Məhkəmə qərarları › İş №2(060)-403/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-403/2023

16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-403/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Sevinik qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Sevinik qızının Cavabdeh qarşı aliment miqdarının artırılması və aliment tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sevinik qızı Cavabdeh qarşı aliment miqdarının artırılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2239/2010 saylı 30 iyun 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh tutulan 120 manat məbləğində alimentin miqdarının artırılaraq, birgə nikahlarından olan 11 dekabr 2006-ci il təvəllüdlü X8 və 08 iyun 2009-cu il təvəllüdlü X2, eyni zamanda 14 oktyabr 2012-ci il təvəllüdlü 3-cü övladları X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Telman oğlundan hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sevinik qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15 dekabr 2005-cü il tarixdə cavabdeh X9 ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir: 11 dekabr 2006-ci il təvəllüdlü X6 və 08 iyun 2009-cu il təvəllüdlü X5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2239/2010 saylı 30 iyun 2010-cu il tarixli qətnaməsi ilə aralarında 15 dekabr 2005-ci il tarixdə bağlanmış rəsmi nikahları pozulmuş, birgə nikahdan olan uşaqlarının onun yanında qalması, Cavabdeh 120 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. Bir müddət keçdikdən sonra onlar barışmışdırlar. Lakin nikahlarını rəsmiləşdirməmişlər. O, müvafiq qaydada İcra İdarəsinə müraciət edərək alimentdən imtina etmişdir. 14 oktyabr 2012-ci il tarixdə 3-cü övladları X7 dünyaya gəlmişdi. Bir müddət keçdikdən sonra yenidən münasibətləri pisləşmişdir. Artıq xeyli vaxtdır ki, ayrı yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım etmir. Halbuki cavabdeh fərdi qaydada yükdaşıma ilə məşğul olur, kifayət qədər gəlirləri olur. O, müəllim işləyir, lakin kirayədə yaşayır. Maddi durumu ağırdır, bir tərəfdən kirayə haqqını ödəməkdə digər tərəfdən də uşaqların gündəlik ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Digər tərəfdən də hesab edir ki, bazar qiymətlərin artması, uşağın böyüməsi ilə əlaqədar olaraq onun xərclərinin artması kimi diqqətəlayiq hallar nəzərə alınmaqla alimentin məbləği dəyişdirməklə Cavabdeh tutulan 120 manat məbləğində alimentin miqdarının artırılaraq, birgə nikahlarından olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilməlidir. Həmçinin birgə nikahlarından olan 14 oktyabr 2012-ci il təvəllüdlü 3-cü övladları X1 üçün də eyni qaydada hər ay 200 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, müəllim işləyir və ayda 600 manat əmək haqqı alır. Hazırda kirayədə yaşayır və aylıq 250 manat kirayə haqqı ödəyir. Uşaqları saxlamaq üçün onun maddi gücü kifayət etmir. Cavabdeh isə könüllü olaraq ona heç bir köməklik göstərmir. Uşaqları ilə görüşəndə cavabdeh onlara 5-10 manat pul verir, bundan əlavə uşaqlarının saxlanması üçün ona heç bir yardım göstərmir, uşaqları ilə maraqlanmır. Onu da bildirir ki, cavabdeh uşaqları üçün könüllü olaraq aliment ödəyəcəyini bildirmiş, buna görə o, cavabdehi 8 ay gözləmiş, lakin cavabdeh heç bir addım atmamışdır. Hesab edir ki, əgər cavabdehin maddi imkanı o qədər yüksək deyilsə, uşaqları üçün əlavə işlərə də gedə bilər. Qeyd edilənlərə iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Uşaqlarının saxlanması üçün tələb edilən alimenti ödəməyə onun maddi gücü çatmır. O, sürücü işləyir, ayda təxminən 500-600 manat maaş alır. Hava şəraiti ilə əlaqədar bəzi günlər işləmir. O, uşaqların saxlanması üçün ümumilikdə 300 manat aliment ödəyə bilər. İddiaçının özünün də maddi imkanı yaxşıdır. O, 1000 manat maaş alır. Hesab edir ki, həmin pulla, həmçinin onun ödəyəcəyi 300 manat alimentlə uşaqları saxlamaq mümkündür. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. Tərəflərin birgə nikahından 11 dekabr 2006-ci il təvəllüdlü X6, 08 iyun 2009-cu il təvəllüdlü X5 və 14 oktyabr 2012-ci il təvəllüdlü X7 anadan olmuşdur (iş materiallarında olan İİ İK 749231 saylı, AZ İİ 289568 saylı və AZ İİ 980556 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərinə əsasən). İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2239/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiasının təmin edilməsi, 1984-cü ildə anadan olmuş İddiaçı ilə 1973-cü ildə anadan olmuş Cavabdeh arasında 15 dekabr 2005-ci ildə Sumqayıt şəhər VVADQ şöbəsində 854 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X4 anası İddiaçı himayəsində və tərbiyəsində saxlanılması, xx xxxxxx 1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 4-cü mkr, ev 29/4, mənzil 40-da yaşayan Cavabdeh xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 120 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Sevinik qızı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 303 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı Sevinik qızı tərəfindən ödənilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü və uşaqların sayını nəzərə alaraq hesab edir ki, 14 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Telman oğlundan sabit pul məbləğində aliment tutulmalı, bu məbləğ hər ay 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin alimentin artırılması hissəsi ilə bağlı aşağdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2239/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 11 dekabr 2006-ci il təvəllüdlü X6, 08 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2239/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 150 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 14 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyən edilmiş alimentin tutulması xx.xx.2022-ci il tarixdən, 11 dekabr 2006-ci il təvəllüdlü X6, 08 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin artırılmış məbləğinin tutulmasının əvvəli isə qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən 14 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat olmaqla aliment tutulmasını xahiş etmişdir. Bu hissədə iddianın qiyməti ən çoxu 2400 manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 44 manat dövlət rüsumu ödənilməli idi. İddiaçı cavabdehdən 11 dekabr 2006-ci il təvəllüdlü X6, 08 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2239/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq 120 manatdan 400 manata dəyişdirilməsini xahiş etmişdir. Bu hissədə isə iddianın qiyməti ən çoxu 3360 ((400-120) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 53,60 manat dövlət rüsumu ödənilməli idi. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə hər iki tələbi ilə müraciət etməsi üçün ümumilikdə 97,60 (44+53,60) manat dövlət rüsumu ödəməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı - 25 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh hazırki iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun mediasiya xərci ilə əhatə olunmayan hissəsi – 47,60 (97,60-50) manat dövlət rüsumu da tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq 14 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Telman oğlundan hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2239/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh Telman oğlundan 11 dekabr 2006-cı il təvəllüdlü X6, 08 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh Telman oğlundan 47,60 (qırx yeddi manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh Telman oğlundan 25 (iyirmi beş) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar