Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4178/2021 16.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əlavə alınmış pulun geri qaytarılması tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən ona satılmış mənzilə görə əlavə alınmış 1625 manat, əlavə ödədiyi kommunal xidmətlərə görə 45 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2000 manat pul vəsaitinin onun nəfinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin may ayında iddiaçı ilə cavabdeh arasında mənzilin alqı-satqısı haqqında “AC – 0013” saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh Xırdalan şəhəri, H.Əliyev prospekti, 240-E ünvanda inşa edilmiş 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 56 kvadrat metr olan, 1 otaqdan ibarət 50 saylı mənzili iddiaçıya satmağı, iddiaçı isə həmin mənzilin hər kvadrat metrəsinə görə 650 manat, cəmi 36400 manat ödəməklə sözügedən mənzili almağı öhdəliyinə götürmüşdür. Bu müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməklə, cavabdehə mənzilin hər bir kvadrat metrinə görə 650 manat, cəmi 36400 manat pul ödəmişdir. 2016-cı ilin avqust ayında iddiaçı cavabdehdən aldığı mənzilə köçmüşdür. Həmin tarixdən də qeyd olunan mənzildə yaşamaqla bütün kommunal xərcləri ödəmişdir. 2019-cu ilin dekabr ayında cavabdehdən aldığı mənzil dövlət qeydiyyatına alındığında, ona məlum olmuşdur ki, mənzilin sahəsi 56 kvadrat metr deyil, 53,5 kvadrat metr təşkil edir. Yəni, cavabdeh iddiaçıya satdığı mənzilin haqqında yalan məlumat verməklə yanaşı, 1625 manat qanunsuz olaraq əlavə pul almışdır. Həmçinin 2016-cı ilin avqust ayından etibarən mənzilin hər kvadrat metrinə görə 0,30 manat hesablanan kommunal ödənişdə də əlavə olaraq 55 ay (2016-2021) ərzində 45 manat əlavə pul alınmışdır. Məsələ ilə əlaqədar cavabdehin rəhbərliyinə müraciət etmiş, cavabında isə daşınmaz əmlakın dövlət reyestri xidmətinin səhv etdiyi bildirilmişdir Müayinə zamanı bir daha məlum olmuşdur ki, mənzilin sahəsi 53,5 kvadrat metr təşkil edir və müayinə ilə əlaqədar DƏDRX tərəfindən iddiaçıya rəsmi məktub verilmişdir. Sonradan 2 dəfə cavabdehin rəhbərliyinə rəsmi məktubla müraciət etmiş, lakin hal-hazıradək heç bir cavab ala bilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, sözügedən mənzili cavabdehdən nağd pulla almışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini, artıq ödədiyi vəsaitin geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1983-cü ildə anadan olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış “AC-0013” saylı, 10.05.2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən cavabdeh Xırdalan şəhəri, H.Əliyev prospektində özünəməxsus yaşayış kompleksi 40-E ünvanda inşa edilmiş, 7 saylı 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 56 kvadrat metr olan bir otaqdan ibarət 50 saylı mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə vahid əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində və ya müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin alqı-satqı qiyməti 36400 manat məbləğində müəyyən edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 491, mənzil 50 26.12.2019-cu ildə iddiaçının adına qeydiyyata alınmışdır. Çıxarışda mənzilin ümumi sahəsi 53,5 kv.metr göstərilmişdir. 10 may 2016-cı il tarixli, AC-0053 saylı maliyyə arayışına əsasən iddiaçı Cavabdeh MTK-da inşa edilən 9 mərtəbəli yaşayış binasında 50 saylı mənzilin pay dəyərindən 36400 manat məbləğində ödəmişdir. Borc qalığı yoxdur. Sözügedən mənzilin 29.12.2019-cu il tarixli texniki pasportuna əsaən mənzilin ümumi sahəsi 53,5 kvadrat metr təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 26.02.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240, bina nömrəsi 491, 50 saylı mənzilə müayinə baxışı keçirilmişdir. Müayinə baxışı zamanı məlum olmuşdur ki, iddiaçının adına olan mənzilin daxilində arakəsmələrdə dəyişiklik edildiyi aşkar edilmişdir. Texniki pasportda qeyd edilmiş mənzilin ümumi sahəsi ilə faktiki mənzilin ümumi sahəsi arasında fərq yoxdur. Sözügedən mənzilin faktik ümumi sahəsi lociya ilə birlikdə 53,5 kvadrat metr təşkil edir. İş materiallarına əlavə edilmiş 04.05.2020-ci il tarixli və 11.05.2020-ci il tarixli şikayət ərizələrinə əsasən iddiaçı artıq ödədiyi pul vəsaitinin cavabdehin nümayəndəsindən geri qaytarmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.10.2021-ci il tarixli, 10/4059 saylı ekspert rəyində göstərilmişdir ki, "xxxx" MTK tərəfindən inşa olunmuş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş 9 mərtəbəli yaşayış evinin 8-ci mərtəbəsində yerləşən 1 otaqlı 50 saylı mənzilin sahəsinin 51,5 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan mənzilə dair ilkin vəziyyətinə dair mülki iş materiallarında hər hansı bir layihə sənədləri olmadığından mənzilə baxış zamanı əldə olunmuş məlumatlar arasında müqayisə aparılmadığından, sözügedən mənzildə hər hansı daxili konstruktiv yenidənqurma və dəyişikliklər aparılmasını, həmçinin mənzilin sahəsinin azalıb-azalmasını müəyyən etmək mümkün olmamışdır. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşdən göründüyü kimi iddiaçılarla cavabdeh arasında olan münasibətlər mahiyyət etibarilə podrat münasibətləridir. Bu səbəbdən mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı məsələri tənzimləyən müddəaları tətbiq edilməlidir. Mülki Məcəlləyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1.). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (752.2.). Göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 491, mənzil 50 artıq iddiaçının mülkiyyətinə verilmişdir. Bu səbəbdən alqı-satqı ilə bağlı müddəaların da hazırkı mübahisəyə tətbiq edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmişdir ki, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi (587.1.). Göründüyü kimi tərəflər arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 491, mənzil 50 ilə əlaqədar bağlanmış müqavilədə mənzilin ümumi sahəsi 56 kv.metr, dəyəri isə 36400 manat göstərilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda isə mənzilin ümumi sahəsi 53,5 kv.metr kimi qeyd edilmişdir. İş üzrə ekspert rəyində isə mənzilin sahəsinin daha az, yəni 51 kv.metr olduğu qeyd edilmişdir. Yəni hər bir halda, mənzilin sahəsinin tərəflər arasında bağlanmış “AC-0013” saylı , 10.05.2015-ci il tarixli müqavilədə göstəriləndən az olduğu müəyyən edilir. İş üzrə ekspert təyində mənzildə hər hansı daxili konstruktiv yenidənqurma və dəyişikliklər aparılmasını, həmçinin mənzilin sahəsinin azalıb-azalmasını müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər (97.1.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Məhkəmə hesab edir ki, hazırkı halda mənzilin sahəsinin iddiaçı tərəfindən aparılmış yenidənqurma işləri nəticəsində azalmasının sübut edilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə məhkəmə iclaslarında təmsil edilməmişdir. Mülki Məcəlləyə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi müqavilədə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 491, mənzil 50-in ümumi sahəsi 56 kv.metr göstərilsə də, əslində 53,5 kv.metr olmuşdur. Bununla da cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmasına səbəb olmuşdur. Mənzilin ümumi dəyərini onun müqavilədə göstərilmiş sahəsinə böldükdə mənzilin hər kv.metri üçün ödənilməli olan məbləğ 650 manat təşkil edir ki, bu da əskik olan 2,5 kv.metr sahə üçün 1625 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia həmin məbləğin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. İddiaçı cavabdehdən əlavə ödədiyi kommunal xidmətlərə görə 45 manat pul tələb etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və həmin tələbini əsaslandıra bilməmişdir. Bu səbəbdən iddia həmin hissəsində təmin edilə bilməz. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçıya satılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 491-də yerləşən 50 saylı mənzilə görə əlavə alınmış 1625 (min altı yüz iyirmi beş) manat pul və 20 manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4178/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4178/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver