Məhkəmə qərarları › İş №2(060)-4068/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-4068/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4068/2021 25.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş ziyana görə 828 manat 90 qəpik və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 25.11.2020-ci il tarixdə saat 17:40 radələrində Sumqayıt şəhər H.Əliyev küçəsində Cavabdeh idarə etdiyi "KİA SPORTAGE" markalı **-RS-*** dövlət nömrəli avtomaşınla yol hərəkəti qaydasını pozaraq ona məxsus “Toyota” markalı **-SZ-*** dövlət nömrə nişanlı avtomaşını ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomaşınına zərər dəymişdir. Cavabdeh avtomaşına dəymiş zərəri ödəyəcəyini bildirmişdir. Lakin, sonra o, cavabdehin zərəri ödəməkdən yayındığını görüb Polis İdarəsinə müraciət etdmiş və cavabdehin barəsində Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər DYPŞ-i tərəfindən X1 Haqqında 21.01.2021-ci il tarixli TP ******* saylı qərar tərtib olunmuş, Azərbaycan Respublikası İXM-nin 327.6-cı, 327.1-ci maddələrinə əsasən Cavabdeh cərimə olunmuşdur. Hadisə nəticəsində avtomaşınına 828 manat 90 qəpik məbləğində ziyan dəymişdir. Cavabdeh könüllü olaraq dəymiş ziyanı ödəməkdən imtina edir. Ona görə də, məcbur olub məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaran iddianın təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayıt Şəhər Məhkəməsinin 25 may 2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt şəhər DYPŞ tərəfindən tərtbi edilmiş “X1 haqqında” 21 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh "KİA SPORTAGE" markalı **-RS-*** dövlət qeydiyyat nömrəli avtomaşını idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. AD seriyalı № 820638 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyota markalı **-SZ-*** dövlət nömrə nişanlı avtomaşın 11.06.2020-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. “X2” MMC tərəfindən tərtib edilmiş 13 fevral 2021-ci il tarixli SQ12270 saylı qiymətləndirmə barədə məlumatdan görünür ki, “Toyota” markalı **-SZ-*** dövlət nömrə nişanlı avtomaşınına dəymiş ziyanın ümumi məbləği 828,90 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhəri Polis İdarəsinin vətəndaş İddiaçı ünvanlanmış 22 yanvar 2021-ci il tarixli № ***-*******21 saylı məktubundan görünür ki, ona məxsus nəqliyyat vasitəsilə toqquşan "KİA SPORTAGE" markalı **-RS-*** dövlət qeydiyyat nömrəli avtomaşının sürücüsü Cavabdeh AR İXM-nin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. İddiaçı şikayəti əsasında Sumqayıt şəhər Polis İdarəsi DYPŞ tərəfindən toplanılmış materiallarda olan 081 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh (icarəyə götürən) KİA SPORTAGE" markalı **-RS-*** dövlət qeydiyyat nömrəli avtomaşını “xxxx” MMC”-dən (icarəyə verən) icarəyə götürmüşdür. Beləliklə, işin hallarından göründüyü kimi, Cavabdeh KİA SPORTAGE" markalı **- RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus avtomoşına maddi zərər vurmaqla mülki hüquq pozuntusu törədilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, zərər qarşısıalınmaz qüvvənin təsirindən və ya zərərçəkən şəxsin qəsdi nəticəsində əmələ gəlməmişdir, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdeh nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etməklə vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. Beləliklə, məhkəmə işin şərh olunan hallarına mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, dəymiş zərərin əvəzi olaraq 828,90 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 241, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 828,90 (səkkiz yüz iyirmi səkkiz manat, doxsan qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Sumqayıt Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar