Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4047/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı Kamal oğlunun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X1, Cavabdehin vəkili X2, Üçüncü şəxs: Abbasov İlham Qulam oğlunun iştirakı ilə, İddiaçı Kamal oğlunun cavabdeh "xxxx" MTK-ya və üçüncü şəxs Abbasov İlham Qulam oğluna qarşı “müqavilənin və onun nəticələrinin etibarsız hesab edilməsi və mənzilin istifadəyə verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Kamal oğlu cavabdeh "xxxx" MTK-ya və üçüncü şəxs Abbasov İlham Qulam oğluna qarşı “müqavilənin və onun nəticələrinin etibarsız hesab edilməsi və mənzilin istifadəyə verilməsi" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Abbasov İlham Qulam oğlu arasında Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1-bloklu 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3- cü mərtəbəsində yerləşən, ümumi 92 kv.m. olan, izolə olunmuş 2 otaqlı 17 saylı mənzilə dair bağlanılan 11 yanvar 2007-ci il tarixli, 03/17 №-li müqavilə və onun əsasında olan bütün hüquqi nəticələrin etibarsız hesab edilərək ləğv edilməsinə, həmin mənzilin maneəsiz olaraq istifadəyə verilməsi vəzifəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı onunla əsaslandırdı ki, iddiaçı 25 iyul 2006-cı il tarixli, 03/17 №-li müqaviləyə əsasən Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1-bloklu 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi 92 kv.m. olan, izolə olunmuş 2 otaqlı 17 saylı mənzili cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 25.760 (iyirmi beş min yeddi yüz altmış) ABŞ dollarına əldə etmişdir. Həmin məbləği o tam və nəğd şəkildə cavabdehə ödəmiş və bununla bağlı cavabdeh tərəfindən 25 iyul 2006-cı il tarixli 03/17 №-li kassa mədaxil orderinin qəbzi ona təqdim edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, cəmiyyətin rəhbərliyi dəyişmiş, nəticədə aldığı mənzil ona təhvil verilməmişdir. Bir neçə dəfə cəmiyyətin rəhbərliyinə müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Beləliklə, aldığı mənzilin payını tam ödəməklə, o müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirmiş və həmin mənzilə tam mülkiyyət hüququ əldə etmişdir. Lakin, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bundan başqa məlum olmuşdur ki, həmin mənzilə dair onun adına alqı- satqı müqaviləsi ola-ola, cavabdeh aldığı mənzili 11 yanvar 2007-ci il tarixli,03/17 №-li müqavilə 3-cü şəxsə satmışdır. Bununla cavabdeh aralarında bağlanılan müqavilənin şərtlərini pozmuş və üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı Kamal oğlu iddia tələbini müdafiə edərək göstərmişdir ki, 25 iyul 2006-cı il tarixli, 03/17 №-li müqaviləyə əsasən Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1-bloklu 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi 92 kv.m. olan, izolə olunmuş 2 otaqlı 17 saylı mənzili cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Mənzilin pulunu nəğd ödəmiş və qəbzini almışdır. O, mənzili aldığı zaman binanın 5-6 mərtəbəsi tikilmişdir. O, həm Azərbaycan həm İsrail vətəndaşı olduğu üçün və ailə vəziyyəti ilə əlaqədar olaraq xarici ölkələrdə olmuş, bu səbəbdən Sumqayıt şəhərində sözü gedən mənzili aldığını unutmuşdur. Oğlu böyüdüyü zaman ona ev lazım olduğundan 2020-ci ilin yayında Sumqayıt şəhərində ev aldığı yadına düşmüş, bu məqsədlə evi almaq üçün "xxxx" MMC-yə müraciət etmişdir. Bu zaman ona məxsus olan mənzilin başqasına satıldığı məlum olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MTK-nın qanuni təmsilçisi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, 2015-ci ildən "xxxx" MMC-nin direktorudur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Abbasov İlham Qulam oğlu arasında bağlanan 11 yanvar 2007ci il tarixli, 03/17 №-li müqaviləyə əsasən Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1-bloklu 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3- cü mərtəbəsində yerləşən, ümumi 92 kv.m. olan, izolə olunmuş 2 otaqlı 17 saylı mənzili Abbasov İlham Qulam oğluna satılmışdır. İddiaçı Kamal oğlunun iddiasında qeyd edilən müqavilədən onun heç bir xəbəri yoxdur və həmin müqavilə barədə "xxxx" MMC-nin arxivində heç bir sənəd yoxdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MTK-nın vəkili X4 məhkəmə iclasında iddia tələbini əsassız hesab edərək göstərdi ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısından görünür ki, iddiaçı məhkəməyə müqavilənin və qəbzin surətini təqdim etmişdir. Bu məqamın özü ehtimal yaradır ki, iddiaçı məhkəməyə saxta sübut təqdim etmişdir. Bundan əlavə qeyd edilir ki, iddiaçının məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli kassa mədaxil qəbzinin və tərəflərindən məhkəməyə təqdim edilmiş (mənzilin Abbasov İlham Qulam oğluna satılmasına dair) 2007-ci il tarixli kassa mədaxil qəbzinin tərtibatında fərqlər vardır. Belə ki, 2006-cı ildəki mədaxil orderində öncə baş mühasib qrafası, daha sonra sədr qrafası vardır. 2007-ci ildəkində isə öncə direktor (əvvəlki qəbzdə isə direktor əvəzinə sədr qeyd edilib) sonra baş mühasib qeyd edilmişdir. Qəbzlərdəki yazı üslubundan görünür ki, tamamilə başqa şəxslər tərəfindən tərtib edilmişdir. Hər iki qəbzdə və müqavilələrdə mənzilin qiymətləri fərqlidir. Məhkəmənin nəzərinə çatdırılır ki, qeyd edilən ünvanda yerləşən çoxmənzilli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilərək bina sakinlərinə təhvil verilmişdir. İddiaçı Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilmiş 1 bloklu, 15 mərtəbəli, yaşayış evinin “A” korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 92 kv.m olan 17 saylı mənzilin ona satılmış olmasını israr etsə də, ötən 15 il ərzində bir dəfə də olsun həmin mənzilə gəlməmiş və mənzili və ya onun dəyəri ilə bağlı cəmiyyətə qarşı bir dəfə də olsun heç bir tələb irəli sürməmişdir (tələbinə dair hər hansı yazılı sübut yoxdur). Ötən bu müddət ərzində iddiaçı əgər həqiqətən də mənzilin sahibi idisə mütləq mənzilə gələrək baş çəkməli idi və əgər gəlmiş olsa idi həmin mənzilin başqaları tərəfindən təmir olunaraq yaşayış sahəsi kimi istifadə edilməsinin şahidi ola bilərdi. Lakin qeyd edildiyi kimi iddiaçı bir dəfə də olsun nə mənzilə gəlməmiş, nə də tikinti şirkətinə etirazını bildirməmişdir. Hətta tikinti şirkətinin təşkilati-hüquqi formasının MMCdən MTK-ya dəyişməsindən də məlumatı yoxdur. Mübahisəli mənzil iddiaçının istinad etdiyi müqavilənin bağlanmasından 6 ay sonra, yəni 11 yanvar 2007-ci ildə, 03/17 saylı müqavilə əsasında Abbasov İlham Qulam oğluna satılmışdır. Bina təhvil verildikdən sonra mənzilin əsl sahibi Abbasov İlham Qulam oğlu mənzili təmir etmiş və hazıradək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Həmin tarixdən, yəni mənzil Abbasov İlham Qulam oğluna satıldıqdan uzun zaman keçsə də iddiaçı bir dəfə də olsun mənzilə baş çəkməmişdir. Bununla yanaşı cavabdehin vəkili tərəfindən iddia müddəti ötdüyü üçün müddətin tətbiqinə dair məhkəməyə eyni məzmunlu ərizə təqdim etmişdir. Ərizədə göstərilir ki, "xxxx" MTK qaldırılmış iddianı qəbul etmir. Binanın inşası başa çatdırıldığı vaxtdan etibarən hər bir sakin öz mənzilini təhvil alaraq təmir işləri aparmışdır. Ümumiyyətlə iddia tələbi qeyri- müəyyəndir, tələbi əsaslandıran hallar mövcud deyil, nə hüquqi nə də faktiki əsas vardır. Bununla yanaşı, bildirilir ki, iddia tələbi üzrə müddət keçmişdir. Bütün qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mülki iş üzrə üçüncü şəxs Abbasov İlham Qulam oğlu bildirdi ki, Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1-bloklu 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi 92 kv.m. olan, izolə olunmuş 2 otaqlı 17 saylı mənzili 11 yanvar 2007-ci il tarixli 03/17 №-li müqavilə əsasında "xxxx" MMC-dən pulunu ödəyərək almışdır. Bina təhvil verildikdən dərhal sonra mənzili təmir edərək ailəsi ilə birlikdə oraya köçmüş və hal-hazırda ailəsi ilə orada yaşayır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, sözü gedən mənzili Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla özəlləşdirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan 25 iyul 2006-cı il tarixli, 03/17 №-li müqavilədən görünür ki, Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1-bloklu 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3- cü mərtəbəsində yerləşən, ümumi 92 kv.m. olan, izolə olunmuş 2 otaqlı 17 saylı mənzilə dair İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və həmin müqavilə əsasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 25760 ABŞ dolları ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 03/07 nömrəli, 25.07.2006-cı il tarixli kassa mədaxil oredirinin qəbzindən görünür ki, İddiaçı Kamal oğlu "xxxx" MMC-yə 25760 ABŞ dolları məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş 11 yanvar 2007-ci il tarixli, 03/17 №-li müqavilədən görünür ki, üçüncü şəxs Abbasov İlham Qulam oğlu Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1-bloklu 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3cü mərtəbəsində yerləşən, ümumi 92 kv.m. olan, izolə olunmuş 2 otaqlı 17 saylı mənzili 25000 ABŞ dolları ödəməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş 03/07 nömrəli, 11.01.2007-ci il tarixli kassa mədaxil oredirinin qəbzindən görünür ki, Abbasov İlham Qulam oğlu "xxxx" MMC-yə 25000 ABŞ dolları məbləğində ödəniş etmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 03/684 nömrəli, 06.07.2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" MTK-ya məxsus Sumqayıt şəhər, Bakı küç, 40-cı məhəllə ünvanında yerləşən 1 girişli 21 A binası yeni qaydalarla; bina-191, 1 girişli 21B binası yeni qaydalarla: bina 201 sayları ilə Dşınmaz Əmlakın Dövlət Reyestrinə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil Abbasov İlham Qulam oğlunun xüsusi mülkiyyətinə verilmişdir. İşin araşdırılan halları və iş materiallarına əsasən müəyyən edilmişdir ki, 11 yanvar 2007ci il tarixli, 03/17 №-li müqavilə əsasında Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında inşa edilən 1-bloklu 15 mərtəbəli 98 mənzilli yaşayış evinin «A» korpusunun 3-cü mərtəbəsində yerləşən, ümumi 92 kv.m. olan, izolə olunmuş 2 otaqlı 17 saylı mənzil "xxxx" MMC tərəfindən üçüncü şəxs Abbasov İlham Qulam oğluna satılmış və mənzil 01.04.2015-ci ildə tarixdə xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsində göstərilir ki, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan normadan göründüyü kimi, kreditorun fərdi-müəyyən əşyanı (hazırki halda mənzilləri) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni, fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir. Həmin normanın dispozisiya şərtlərinə görə, mübahisəni həll edən məhkəmə ilk növbədə fərdi-müəyyən əşya olan mənzilin kimin mülkiyyətinə verilməsi məsələsini müəyyən etməli, yalnız bundan sonra mənzillə bağlı daha əvvəl tərəflərdən hansı ilə müqavilə bağlanmasını nəzərə almalıdır. Bu halları müəyyən etmək mümkün olmadıqda isə üstünlük daha əvvəl iddia irəli sürənə verilməlidir. Məhkəmənin müəyyən etdiyi hallardan aydın olur ki, Mülki Məcəllənin 452.1-ci maddəsində göstərilən şərtlərdən birincisi üçüncü şəxs Abbasov İlham Qulam oğluna münasibətdə müəyyən edilmişdir, yəni mənzil onun mülkiyyətinə verilmişdir. Belə olan halda Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə mübahisəli mənzilə dair digər şəxslərin tələbləri əsaslı ola bilməz. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı Kamal oğlunun cavabdeh "xxxx" MTK-ya və üçüncü şəxs Abbasov İlham Qulam oğluna qarşı “müqavilənin və onun nəticələrinin etibarsız hesab edilməsi və mənzilin istifadəyə verilməsi" tələbinə dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Kamal oğlunun cavabdeh "xxxx" MTK-ya və üçüncü şəxs Abbasov İlham Qulam oğluna qarşı “müqavilənin və onun nəticələrinin etibarsız hesab edilməsi və mənzilin istifadəyə verilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-4047/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4047/2021
06.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver