Məhkəmə qərarları › İş №2(060)-4238/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4238/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4238/2021 07.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 katibliyi ilə, iddiaçı X2 cavabdeh Borclu qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 (bundan sonra - iddiaçı) Borclu (bundan sonra - cavabdeh) pulun tutulması barədə məhkəmə əmrinin verilməsi barədə ərizə ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2900 manat məbləğində pul və 20 manat dövlət rüsumu olmaqla, cəmi 2920 manatın tutularaq ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1987-ci ildə anadan olmuş cavabdeh 25.04.2016-cı ildə iddiaçının yanında gələrək pula ehtiyacı olduğunu bildirmiş və ondna 1900 manat, 23.05.2016-cı il tarixdə isə təkrarən iddiaçının yanına gələrək ondan 1000 manat məbləğində borc almışdır. Cavabdeh bu barədə öz xətti ilə qəbz tərtib edərək borcunu imzası ilə təsdiq etmişdir. O, aldığı borc pulu tez bir zamanda qaytaracağına söz vermişdir. Lakin cavabdeh iddiaçıdan götürdüyü cəmi 2900 manatdan bu günə kimi bir manat da geri qaytarmamışdır. İddiaçı dəfələrlə ona zəng vuraraq pulunu tələb etdikdə o, cavabında pulu tez bir zamanda verəcəyinə dair yalandan vədlər verir, son zamanlar isə telefon zənglərinə cavab vermir. Beyləqan Rayon Məhkəməsinin 11.07.2017-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh məhkəmə əmrinin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh qərardaddan şikayət vermiş və Beyləqan Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. Həmin məhkəmənin 19.03.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07.05.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. İddiaçı məhkəməyə ünvanladığı teleqramda işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iş materiallarında olan 1000 manat məbləğində borcla bağlı qəbzi o imzalamışdır. Lakin 1900 manat borcla bağlı qəbzdə olan imza ona məxsus deyildir. İddiaçı cavabdehə faizlə borc pul vermişdir. O, iddiaçıya bu borcu qaytarmış, nəticə etibarilə iddiaçıya heç bir borcu qalmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı 19.05.1965-ci ildə, Ağcabədi rayonunda anadan olmuş, hazırda Ağcabədi rayonu, Sarvanlar kəndində qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1987-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında yaşayır. İş materiallarına yazılı qəbzlər əlavə edilmişdir. Əlyazma formasında olan və cavabdehin adından yazılaraq imzalanmış qəbzin birində göstərilmişdir ki, “mən Borclu vətəndaş X1 bir min doqquz yüz manat götürdüm. Həmin məbləğdən hər ay 100 manat verməyə söz verirəm”. Qəbz cavabdehin adından imzalanmışdır. Digər qəbzdə isə göstərilmişdir ki, “mən Borclu vətəndaş X1 borc olaraq 100 manat götürdüm. Bir ay ərzində qaytaracam”. Qəbz cavabdehin adından imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizası barədə rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 7-ci vərəqində cavabdehin adından olan qəbzdə “imza” qrafasındakı imza- cavabdeh tərəfindən icra olunmuşdur. İddiaçı təqdim etdiyi ödəniş qəbzlərinə əsaslanaraq həmin məbləği iddiaçıdan tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi iddiaçı cavabdehə 2900 manat məbləğində borc verdiyini bildirir və həmin pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. İş materiallarında olan yazılı qəbzlərdə borc etiraf edildiyi üçün həmin qəbzlərə borcun etirafı haqqında müqavilə kimi yanaşılmalı və mübahisəyə Mülki Məcəllənin borcun etirafı haqqında müqavilə ilə bağlı müddəaları tətbiq edilməlidir. Mülki Məcəllədə göstərilmişdir ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Cavabdeh 1000 manatlıq borca dair qəbzdə olan imzanın ona məxsus olduğunu etiraf etmiş, 1900 manatlıq borca dair qəbzin isə onun tərəfindən imzalanmadığını bildirmişdir. Bu səbəbdən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyində həmin qəbzdə olan imzanın da cavabdehə məxsus olması təsdiq edilmişdir. Cavabdeh aldığı borc məbləğini qaytardığını bildirsə də, borcun qaytarılmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə borcun qaytarılması barədə cavabdehin dəlilini əsassız hesab edir. Məhkəmə hesab edir ki, iddia edilməlidir. İddia təmin edildiyi üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 manat cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2900 (iki min doqquz yüz) manat pul və ödənilmiş 20 manat dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçı X3 verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat pul Borclu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar