Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4109/2021 04.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi İddiaçı1, İddiaçı1 vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzildən istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzildən istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Sumqayıt şəhəri 5-ci məhəllə 13/16 saylı evin 7 saylı mənzilindən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi ilə yanaşı iddiaçılar iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin üzərinə həbs qoyulması, mənzillə bağlı əməliyyatların aparılmasının aidiyyatı quruma (Azərbaycan Respublikası DƏDRX-nin yanında ƏMDK-nın 2 saylı Sumqayıt Ərazi İdarəsi) qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 20.04.2021-ci il tarixli 2(060)-4109/2021 saylı qərardadı ilə iddiaçıların iddianı təmin etmə tədbiri barədə ərizələri təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2021-ci il tarixli 2(105)-2033/2021 saylı qərardadı ilə iddiaçıların şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20.04.2021-ci il tarixli 2(060)-4109/2021 saylı qərardadı ləğv edilmiş, iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilmiş, Sumqayıt şəhəri 5-ci məhəllə 13/16 saylı evin 7 saylı mənzilinin üzərinə həbs qoyulmuş və həmin mənzillə bağlı əməliyyatların aparılması qadağan edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ünvan 1 ünvanda yerləşməklə sahəsi 32,92 m2 olan 2 otaqdan ibarətdir. Həmin mənzil Cavabdeh mülkiyyətindədir. Mənzil 17.02.1994-cü ildə onun mərhum qayınatası X1 adına özəlləşdirilmiş və sonuncunun vəfatından sonra mənzil qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən 04.08.2014-cü il tarixdə cavabdehin adına qeydə alınmışdır. Cavabdeh İddiaçı1 qayınanasıdır. İddiaçı1 1991-ci ilin dekabr ayında Cavabdeh oğlu X2 ilə ailə həyatı qurmuş və 03.01.1992-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahından 3 övladları olmuş, 1 övladı dünyasını dəyişmişdir. O, ailə həyatı qurduğu ilk gündən mübahisəli mənzilə gəlin köçmüş, bütün əmlaklarını bu mənzilə gətirmiş və həmin vaxtdan artıq 30 ildir ki, bu mənzildə yaşayır. Onun uşaqları da bu mənzildə yaşadığı vaxt dünyaya gəlmiş və ərazi üzrə Uşaq Poliklinikasında qeydiyyatda olmuş və mübahisəli mənzilə yaxın olan orta məktəblərdə təhsil almışlar. Kiçik oğlu 14 may 2004-cü il təvəllüdlü Xəlilov Kamal Sumqayıt şəhəri 1 saylı orta məktəbin 11-ci sinfində oxuyur. O, göründüyü kimi, bu mənzilə 1991-ci ildə daimi olaraq köçürülmüş, həmin mənzilə gəlin gələn vaxt mənzil dövlət fondunda olmuş və buna görə də, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin həmin vaxt qüvvədə olan 53-54-cü maddələrinə əsasən bu mənzilə istifadə hüququ əldə etmişdir. Lakin cavabdeh son vaxtlar onlarla mübahisə edir və bildirir ki, onların mənzilə hüquqları yoxdur, istədiyi vaxt mənzili satacaq və onları evsiz qoyacaq. Halbuki, bu mənzil onların daimi yaşayış yerləridir. Hesab edirlər ki, mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2009-cu ilin oktyabr ayınadək yarandığı üçün yaranmış mübahisəyə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. İddiaçılar həmin Məcəllənin 53, 54, Konstitusiyanın 60, 71-ci maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununa, həmin Qanunun şərh edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarına istinad edərək, qeyd etmişlər ki, o və uşaqları 30 ilə yaxın bir müddətdə mübahisəli mənzildə ailə üzvü kimi yaşadıqları üçün, onların həmin mənzildən istifadə hüququ tanınmalıdır. İddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Cavabdeh məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar Tərtər rayonunda olduğunu bildirmiş və məhkəmə iclasının avqust ayının sonuna təxirə salınmasını xahiş etmişdir. Lakin, Tərtər rayonunda məhz səhhəti ilə əlaqədar olmasına dair sübutları (tibbi sənədlər) məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi İddiaçı1 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Sumqayıt şəhəri 5-ci məhəllə 13/16 saylı evin 7 saylı mənzili Sumqayıt şəhəri 2-ci notariat kontorunun 17.02.1994-cü il tarixli 3M-104 reyestr nömrəli mənzilin əvəzsiz bağışlama müqaviləsi əsasında X1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 04.08.2014-cü il tarixli 2V/447 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınmış və 27.08.2014-cü il tarixli ********** qeydiyyat tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı1 cavabdehin oğlu X2 ilə 09 yanvar 1992-ci il tarixdə Sumqayıt şəhər Nikah Evində 09 saylı akt qeydi ilə nikah bağlayaraq, ailə qurmuşlar və həmin vaxt, iddiaçı o dövrdə icra hakimiyyətinin balansında olan mübahisəli mənzilə gəlin köçmüş, cehiz əmlakını həmin mənzilə yerləşdirmişdir. İddiaçı ailə üzvləri ilə 1992-ci ildən bu günədək həmin mənzildə yaşayır. Bunu həm rəsmi sənədlər, həm övladının təhsil aldığı dövrdə yaşayış yeri barədə arayışlar, həmçinin qonşular tərəfindən tərtib olunmuş akt təsdiq edir. İş materiallarından aşkar şəkildə görünür ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 1992-ci ildə yaranmışdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (əri), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin üçüncü hissəsinəəsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Göründüyü kimi, İddiaçı1, öz növbəsində digər İddiaçı2 mübahisəli mənzildən istifadə hüquqları tanınmalıdır. Çünki, İddiaçı1 mənzilin icarədarı ilə bərabər surətdə həmin mənzildən istifadə etmək hüququ əldə etmiş, digər iddiaçı isə doğulduğu andan valideyni olan İddiaçı1 ilə birlikdə bu hüquqa sahib olmuşdur. Bu səbəbdən, məhkəmə iddianı əsaslı hesab edir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri 5-ci məhəllə 13/16 saylı evin 7 saylı mənzilindən istifadə hüquqları tanınmalıdır. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri 5-ci məhəllə 13/16 saylı evin 7 saylı mənzilindən istifadə hüquqları tanınsın. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4109/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4109/2021
04.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver