Məhkəmə qərarları › İş №2(060)-4239/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4239/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4239/2025 04.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi kimi 550 manat pulun, mənəvi zərərin əvəzi kimi 250 manat pulun və rüsum kimi ödənilmiş 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə qonşudur. Uzun müddətdir cavabdeh və onun iki övladı ilə ciddi problemləri var. Cavabdeh bu zamana qədər ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Belə ki, cavabdeh evinin kondisinerinin borusunu kəsərək 50 manat ziyan vurmuşdur. Daha sonra cavabdeh evin elektirik naqillərini kəsərək 200 manat ziyan vurmuşdur. Bu azmış kimi cavadeh dəfələrlə ona aid mənzilin qapısını qırıb və bununla da ona 200 manat ziyan vurub. Hətta cavabdehin qapını qırması nəticəsində 1 gün evdən çıxa bilməmiş, Fövqaladə Hallar Nazirliyinin nümayəndələri əraziyə gələrək polis əməkdaşları ilə birlikdə onu mənzildən çıxarmışlar. Cavabdeh 2024cü ildə onunla mübahisə edərək əlini qapı arasında qoymuşdur. Bunun əsasında onun əli xəsarət almışdır. Bununla bağlı həkimdən rəy alınmışdır. Həmin xəsarət nəticəsində 100 manat ziyan dəymişdir. Cavabdehin çirkin əməlləri bununla da bilmir. Cavabdeh və onun övladları daima onu təhqir edir və ona sakinlərin arasında nalayiq sözlər deyirlər. Daima mənzilinin qapısını murdarlayırlar. Bütün baş verənlərlə bağlı dəfələrlə Sumqayıt şəhər 3cü Polis Bölçəsinə şikayətlər etmişdir. Cavabdeh, bu zamana kimi etdiyi hərəkətlərə əsasən sonda məhkəmə qərarı əsasında cərimələnmişdir. Cavabdeh və onun övladlarının hərəkətləri qanuna ziddir və cərimələnsə belə öz əməllərindən əl çəkmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O, qeyd etdi ki, iddiaçıya heç bir zərər vurmamışdır, iddiaçı ona qarşı olduqca qərəzlidir. Məhkəmə, mübahisə üzrə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-1844/2024 saylı qərarından görünür ki, X1 (AZEMİS məlumatlarına görə cavabdehin oğlu) Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. - Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı X2 (cavabdehin qızı) haqqında etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh haqqında etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər qonşudurlar və eyni binada yaşayırlar. Onların arasındakı münasibətlər olduqca pisdir və iddiaçı cavabdeh, habelə onun övladları barəsində bir neçə dəfə hüquq-mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi kimi 550 manat pulun, mənəvi zərərin əvəzi kimi 250 manat pulun və rüsum kimi ödənilmiş 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia edir ki, cavabdeh ona məxsus kondisinerin borusunu kəsərək 50 manat, elektirik naqillərini kəsərək 200 manat, mənzilin qapısını qıraraq 200 manat, 2024-cü ildə onunla mübahisə edərək əlini qapı arasında qoymaqla 100 manat zərər vurmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Göründüyü kimi, zərərin əvəzinin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, zərər vurmadan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı istinad etdiyi halları öz dəlilləri ilə sübuta yetirə bilməmişdir. Onun dəlilləri formal xarakter daşıyır və iddinın təmin edilməsi üçün yetərli deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi iş materilları ilə sübuta yetirlmədiyindən və beləliklə də cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəlik daşımadığından əsassızdır. Cavabdehin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş–müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. İddia tələbinin dəymiş mənəvi zərərin əvəzinin tutulması hissəsinə qiymət verərək məhkəmə qeyd edir ki, bu hissədə də tələb əsassızdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. ... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmin Qərarda nəzərdə tutulmuşdur ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Yuxarıda da qeyd ediliyi kimi, iddiaçıya dəymiş maddi zərərdə cavabdehin təqsiri sübuta yetirilmədiyindən ondan mənəvi zərərin əvəzinin tələb edilməsi də əsassızdır. İddiaçı cavabdehin hüquqa zidd əməlləri nəticəsində mənəvi iztirab və sarsıntı keçirməsi barədə mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir və buna görə də iddia bu hissədə də rədd olunmalıdır. İddiaçının özünün izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, AR MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin tutulması barədə tələbi təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar