Məhkəmə qərarları › İş №2(060)-4220/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4220/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4220/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3400 manat məbləğində borcun və dövlət rüsumu kimi ödədiyi 55 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2020-ci ilin fevral ayında iddiaçıya müraciət edərək ona borc pul lazım olduğunu bildirmiş və ondan xx.xx.2020-ci ildə 500 manat, xx.xx.2020-ci ildə 1100 manat, xx.xx.2020-ci ildə isə 1800 manat olmaqla, ümumilikdə 3400 manat məbləğində pul almış və həmin pulları alarkən 1 ay müddətində qaytaracağına söz versə də, aldığı pulları iddiaçıya qaytarmamışdır. Cavabdeh bu pulları iddiaçıdan alarkən yazılı iltizam da vermişdir. O pulları iddiaçıdan alarkən özünün maaş kartını girov qoymuş, lakin sonradan məlum olmuşdur ki, həmin kart saxtadır, oraya pul yüklənmir. Dəfələrlə pulunu tələb etsə də, o, aldığı pulları iddiaçıya qaytarmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdeh oğlunun dostudur. Cavabdeh avtoqəza etdiyini, bunun üçün də ona pul lazım olduğunu bildirdiyi üçün ona borc pul vermişdir. Maaş kartını bankomata saldıqdan sonra kartın saxta olduğunu müəyyən etmişdir. Cavabdeh 1800 manat da qızından alıb. Cavabdehin audio diskdə məhkəməyə təqdim etdiyi səs yazıları onun səsinə bənzəsə də onun səsi deyildir. Ola bilər ki, həmin səs montaj olunub. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Əvvəl iddiaçıdan 500 manat yox, 300 manat borc pul götürüb əvəzində isə telefonunu girov qoymuşdur. İddiaçı onun telefonunu satıb. O, iddiaçıdan ümumilikdə 700 manat pul götürmüşdür. Götürdüyü puldan da artıq məbləğdə iddiaçıya pul ödəyib. Lakin, iddiaçı pulu ona faizlə verdiyi üçün məcbur edərək ona qəbzlərdə artıq məbləğ qeyd etdirmişdir. Bunu iddiaçı ilə aralarında gedən danışıqların əks olunduğu səs yazıları da təsdiq edir. Səs yazısında iddiaçı özü ona deyir ki, həmin məbləği qeyd etsin. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1954-cü ildə, Balakən şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1997-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına cavabdeh tərəfindən yazılmış iltizamlar əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli iltizamda qeyd edilmişdir ki, “mən X3 xx.xx.2020 X1 1100 AZN borca pul aldım və 1 ay müddətinə qaytaracam. Əvəzində mənə məxsus olan maaş kartını qoyuram. ” xx.xx.2020-ci il tarixli iltizamda qeyd edilmişdi ki, “mən X3 xx.xx.2020 İddiaçı borc olaraq 1800 manat pul aldım və xx.xx.2020-ci il qaytaracam.” xx.xx.2017-ci il tarixli iltizamda qeyd edilmişdi ki, “mən X3 xx.xx.2020 İddiaçı borc olaraq 500 AZN pul aldım və xx.xx.2020-ci il tarixə qaytaracam.” İltizamların aşağı hissəsində cavabdehin ad, soyadı, telefon nömrələri qeyd edilmiş və imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X2 öz ifadəsində bildirmişdir ki, cavabdehlə qonşudurlar. O, özü də iddiaçıdan müəyyən məbləğdə pul götürmüşdür. Cavabdehin iddiaçıya borcun alınmasına dair qəbzi yazıb imzalamasında o da iştirak etmişdir. Orada iddiaçı, cavabdeh və o iştirak etmişlər. Audio diskdəki səs yazıları iddiaçıya, cavabdehə və ona məxsusdur. İddiaçı cavabdehə təkid etmişdir ki, ondan pul almasına dair qəbz yazaraq imzalasın. Cavabdehə də belə bir qəbz yazaraq imzalamışdır. Səhv etmirsə cavabdeh 1600 manat pul almasına dair qəbz imzalayıb. Lakin, həmin vaxt cavabdeh iddiaçıdan heç bir pul götürməyib. Onda olan məlumata görə cavabdeh iddiaçıdan cəmi 600 manat pul götürüb. İş materiallarına disk yazısı əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Mülki Məcəlləyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1.). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (740.1.). İddiaçı hazırda cavabdehə 3400 manat borc pul verdiyini və cavabdehin həmin pulu qaytarmadığını bildirərək həmin pulu cavabdehdən tələb edir. Cavabdeh isə iddiaçıdan 700 manat pul aldığını və həmin məbləği iddiaçıya qaytardığını bildirir. İddiaçı öz tələbinin sübutu kimi cavabdeh tərəfindən yazılıb imzalanmış əlyazılarını məhkəməyə təqdim etmişdir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər: - sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi; - sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması; -qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi. Sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən 1100 manat alınmasını qeyd etdiyi xx.xx.2020-ci il tarixli qəbzdə cavabdeh həmin məbləği X1 aldığını qeyd etmişdir. Yəni, həmin məbləğin hazırkı iş üzrə iddiaçıya hər hansı aidiyyəti yoxdur. İddiaçı Afaq Əzimovanın onun qızı olduğunu bildirsə də, qeyd edilməlidir ki, iddiaçı həmin şəxsin adından etibarnamə və ya digər səlahiyyət verən sənəd əsasında iddia qaldıra bilərdi. Lakin, iddiaçı qeyd olunan əlyazmasına əsaslanaraq həmin məbləği öz xeyrinə tələb edir ki, buna subyektiv hüququ mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş audiodiskdə olan səs yazısı məhkəmə iclasında dinlənilmişdir. Həmin səs yazısının ümumi məzmunundan görünür ki, ki, iddiaçı və cavabdeh arasında gedən danışıq zamanı iddiaçı cavabdehin ona 1800 manat borcu olmasında dair qəbz yazmasını, qəbzin tarixinin 25 aprel 2020-ci il kimi göstərməsini təkid edir. Cavabdeh isə iddiaçıya 700 manat borcu olduğunu bildirir. İddiaçı səs yazısının ona məxsus olmadığını bildirsə də, məhkəmə iclasında ifadə vermiş şahid X2 həmin səs yazısının həqiqiliyini təstiq etmiş və səs yazısındakı səslərin tərəflərə və ona məxsus olduğunu bildirmişdir. Göründüyü kimi cavabdehin iddiaçıdan 1800 manat pul alması barədə xx.xx.2020ci il tarixli iltizam tərtib edilərkən cavabdehin iddiaçıdan hər hansı məbləğdə pul almadığı iş materialları ilə təsdiqlənir. Digər xx.xx.2020-ci il tarixli əlyazmasında isə cavabdeh iddiaçıdan 500 manat məbləğində pul aldığını etiraf etmişdir. Mülki Məcəlləyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olduğunu yazılı şəkildə etiraf etmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 700 manat pul aldığını və həmin məbləği iddiaçıya qaytardığını bildirmişdir. Belə olan halda həmin məbləğin iddiaçıya qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 700 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 55 manat dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 700 (yeddi yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar