Məhkəmə qərarları › İş №2(060)-4222/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4222/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4222/2022 10.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1400 manat borcun və ödənilmiş 35 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2020-ci ildə ona müraciət edərək pul lazım olduğunu bildirmiş və ondan 700 manat məbləğində pul almış və həmin pulu alarkən xx.xx.2020-ci il tarixə kimi qaytaracağına söz vermiş, bu barədə yazılı iltizam da yazmış, şəxsiyyət vəsiqəsini və avtomaşınının texniki pasportunu girov kimi qoymuşdur. Bundan başqa cavabdeh ondan xx.xx.2020-ci il tarixdə təkrarən 700 manat pul almış və həmin pulu da xx.xx.2020-ci il tarixə kimi qaytaracağı barədə iltizam vermişdir. Ümumilikdə cavabdeh ondan 1400 manat məbləğində pul almış, lakin həmin pulu ona qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh tərəfindən hazırki vaxtadək heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin 18.0.2022-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. O, iddiaçıdan 500 manat almış və həmin pula görə hər ay 200 manat faiz ödəmişdir. 4 ay 200, 1 ay isə 100 manat olmaqla, ümumilikdə isə 900 manat pul ödəmişdir. İltizamlar iddiaçının təkidi ilə onun tərəfindən yazılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır: Mülki iş materiallarından olan: xx.xx.2020-ci il tarixli Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı xx.xx.2020-ci il tarixində qaytarmaq şərti ilə 700 manat borc götürmüşdür. xx.xx.2020-ci il tarixli Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, İddiaçı xx.xx.2020-ci il tarixdə qaytarmaq şərti ilə 700 manat borc götürmüşdür. Göründüyü kimi tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.-ci maddəyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. İddiaçı tərəf ayrı-ayrı vaxtlarda cavabdehə ümumilikdə 1400 manat borc verildiyini, cavabdehin həmin məbləği qaytarmadığını iddia edir və qeyd olunan məbləğdə borc verildiyini təsdiq edən sübut növü olaraq cavabdeh tərəfindən yazılmaqla imza edilmiş qəbzlərə istinad edir. Cavabdeh bu iltizamların mətninin onun tərəfindən yazıldığını etiraf etdi. 4/1174 nömrəli 31 avqust 2022-ci il tarixli məhkəmə-xətşünasdıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh adından olan xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli iltizamlarda “Hüseynov” soyadının qarşısındakı imzalar- Cavabdeh tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq həmin qəbzləri və məhkəmə-xətşünaslıq ekspertizasının rəyini sübut növü kimi qəbul edir və mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddia təmin edilməli, Cavabdeh 1400 manat İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 127 manat Cavabdeh alınaraq X1 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 127 (bir yüz iyirmi yeddi) manat Cavabdeh alınaraq X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar