Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4177/2021 29.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik qaydasında borcun ödənilməsinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1534,01 (bir min beş yüz otuz dörd manat 01 qəpik) manat əsas borc, 36,95 (otuz altı manat doxsan beş qəpik) manat faiz borcu,cəmi 1570,96 (bir min beş yüz yetmiş manat doxsan altı qəpik) manat borcun. Həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Sumqayıt filialı ilə X5 arasında bağlanmış 08-16-16-072934 nömrəli 21.10.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Quoliyev Bilal Fərrux oğluna 32 ay müddətinə illik 29 faizlə, 2592 (iki min beş yüz doxsan iki manat 0 qəpik) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə “xxxx”ASC arasında imzalanmış “Kredit müqavilələri üzrə Tələb hüquqlarının Ötürülməsinə dair” müqaviləyə əsasən, “xxxx” ASC-nin X3 qarşı olan tələb hüququ mövcud olduğu həcmdə “xxxx” ASC-yə güzəşt edilmişdir. X5 31.03.2018-ci il tarixdə vəfat etmiş və ölüm faktı Azərbaycan Respublikası Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Odur ki, İddiaçı ASC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, yoldaşı X5 2016-cı ildə “xxxx” ASC-dən kredit götürmüşdür. Hər ay ödəniş etmişdir, lakin 31.03.2018-ci il tarixdə vəfat etdiyindən, özünün isə maddi imkanı olmadığı üçün ödənişləri edə bilməmişdir. Hal-hazırda pensiya alır və tələb olunan borcu tam ödəməyə imkanı yoxdur. Borcun hissə-hissə ödənilə bilməsinə dair bankla razılığa gəlmək istədiyini bildirdi. İddiaçının nümayəndəsinə və Cavabdeh2 məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,iş materiallarında olan -“xxxx” ASC ilə X5 arasında bağlanmış 21 oktyabr 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 32 ay müddətinə, illik 29 faizlə, 21 iyun 2019-cu il tarixinədək 2592 manat (iki min beş yüz doxsan iki) manat kredit verilmişdir. - 01.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X2 1534.01 manat əsas, 36,95 manat faiz borcu olmaqla cəmi 1570.96 (min beş yüz yetmiş manat doxsan altı qəpik) manat borcu vardır. - AZ-İ № 934589 saylı, 02.04.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X5 31.03.2018-ci il tarixdə ölmüşdür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisindən “X4” ASC-nin Problemli kreditlərlə iş departamentinin direktoru E.Məmmədova ünvanlanmış 66 №-li, 16 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, 31.03.2018-ci il tarixdə ölmüş X2 miras əmlakına dair 02.10.2018-ci il tarixdə ofislərində ünvan 1 ünvanında qeydiyyatda olan 20.09.1957-ci il təvəllüdlü, Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuş arvadı-Cavabdeh1 və ünvan 3 ünvanında qeydiyyatda olan 26.10.1988-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş qızı-Cavabdeh2 qanun ünvan 1-da yerləşən 52,95 kv m miras əmlaka hər biri ½ hissədə pay almalıdırlar, buna dair vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı “xxxx” ASC ilə X5 arasında bağlanmış 21.10.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 32 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. X2 01 mart 2021-ci il tarixinə 1534.01 manat əsas, 36.95 manat faiz borcu yaranmışdır. X5 31.03.2018-ci il tarixdə vəfat etmiş və ölüm faktı AR Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsoinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16.10.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, xxxx” ASC ilə X5 arasında bağlanmış 21.10.2016-cı il tarixli kredit müqaviləsi üzrə X2 əsas və faiz borcu yarı-yarıya Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Ona görə də iddiaçının 21.10.2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, X2 borcu onun vərəslərindən müştərək qaydada deyil, hər birindən mirasa paya uyğun olaraq borcun ½ hissəsi ayrılıqda tutulmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki,iddia bu hissədədə təmin edilməli iddia tələbi 500 manatdan artıq olduğu üçün cavabdehlərin hər birindən 15,2 manat olmaqla, 30,2 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, 21.10.2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 785,48 manat, ödənilmiş dövlət rüsumunun 15,4 manatı və Cavabdeh2 785,48 manat, ödənilmiş dövlət rüsumunun 15,4 manatı tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 21.10.2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 785,48 manat borc, ödənilmiş dövlət rüsumunun 15,2 manatı və Cavabdeh2 785,48 manat borc, ödənilmiş dövlət rüsumunun 15,2 manatı tutularaq İddiaçı ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4177/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4177/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver