Məhkəmə qərarları › İş №2(060)-4060/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4060/2022

30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4060/2022 30.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən borc aldığı 5200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının tanışıdır. 2016-ci ildə cavabdehə 5200 manat borca pul vermişdir. O, pulu nəğd əlyazma üsulu ilə özünə vermiş, digər bir qismini poçt vasitəsi ilə ona göndərmişdir. Cavabdehlə aralarında olan razılaşmaya görə cavabdeh həmin borcu 2017-ci ildə tam qaytarmalı idi. Eyni zamanda borcu verdiyi vaxtdan sonra cavabdeh sözünə əməl etməyib pulu qaytarmağı yubatmışdır. Hər dəfə cavabdeh yaxın günlərdə borcunu qaytaracağını vəd etsə də, müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu qaytarmaqdan yayınır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-1452/2021 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, o qanuni şəkildə lombard fəaliyyəti ilə məşğul olur. Cavabdeh onun bir tanışının dostudur. O, pulu cavabdehə faizlə vermişdir. Pulun bir qismini poçt vasitəsi ilə göndərmiş, digər qismini isə əlbəəl vermişdir. Cavabdeh 2000 manat pulun alınması barədə qəbz imzalayıb. Pulun 1200 manatını cavabdehə vermək üçün X1 alıb. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçıdan cəmi 1000 manat borc pul almışdır. O, hərbçidir və əmək haqqı kartını iddiaçıya verib ki, iddiaçı həmin pulu hər ay hissə-hissə kartdan çıxarsın və qalan məbləği ona göndərsin. İddiaçının təqdim etdiyi poçt qaimələrində göndərilən məbləğlər də ola bilsin həmin məbləğlərdir. O, iddiaçıya 1000 manat borcu olması barədə iltizam yazaraq imzalayıb. İşdə olan iltizamdakı xətt və imza onun xəttinə bənzəyir. Lakin, bu onun yazdığı iltizam deyil. Belə ki, o yazdığı iltizamda borc məbləğini 2000 manat deyil, 1000 manat göstərib. Aldığı 1000 manat pulu da iddiaçıya qaytarıb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1980-ci ildə, ünvan 1ində anadan olmuş, Goranboy rayonu, Nadirkənd kəndi ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1992-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş alınma haqqında xx.xx.2016-cı il tarixli bildirişə əsasən iddiaçı tərəfindən cavabdehə 955 manat məbləğində vəsait ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli nağd pulun mədaxili üçün elanlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 186 manat və 963 manat məbləğlərində vəsait bank vasitəsilə göndəilmişdir. İş materiallarına cavabdehin adından yazılmış əlyazmanın surəti əlavə olunmuşdur. Həmin əlyazmada göstərilmişdir ki, “Mən Babayev X3 aif Əli oğlundan 2000 (iki min manat) pul götürdüm. xx.xx.2016-cı il tarixdə ümumi məbləği, yəni 2000 manatı ( iki min manatı) xx.xx.2017-ci il tarixdə qaytaracm. Pulun əvəzində notariusda təsdiq olunmuş şəxsi vəsiqəni, bir də öz adıma olan maaş kartımı girov qoydum. Sözləri özüm yazdım, öz imzamla təsdiq edirəm”. Əlyazma cavabdehin adından imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır. İddiaçı ondan 1200 manat pul almışdır. O, həmin pulu cavabdehə verəcəyini deyib. İddiaçı ilə birlikdə pulun cavabdehə verilməsində iştirak edib. Onun bildiyinə görə iddiaçı həmin vaxt cavabdehə 2200 manat pul verib. Qalan məbləği isə Gəncə şəhərində Elmira adlı qadından alıblar. İddiaçının cavabdehə 2200 manat məbləğində pul verdiyini şəxsən özü görüb. İşdən göründüyü kimi iddiaçı cavabdehdən 5200 manat pul tələb edir. Cavabdeh iddiaçıdan 2000 manat deyil, 1000 manat borc pul aldığını həmin məbləği isə cavabdehə qaytardığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (106.3.). Cavabdeh iddiaçıdan 1000 manat pulu borc aldığını etiraf etdiyi üçün həmin pulun iddiaçıya qaytarıldığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materiallarında olan cavabdehin adından imzalanmış yazılı iltizama gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh 28 iyul 2022-ci il tarixli məhkəmə iclasında həmin qəbzin onun tərəfindən yazıldığını və imzalandığını bildirmişdir. Sonuncu məhkəmə iclasında isə qəbzdəki xəttin onun xəttinə bənzədiyini, lakin onun qəbzi yazıb imzalamadığını, onun yazıb imzaladığı qəbzdə 1000 manat borcunun olmasını qeyd etdiyini bildirmişdir. Məhkəmə cavabdehin izahatlarında olan ziddiyyətli məqamları onun ziyanına şərh edərək hesab edir ki, cavabdehin həmin izahatları öhdəlikdən yayınmaq məqsədi daşıyır. Mülki Məcəlləyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya həmin borcun qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı cavabdehə 2000 manat pul verməsi, lakin cavabdehin öz öhdəliklərini yerinə yetirməyərək, həmin pulu iddiaçıya qaytarmaması iş materialları ilə sübuta yetirilir. İddiaçı cavabdehə 5200 manat pul verdiyini bildirsə də, qalan məbləğin cavabdehə verilməsi iş materialları ilə sübuta yetirilmir. İşdə olan pul göndərilməsi barədə qaimələrə gəldikdə isə qeyd edilməlidir ki, həmin məbləğlərin iddiaçı tərəfindən cavabdehə hansı məqsədlə göndərilməsi iş materialları ilə sübuta yetirilmir. İş üzrə ifadə vermiş şahid öz ifadəsində iddiaçının cavabdehə 2200 manat pul verdiyini bildirsə də, həmin ifadə iş materiallarında olan digər sübutlarla dəstəklənmədiyi üçün məhkəmə həmin ifadəyə tənqidi yanaşır. Buna görə də iddia təmin edilməli, 2000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun 10 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2000 (iki min) manat pul və 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar