Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4195/2021 27.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 18.01.2016-cı il təvəllüdlü X1 üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4118/2018 saylı, 26.07.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması, 18 yanvar 2016-cı il təvəllüdlü X3 iddiaçının yanında saxlanması qət edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh uşağın saxlanması üçüniddiaçıya heç bir maddi kömək göstərməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçı X4 xeyrinə 18.01.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 10.04.2017-ci il tarixdən başlayaraq hər ay 137 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)3273/2017 saylı, 07.12.2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Hal-hazırda X3 4 yaşı var. Sumqayıt Şəhər Məhkəməsinin tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. İddiaçı uşağın saxlanmasında çətinlik çəkir. Cavabdeh hazırda uşağı ilə maraqlanmır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1989-cu ildə anadan olmuşdur. Cavabdeh 26.03.1990-cı ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin 30.09.2020-ci il tarixli məktubunda cavabdehin ünvan 1 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. 571077 saylı doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 18.01.2016-cı ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. 358531 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikahın pozulması barədə akt qeydi 06 oktyabr 2020-ci ildə aparılmışdır. Nikah pozulduqdan sonra ərə Şərifov, arvada Mehtiyeva soyadları verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6825/2017 saylı, 12.06.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən 18.01.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 10.04.2017-ci il tarixdən başlayaraq hər ay 137 manat və uşaq 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.11.2017-ci il tarixli, 2(105)-3273/2017 saylı qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6825/2017 saylı, 12.06.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). İddiaçı “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsinə əsaslanaraq cavabdehdən həmin məbləğdə aliment tutulmasını xahiş etmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. İddiaçı iddia ərizəsində yetkinlik yaşına çatmayan uşağa görə hər ay 170 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, iddiaçının tələbi təmin edilməli, yetkinlik yaşına çatmayan uşağa görə hər ay 170 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırda iddiaçı alimentin 137 manatdan 170 manata qədər (33 manat) artırılmasını tələb etdiyi üçün tələb üzrə 1 illik ödəmələrin məcmusu 500 manatdan azdır. Buna görə iddiaçı 20 manat dövlət rüsumu ödəməli idi. MPM-in 119-cu maddəsinə əsasən iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən cavabdehdən 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 18.01.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6825/2017 saylı, 12.06.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4195/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4195/2021
27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver