Məhkəmə qərarları › İş №2(060)-4065/2025

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-4065/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4065/2025 18.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2100 manat borcun və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıdan borca 2024-cü ildə pul istəmişdir.İddiaçı cavabdehə borca 3500 manat məbləğində pul vermişdir.Lakin ona bildrimişdir ki, yazılı qəbz bağlasınlar.Cavabdeh 3500 manat məbləğində pulun hər ay 200 manat ödənilməsi barədə öhdəlik götürmüşdür.Bir müddət ödənişi etdikdən sonra cavabdeh borcunu qaytarmamışdır.Hal-hazırda cavabdehin iddiaçıya 2800 manat məbləğində borcu qalmışdır.Dəfələrlə cavabdeh pulunun geri qaytarılmasını tələb etsə də, müxtəlif bəhanələrlə imtina etmişdir.Elə bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək, Cavabdeh 2100 manat məbləğində pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, ərizənin əsaslandırma hissəsində texniki səhv olaraq məbləği 2800 manat kimi qeyd etmişdir. Həmin hissədə dəqiqləşmə verərək qeyd edir ki, hazırda cavabdehin ona 2100 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini bildirərək, mülki işə qiyabi icraat qaydasında baxılmasına dair ərizə verərək, onun təmin edilməsini xahiş etdi. Qarşı tərəf gəlmir, telefonuna zəng çatmır.Onu bloka atmışdır. Başqa nömrələrdən zəng gedir. 2100 manat tələb edir. 3500 manat vermişdir. Tanış vasitəsilə hissə-hissə ödəmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə, dəfələrlə SMS qaydasında məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə 3500 manat borc pulu almış və ondan 400 manatı qaytarmışdır.Bundan sonra hər ay minimal 200 manat qaytarmağı söz vermişdir. Hər ayın 2-si ödəniş gününün olduğunu bildirmişdir. -xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin hesabına 40 manat ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə 3500 manat borc pul vermiş, cavabdeh isə həmin pulu da hər ay minimal 200 manatı qaytarmağa dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, cavabdeh üzərinə götürdüyü vəzifələrə dair öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında yazılı iltizam əsasında cavabdeh iddiaçıya ondan aldığı pulu qaytarması barədə üzərinə öhdəlik götürmüşdür. Lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Odur ki, iddia tələbi əsaslıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təminedilməli, cavabdehdən ödənilmiş 40 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 2100 manat borc və ödənilmiş 40 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2100 manat borc və ödənilmiş 40 manat dövlət rüsumu tutularaq İddiaçı qızına ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar