Məhkəmə qərarları › İş №2(060)-4031/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4031/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4031/2024 23.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3121/2019 saylı 13 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutulub xx.xx.2016 cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıya verilməsi, mediasiya üçün ödənilmiş 60 manat rüsumun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikaha daxil olmaqla ailə qurmuşdur. Onların xx.xx.2016-cı il təvəllüdlü X6 adlı bir övladı vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, onun iddiaçının yanında qalması və onun saxlanması üçün hər ay 136,60 manat sabit pul məbləğində aliment və hər ay 50 manat maddi yardımın tutulub iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3121/2019 saylı 13 mart 2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılmış və uşağın saxlanması üçün 160 manat alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Qeyd edir ki, iddiaçı hazırda 160 manat aliment alır. Həmin məbləğdə aliment ilə də uşağını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2024-cü il Respublikada uşaqlar üçün yaşayış minimumunun 235 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edirəm ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3121/2019 saylı 13 mart 2019 cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, bildirdi ki, FHN-də işləyir, aylıq əmək haqqı 537 manat təşkil edir. Yenidən ailə qurmuşdur ki, bu evlilik dövründə onun 2 övladı doğulmuşdur. Qeyd edilən halların nəzərə alınmasını, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-3121/2019 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)14152/2017 saylı, 13 noyabr 2017-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh iddiaçı X2 xeyrinə, 17 yanvar 2016-cı ii təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat məbləğində aliment tutulması qət edilmişdir. MŞS/MT030/2024-00751 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmişdir, lakin prosesin davam etdirilməsi barədə qarşılıqlı razılığa gəlməmişlər. İlkin medisiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci İddiaçı ödəmişdir. AZ-İ №270146 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikah pozulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-14152/2017 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X5 arasında olan xx.xx.2015-ci ildə bağlanmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X3 anası X2 yanında qalması. Cavabdeh hər ay 136.60 manat aliment xx.xx.2017-ci il tarixçən başlayaraq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulması və Cavabdeh hər ay 50 manat miqdarında maddi yardım xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək tutulub X4 verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-3121/2019 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)14152/2017 saylı, 13 noyabr 2017-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artıtılmış və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh iddiaçı X2 xeyrinə, 17 yanvar 2016-cı ii təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı uşağın böyüdükcə artmaqda olan tələbatlarını qarşılamaqda çətinlik çəkir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-3121/2019 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2016-cı il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onun böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 3121/2019 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-3121/2019 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi 60 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar