Məhkəmə qərarları › İş №2(060)-4093/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4093/2023

19.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4093/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikahlarından anadan olmuş 03 may 2010-cu il təvəllüdlü X2 və 14 iyun 2014-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək cavabdehdən hər ay, hər uşaq üçün 220 manat olmaqla, ümumlikdə 440 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 iyul 2011-cii 1 tarixdə cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 03 may 2010-cu il təvəllüdlü X2 və 14 iyun 2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 03 may 2010-cu il təvəllüdlü X2 və 14 iyun 2014-cü il təvəllüdlü X3 onun yanında qalması və cavabdehdən hər ay 140 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bazar qiymətlərinin qalxması, eləcə də uşaqların böyüməsinin onların xərclərinə əsaslı təsir göstərdiyindən hazırda hər birinə 140 manat məbləğində aliment kifayət etmir. İddiaçı məhkəmə iclasında bildirdi ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3560/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və cavabdehdən hər ay, hər uşaq üçün 140 manat aliment onun xeyrinə tutulmuşdur. Daha sonra mediasiya proseduru çərçivəsində cavabdehlə aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən cavabdehən tutulan alimentin məbləği hər ay hər uşaq üçün 190 manat olmaqla, 380 manat məbləğində razılaşdırılmışdır. Lakin, sonradan başa düşüb ki, cavabdeh onu aldadmış, 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat olduğu halda, hər uşağa 190 manat aliment ödəməsinə onu razılaşdırmışdır. İcra məmurundan aldığı məlumata əsasən mediasiya prosesindən sonra cavabdehin yeri müəyyən olunmamış, onunla əlaqə saxlamaq mümkün olmamışdır. Onun maddi imkanı çox pisdir və uşaqların ehtiyaclarını təkbaşına qarşılaya bilmir. O, barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməmişdir. O, barışıq sazişi ilə deyil, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3560/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını xahiş edir. Qeyd edilənlərə əsaəsn iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1984-cü ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflərin birgə nikahlarından 03 may 2010-cu il təvəllüdlü X2 və 14 iyun 2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3560/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan 03 may 2010-cu il təvəllüdlü X2 və 14 iyun 2014-cü il təvəllüdlü X3 iddiaçının yanında saxlanması və uşaqların saxlanmaları üçün hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Tərəflər arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin əsasən tərəflər birgə rəsmi nikahdan doğulan xx.xx.2010-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay, hər uşağa 190 manat olmaqla, cəmi 380 manat məbləğində alimenti cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə razılaşmışlar. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadlr (1.0.7.). Tərəflər barışıq sazişinin icrasını təmin etmək vəzifəsi daşıyırlar (9.3.1.). Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır (34.1.). Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur (34.2.). Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (34.3.). Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) (34.4). Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3560/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması məsələsi həll edilsə də, sonradan tərəflər arasında mediasiya proseduru çərçivəsində bağlanmış barışıq sazişi ilə aliment hər uşaq üçün 190 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən həmin barışıq sazişinə alimentin ödənilməsi barədə saziş kimi yanaşılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar (94.1.). Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur (94.2.). Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur (94.3.). Aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur (95.1.) Aliment ödənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər. Bu halda sazişin dəyişdirilməsi və pozulması bu Məcəllənin 94.2-ci maddəsində nəzərdə tutulan eyni formada həyata keçirilir (95.2). Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir (95.3.). Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir (95.4.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər (355-23.1.). Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır (355-25.1.). Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (355-25.3.). Hazırkı vəziyyətdə tərəflər arasında alimentlə bağlı mediasiya proseduru çərçivəsində bağlanmış barışıq sazişi olduğundan, iddiaçı həmin sazişlə müəyyən edilmiş aliment məbləği ilə razılaşdığı təqdirdə, sazişin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. İddiaçı həmin sazişlə müəyyən edilmiş aliment məbləği ilə razılaşmadığı təqdirdə isə, sazişlə müəyyən edilmiş alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Lakin, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3560/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını tələb edir. Barışıq sazişi ilə tərəflər artıq alimentin məbləğinə dair iradə ifadələrini bildirdiklərindən, xx.xx.2020-ci il tarixli qətnamə alimentin tutulması hissəsində öz aktuallığını itirmişdir. Bu səbəbdən həmin qətnamə ilə müəyyən olunmuş alimentin artırılması məsələsinə məhkəmədə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (261.0.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməli, iddiaçıya qərardadda göstərilənlərin nəzərə alınaraq müvafiq iddia ərizəsi və ya xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3560/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, qərardadda göstərilənləri nəzərə alaraq müvafiq iddia ərizəsi və ya xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar