Məhkəmə qərarları › İş №2(060)-4216/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4216/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4216/2021 01.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, İddiaçı ASC Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 115.48 manat əsas kredit borcu, 0.96 manat faiz borcu olmaqla, cəmi 116.44 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və 21.08.2019-cu il tarixli, 08-19- 23-096100 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 13.02.2015-ci il tarixli, 08-15-11-003610 saylı kredit müqaviləsinə əsasən cavabdehə 33 ay müddətinə qaytarılmaq şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzsiya olunaraq Cavabdeh ilə İddiaçı ASC arasında 116.48 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə ilik 1% olmaqla 21.08.2019-cu il tarixli, 08-19-23-096100 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin cavabdeh Müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə İddiaçı ASC -yə 115.48 manat əsas kredit borcu, 0.96 manat faiz borcu olmaqla, cəmi 116.44 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, kreditor İddiaçı ASC tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində İddiaçı ASC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.02 % miqdarında dəbbə(penya) pulu ödəyir. Kredit müqaviləsinin 4.7-ci bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmıış faiz məbləğləri ilə əlaqədər yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə Borc alan Borc verənə verilmiş kredit məbləğinin 0.02% miqdarında cərimə faiz ödəyir. Kredit müqaviləsinin 4.8-ci və 4.9-cu bəndinə əsasən cavabdeh borc alan müqavilə üzrə öhdəlikləri vaxtında və ya lazımı qaydada icra etməzsə, həyata keçirilən ödənişlər ilk növbdədə müqavilə ilə nəzərdə tutulmuş cərimələrin, sonra faizlərin və ən sonda kreditin əsas məbləğinin ödənilməsinə yönəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında 116.48 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə ilik 1% olmaqla 21.08.2019-cu il tarixli, 08-19-23-096100 saylı kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan 19.02.2021-ci il tarixli Sum/066 saylı arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 19 fevral 2021-ci il tarixinə 115.48 manat əsas kredit borcu, 0.96 manat faiz borcu olmaqla, cəmi 116.44 məbləğində borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 20 manat dövlət rüsumunu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 115.48 manat əsas kredit borcu, 0.96 manat faiz borcu olmaqla, cəmi 116.44 manat kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21.08.2019-cu il tarixli, 08-19-23- 096100 saylı kredit müqaviləsi ləğv edilsın. Cavabdeh 115.48 manat əsas kredit borcu, 0.96 manat faiz borcu olmaqla, cəmi 116.44 manat kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı ASC nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar