Məhkəmə qərarları › İş №2(060)-4197/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4197/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4197/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.08.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN LED markalı televizor üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 0(sıfır) manat cərimə, 09.05.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung LED markalı televizor üçün 502 (beş yüz iki) manat ödənilməmiş hissə, 0(sıfır) manat cərimə,ümumilikdə 754 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 784 manat Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 31.08.2019-cu il və 09.05.2020-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN LED markalı televizor və Samsung LED markalı televizor almışdır və nəticədə 754 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 31.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 508 (beş yüz səkkiz) manat ( 18 ay x 28 manat+ 4 manat ilkin ödəniş) olan HOFFMANN LED markalı televizor üçün ümumilikdə 252 (iki yüz əlli iki) manat olmaqla ondan 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, cərimə 75 manat (0.28 manat x 270 gün) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olaraq 0 (sıfır) manat cərimə pulu borcu yaranmışdır. 09.05.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 754 (yeddi yüz əlli dörd) manat ( 2 ay x 251 manat+ 252 manat ilkin ödəniş) olan Samsung LED markalı televizor üçün ümumilikdə 502 (beş yüz iki) manat olmaqla ondan 502 (beş yüz iki) manat ödənilməmiş hissə, cərimə 150 manat (2.51 manat x 60 gün) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olaraq 0 (sıfır) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 508 manat təşkil edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh hal-hazırda işləmədiyini, işlədiyi vaxtlarda ödənişləri həmişə vaxtı-vaxtında ödədiyini bildirərək, iddia məbləği ilə razı olduğunu qeyd etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclasa gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.08.2019-cu il tarixli, 00880978 №-li müqavilədən görünür ki, Cavabdeh dəyəri 508 (beş yüz səkkiz) manat olan HOFFMANN LED markalı televizor almışdır. -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.05.2020-ci il tarixli, 20270258 №-li müqavilədən görünür ki, Cavabdeh dəyəri 754 (yeddi yüz əlli dörd) manat olan Samsung LED markalı televizor almışdır. -"xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31.08.2019cu il tarixli müqaviləyə əsasən dəyəri 508 manat olan, 18 ay müddətinə, 4 manat ilkin ödəniş, aylıq ödəniş 28 manat olmaqla HOFFMANN LED markalı televizor almış və cəmi 256 manat, 09.05.2020-ci il tarixli müqaviləyə əsasən dəyəri 754 manat olan, 2 ay müddətinə, 252 manat ilkin ödəniş, aylıq ödəniş 251 manat olmaqla Samsung LED markalı televizor almışdır. - "xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 31.08.2019-cu il və 09.05.2020-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN LED markalı televizor və Samsung LED markalı televizor almış, hər iki malın ümumi 1262 manat olan ümumi dəyərindən cəmi 508 manat ödəniş etmiş və nəticədə 754 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddsəinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31.08.2019-cu il və 09.05.2020-ci tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malların 1262 manat ümumi dəyərindən 508 manat ödəniş etmiş və nəticədə 754 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh HOFFMANN LED markalı televizor üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, Samsung LED markalı televizor üçün 502 (beş yüz iki) manat ödənilməmiş hissə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, 784 (yeddi yüz səksən dörd) manat iddiaçı "xxxx"MMC –nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. 31.08.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN LED markalı televizor üçün 252 (iki yüz əlli iki) manat ödənilməmiş hissə, 0(sıfır) manat cərimə, 09.05.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED markalı televizor üçün 502 (beş yüz iki) manat ödənilməmiş hissə, 0(sıfır) manat cərimə, ümumilikdə 754 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 784 manat Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar