təşkil edən bir ədəd komplekt dəst aldığını, həmin komplektin pulunu 1 ay ərzində ödəməli olduğunu, lakin müəyyən problemlərlə üzləşdiyi üçün vədinə əməl edə bilmədiyini və bu günə kimi Laləyə komplektin pulunu ödəmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan ümumi dəyəri 2800 manat olan qızıl-zinət əşyaları almış, lakin onların dəyərini iddiaçıya ödəməmişdir. Bu halı cavabdeh Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsində verdiyi ərizəsində etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ərizəsində cavabdehin ondan aldığı qızıllara görə ona 3500 manat məbləğində borcu olduğunu bildirsə də, cavabdeh Polis Bölməsində verdiyi izahatında iddiaçıdan 2800 manat dəyərində qızıl-zinət əşyaları aldığını və həmin məbləğdə borcu olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə 3500 manat dəyərində qızıl-zinət əşyası verməsi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, o, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut (qızılların şəkli, dəyəri və s.) təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2 ədəd 750 əyar İtalyan markalı qızıl boyunbağı, 1 ədəd 750 əyar İtalyan markalı klon, 2 ədəd 585 əyar Türk markalı klon və 1 ədəd 585 əyar Türk markalı qızıl komplekt və ya onların dəyəri olan 2800 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 55 manat dövlət rusumunun 44 manatı cavabdehdən tutulmalı, 11 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2 ədəd 750 əyar İtalyan markalı qızıl boyunbağı, 1 ədəd 750 əyar İtalyan markalı klon, 2 ədəd 585 əyar Türk markalı klon və 1 ədəd 585 əyar Türk markalı qızıl komplekt və ya onların dəyəri olan 2800 (iki min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 44 (qırx dörd) manat hissəsi tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar