Məhkəmə qərarları › İş №2(060)-4120/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4120/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4120/2022 14.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, xəstəxanada tibb bacısı işləyir. Tanımadığı cavabdeh 6-cı mikrorayonda mağazaya qoyduğu 700 manat pulu dələduzluqla mənimsəmiş, pulunu istəyərkən ona əl qaldırmış, öldürməyə cəhd etmişdir. Polis Bölməsinə müraciət etsə də, nəticəsi olmamışdır. 2021-ci ildə iki dəfə 50 manat ödəniş etmiş, pulun qalan hissəsini vermək əvəzinə onu öldürməklə hədələmişdir. Bununla bağlı dəfələrlə Polis Bölməsinə müraciət etsə də, onun barəsində ciddi tədbir görülməmişdir. Çünki tanışı olan polis haqsız yerə cavabdehi müdafiə etmiş, onun sübutlarını heçə saymışdır. 3-cü Polis Bölməsi məsələ ilə əlaqədar oaraq xx.xx.2021-ci il tarixli məktubu ilə ona məhkəməyə müraciət etməsi tövsiyə etmişdir. Aylardır davam edən süründürməçilik və haqsızlığa görə onda ürək ağrıları başlamışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 600 manat borcun, 30,40 manat ödədiyi dövlət rüsumunun və çəkdiyi əlavə xərclərin – MAPS arayışı üçün ödədiyi 30 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, 11 ildir polis səhlənkarlığına görə cavabdeh ona olan borcunu qaytarmamışdır. Əvvəllər məhkəməyə hazırki məsələ ilə bağlı müraciət etmiş, lakin mülki işə sonuna kimi baxılmamışdır. Cavabdeh dekabr ayında polis bölməsində izahat verərək ondan 700 manat pul götürdüyünü etiraf etmiş, lakin polis əməkdaşı tərəfindən qəsdən həmin izahat məhkəmə sorğusu əsasında təqdim olunan sənədlərə əlavə olunmamışdır. Cavabdeh həmin məbləğdən 2021-ci ildə 2 dəfə 50 manat qaytarmış, ona 600 manat borcu qalmışdır. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə bildirişi göndərilmiş, lakin bildiriş “ünvan tapılmadı” qeydi ilə geri qaytarılmışdır. Lakin Cavabdeh AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət etmək üçün 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə sorğusu əsasında alınıb iş materiallarına əlavə edilmiş İddiaçı Sumqayıt ŞPİ-nin 3-cü PB-də verdiyi izahatdan görünür ki, 2011-ci il tarixdə Cavabdeh ondan hissəhissə ümumilikdə 700 manat pul almış, həmin məbləğdən 50 manatını geri qaytarmışdır. Hal-hazırda həmin şəxsin ona 650 manat borcu qalmışdır. Onun mobil nömrəsinə zəng çatmadığına görə pulunu ala bilmir. Cavabdeh onun pulu qaytarmayaraq dəfələrlə onu öldürməklə hədələmişdir. Cavabdeh həyat yoldaşı Ayan adlı şəxs onun ünvanına əxlaqsız ifadə işlədərək böhtan atmışdır. Məhkəmə sorğusu əsasında alınıb iş materiallarına əlavə edilmiş Cavabdeh Sumqayıt ŞPİ-nin 3-cü PB-də verdiyi izahatdan görünür ki, o, İddiaçı 2011-ci ildə hissəhissə 500 manat pul almış, həmin puldan 50 manatını geri qaytarmış, hazırda ona 450 manat borcu qalmışdır. İddiaçı öldürməklə hədələməmiş, həyat yoldaşı Ayan isə təhqir etməmişdir. İş materiallarında olan AR DİN Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin 21 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, müraciətdə göstərilən xüsusatların mülki xarakterli olması müəyyən edildiyindən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı pul almış, daha sonra pulu qaytarmadığından İddiaçı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət etmişdir. Orada hər iki tərəfin izahatı alınmış, iddiaçı 700 manat pul verdiyini, cavabdehin ona cəmi 50 manat ödədiyini və 650 manat borcu qaldığını bildirmişdir. Cavabdeh isə izahatında iddiaçıdan cəmi 500 manat pul aldığını, həmin mələğdən 50 manatını qaytardığını, iddiaçıya hazırda 450 manat borcunun olduğunu etiraf etmişdir. Lakin buna baxmayaraq borcunu qaytarmamışdır. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək cavabbdehdən onun xeyrinə 600 manat borcun, 30,40 manat ödədiyi dövlət rüsumunun və çəkdiyi əlavə xərclərin – MAPS arayışı üçün ödədiyi 30 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin araşdırılan hallarını qiymətləndirərək bu qənaətə gəlir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış 450 manat məbləğində borcunun olması barədə izahatı, Polis İdarəsində etirafı ilə təsdiq olunması işin mübahisə edilməyən halıdır. İddiaçının borc olaraq cavabdehə verdiyi məbləğin 700 manat olmasını, onun 50 manat olaraq iki dəfə qaytarılaraq təsdiq edən dəlillər iş materiallarına əlavə edilməyərək öz təsdiqini tapmır. Məhkəmə mülki iş materiallarında olan sənədlər, işin araşdırılan hallarına əsasən məhkəməyə təqdim olunmuş sübutlar əsasında, məhkəmə iclasında tərəflərin çəkişmə prinsipinə uyğun olaraq verdiyi izahatlara əsaslanaraq qətnamə qəbul edir. Məhkəmə müdafiəsi hüququnun olması, həmçinin hüquqlarının bərabərliyi baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə tərəflər məhkəməyə sübutlar təqdim edilməsi baxımından müstəqildirlər. Məhkəmə iddiaçı tərəfindən MAPS arayışı üçün 30 manat məbləğində pulun ödənilməsi məsələsinə qiymət verərək hesab edir ki, iş materialları ilə sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Cavabdeh iddiaya qarşı etirazının məhkəmə təqdim etmək imkanın olmasına baxmayaraq, bundan istifadə etməmişdir. Ona görə də iddiaçı tərəfindən təqdim olunmuş sübutlara əsaslanaraq məhkəmənin sorğusu əsasında alınmış, cavabdehin polis orqanında verdiyi izahata əsasən etirafı təqzib olunmayaraq, əsaslı hesab edilməlidir. Məhkəmə hesab edir ki, məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 191.1, 191.3-cü maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 450 manat məbləğində pul və 30.40 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində pul və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar