Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4073/2021 02.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında 2017-ci ilin noyabr ayı ərzində "xxxx" sement məhsullarının alqısatqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən, iddiaçı "xxxx" sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırılmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. 31.03.2018-ci il tarixində imzalanmış İddiaçı MMC ilə işləyən “X6”na əsasən müəyyən edilmişdir ki, 30.03.2018-ci il tarixinə cavabdehin iddiaçıya cəmi 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat borcu mövcud olmuşdur. Bundan sonra cavabdeh bu günədək heç bir ödəniş etməyərək müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində pulun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidməti haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 06.04.2021-ci il tarixli iddia ərizəsinin tələb hissəsinin dəyişdirildiyini bildirməklə Cavabdeh 01.11.2017-ci il tarixli müqavilə üzrə 78920 (yetmiş səkkiz min doqquz yüz iyirmi) manat pulun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X2 31.05.2021-ci il tarixində Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin iddia tələbi üzrə iddia müddəti keçdiyindən iddia müddəti keçməsi tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, 01.01.2017-ci il tarixli müqavilə üzrə onun borcu olmamış, olan borcunu mədaxil orderləri ilə İddiaçı MMC-nin əməkdaşlarına, Namiq və Emil adlı şəxslərə kassa mədaxil orderi ilə ödəmişdir. Onun hal-hazırda İddiaçı MMC-yə heç bir borcu qalmamış, hətta borcunu ödədikdən sonra MMC tərəfindən müqavilədən kənar ona sement verilmiş və o, həmin məhsulları sataraq pullarını qaytarmışdır. Qeyd olunanlara əsasən, İddiaçı MMC-yə heç bir borcunun olmamasını nəzərə alaraq, verilmiş iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında qiymətin tez-tez dəyişməsinə görə müqavilənin dəyişmədiyini, lakin, əlavə saziş bağlandığını, əsas müqavilə üzrə tərəflərin arasında ödənişlər barədə razılaşmanın olduğu halda müddətin davam etdiyini, müqavilənin 9-cu bəndində müqavilənin 1 il müddətində qüvvədə qalmasının, şikayət olmadığı təqdirdə yenidən 1 il uzadılmasının qeyd olunduğunu, cavabdehin notariat ofisində də borcunun olmasını etiraf etdiyini, borcu ola-ola yenidən mal göndərildiyini, sementin müqavilə üzrə verilərək, müqaviləyə xitam verilmədiyi və müddətin davam etdiyini bildirdi. Bütün qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil şirkətin əvvəlki direktoru ilə cavabdeh arasında razılaşmanın olduğunu, həmin razılaşmaya əsasən ödənişlərin hamısının sabiq direktora edildiyini, direktorun da onun borcundan sildiyini, lakin, buna dair sübutu məhkəməyə təqdim edə bilmədiyini, digər tərəfdən cavabdehin borcunu ödəməməsi təqdirdə, ona yenidən malın verilməsinin mümkün olmadığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, iddiaçının nümayəndəsinin, cavabdehin vəkilinin izahatlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 01.01.2017-ci il tarixli, 01 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC-nin direktoru X5 ilə Cavabdeh arasında müqavilə imzalanmışdır. İş materiallarında olan 01.01.2018-ci il tarixli, müqaviləyə 1 saylı əlavə olaraq sazişdən görünür ki, 01.01.2017-ci il tarixli müqavilənin 2.2.-ci bəndinə əsasən malların qiymətinin dəyişdirilməsi məqsədilə əlavə saziş bağlanılmış və malların 1 kisəsinin qiyməti “Klass A” 5,8 manat və “Klass B” 5 manat təşkil etməsinə razılığa gəlməklə tərəflər imza atmışlar. İş materiallarında olan İddiaçı MMC ilə işləyən X6ndan görünür ki, Cavabdeh 31.03.2018-ci il tarixinə 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat qalıq borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 01.01.2017-ci il tarixli müqaviləyə əsasən sonuncuya "xxxx" sement məhsulları satılmışdır. Cavabdeh həmin müqavilə üzrə 23.11.2017-ci il tarixində 1000 (min) manat ödəniş etmiş, qalıq 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat isə bu günədək heç bir ödəniş etməyərək müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Cavabdeh 16.03.2021-ci il tarixinə İddiaçı MMC-yə 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində qalıq borcu mövcuddur. İş materiallarında olan 02.02.2021-ci il tarixli pretenziyadan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbi ilə bağlı 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində qalıq borcunun mövcud olması barədə xəbərdar edilmişdir. İş materiallarında olan 08.05.2018-ci il tarixli, Bakı şəhəri 41 saylı notariat kontorunda imzalanmış müqavilədən görünür ki, X1 Elşən Məmməd oğluna 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində pulu faizsiz və 31.12.2018-ci il tarixinədək borc olaraq vermişdir. İş materiallarına əlavə olunmuş müxtəlif tarixlərə olan imzalanmış nağd pulun təhviltəslim aktlarından görünür ki, Cavabdeh "xxxx" sement borcuna görə İddiaçı MMC-yə müxtəlif məbləğlərdə ödənişlər etmişdir. İş materiallarına əlavə olunmuş müxtəlif tarixlərə olan əmtəə-nəqliyyat qaimələrindən görünür ki, "xxxx" ASC tərəfindən müxtəlif çəkilərdə olmaqla “Klass A PLT CEM İİ/A-P 32,5 R / EN 197-1-2000 (1300080)” markalı, “Klass B PLT CEM İİ/B-L 32,5 R / EN 197-1-2000 (1300081)” markalı, “Klass A KİSƏ CEM İİ/A-P 32,5 R / EN 197-1-2000 (1300015)” markalı və “Klass B KİSƏ CEM İİ/B-L 32,5 R / EN 197-1-2000 (1300051)” markalı sement məhsulları Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən daş bazarına, Cavabdeh təhvil verilmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən, verilmiş iddia tələbinin hüquqi əsasını təşkil edən müqavilə münasibətlərinin, həmin münasibətdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə istinad etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verməsinə baxmayaraq, həmin hissədə iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Bütün bunları nəzərə alan məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Yəni, 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Həmin Məcəllənin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, borc ödənişi 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 74348 (yetmiş dörd min üç yüz qırx səkkiz) manat məbləğində pul, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4073/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4073/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver