Məhkəmə qərarları › İş №2(060)-418/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-418/2023

13.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-418/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət sahəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət sahəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində Sumqayıt şəhər “Küçə İşıqları” Təsərrüfat Hesablı Xidmət sahəsinə dəymiş 1353 manat 79 qəpik maddi ziyan və ödənilmiş 35 manat dövlət rüsumu Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə nəqliyyat hadisəsi baş vermişdir, işıq dirəyi sınaraq aşmış, hadisə nəticəsində cavabdeh 40 manat cərimə olunmuşdur. Cavabdehin sığortasına dair məlumat alınması məqsədilə “Paşa Sığorta”ya sorğu göndərilib, bu zaman məlum olmuşdur ki, cavabdehin sığortası olmuş, lakin sığorta müddəti 4 ay əvvəl bitmişdir, cavabdehin təqsirinin olması inzibati tənbeh barədə qərarla sübut olunur, dirək, işçilik və sair xərclər nəzərə alınmaqla cəmi 1353 manat zərər vurulmuşdur.Cavabdehə dəfələrlə zərəri ödəməsi barədə xəbərdarlıq edilmiş, lakin ödəməmişdir. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh qısa izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, cavabdeh dəymiş ziyanı ondan yox, sığorta şirkətindən tələb etməlidir, çünki onlar sığortanın vaxtının bitdiyini bildirsələr də, sığorta şirkəti ona sığortasının müddətinin bitməsi barədə məlumat verməmişdir.Bu səbəbdən məsuliyyət sığorta şirkətinin üzərinə düşür. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” ******* №-li elektron qərarının surətindən görünür ki, Cavabdeh, xx.xx.2022-ci il tarixində saat 22:30 radələrində Sumqayıt şəhəri, M.Əsədov küçəsində Vaz 2106 markalı ** LX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin inzibati xətaları törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. “İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması” barədə çıxarışdan görünür ki, 99XL684 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən hadisənin baş vermə tarixi xx.xx.2022-ci ildir. xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın hesablanması barədə” aktdan görünür ki, xx.xx.2022-ci il tarixində Sumqayıt şəhər M.Əsədov küçəsində Vaz 2106 markalı ** LX *** nömrə nişanlı avtomobil işıq dirəyini vurub sıradan çıxartmışdır, itirilmiş ziyan dəmir dirək 2 buynuzlu 580 manat, əl fənəri 283,2 manat, lampa son-T 250 vatt 30,68 manat, kabel NYY 20,5 manat, daşınma xərci 100 manat, beton 27 manat, cəmi 1041, 38 manat, işçilik 312,41 manat olmaqla, yekun 1353,79 manatdır. Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət sahəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 15 sentyabr 2022-ci il tarixli 82 №-li ziyan aktından görünür ki, dəymiş ziyan dəmir dirək 2 buynuzlu 580 manat, əl fənəri 283,2 manat, lampa son-T 250 vatt 30,68 manat, kabel NYY 20,5 manat, daşınma xərci 100 manat, beton 27 manat, cəmi 1041, 38 manat, işçilik 312,41 manat olmaqla, yekun 1353,79 manatdır. "xxxx" ASC tərəfindən Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət sahəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli BS-C-22/4519 №-li məktubdan görünür ki, xx.xx.2021ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış Vaz 2106 markalı ** LX *** nömrə nişanlı avtomobilin sahibinin üçüncü şəxsləri qarşısında mülki məsuliyyətinin icbari sığortası xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2022-ci il tarixdə bitmişdir, sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. ƏN-Vİİİ seriyalı 247000 №-li “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X3 xx.xx.2023-cü il tarixədək Cavabdeh “Vaz 2106” markalı ** LX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq və s. səlahiyyətlərini vermişdir. Sumqayıt şəhər Polis idarəsi tərəfindən 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh hazırda ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdeh “Vaz 2106” markalı ** LX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri M.Əsədov küçəsində yerləşən işıq dirəyinə zərər vurmuş, hadisə nəticəsində cavabdeh E.E.X1 Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur.İddiaçıya dəymiş zərərin məbləği cəmi 1353,79 manat təşkil edir, hadisə baş verən tarixdə cavabdehin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari sığorta edən şəhadətnaməsi olmamışdır. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək sığorta müddətinin bitməsindən məlumatlı olmaması, hazırki tələb üzrə onu məsuliyyətdən azad etməyərək, narazı qaldığı halı mübahisələndirmək hüququndan məhrum etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 906.1-ci maddəsinə əsasən, icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi ümumilikdə 1353,79 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehə aid edilməli, ondan iddia tələbinin həcmi (1353,79 manat) nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 34 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi ümumilikdə 1353 (min üç yüz əlli üç) manat 79 (yetmiş doqquz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat pul tutularaq iddiaçı Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət sahəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar