Məhkəmə qərarları › İş №2(060)-403/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-403/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-403/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 601,51 manat əsas borc, 137,64 manat faiz borcu, 170,99 manat məbləğində cərimə borcu, gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 87,96 manat məbləğində faiz məbləği, ümumilikdə isə 997,10 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/122778/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 6000 manat məbləğində kredit vermişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 601,51 manat məbləğində əsas borc, 137,64 manat məbləğində faiz borcu, 170,99 manat məbləğində cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 87,96 manat məbləğində faiz məbələği, ümumilikdə isə 997,10 manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1970-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. “xxxx” QSC ilə cavabdeh arasında bağlanmış 1xx/xx/122778/15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavbdehə 24 ay müddətinə, illik 24% olmaqla, 6000 manat məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, 1xx/xx/122778/15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka hər ay isə 311,01 manat ödənilməli idi. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə banka olan borcu əsas borc üzrə 601,51 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi tarixə faiz borcu üzrə 137,64 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 170,99 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 87,96 manat cərimə borcu olmaqla cəmi 997,10 manat təşkil edir. Cavabdehə borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə lisenziyası ləğv edilmiş “xxxx” ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/122778/15 saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC-nin Sumqayıt filialından 24 ay müddətinə illik 28% olmaqla 6000 manat məbləğində kredit götürmüş, lakin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş bu səbəbdən banka əsas və faiz borcu qalmışdır. Bu səbəbdən iddia əsas və faiz borcunun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Mülki Məcəllədə həmçinin göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (445.7.). Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi müqavilə müddəti bitdiyi dövrdən sonra da həyata keçirilmədiyi üçün iddiaçı həmin məbləğə illik 5 faiz hesablamaqda haqlı olmuşdur. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 601,51 manat əsas borc məbləğinə 170,99 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 60 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 601,51 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 137,64 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış 87,96 manat borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 60 manat cərimə olmaqla, cəmi 887 (səkkiz yüz səksən yeddi) manat 11 (on bir) qəpik məbləğində pul və ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh tutularaq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar