Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4258/2024 10.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 18% ödəmək şərtilə 3712 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 20 may 2024-cü il bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 2885,21 manat əsas, 611,41 manat faiz olmaqla, cəmi 3496,62 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2885,21 manat əsas, 611,41 manat faiz borcu olmaqla, cəmi 3496,62 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 55,37 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1405nkSUM/22 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 18% ödəmək şərtilə 3712 manat məbləğində kredit verilmişdir.
8. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1405nkSUM/22saylı kredit müqaviləsi üzrə banka 2885,21 manat əsas, 611,41 manat faiz, cəmi 3496,62 manat məbləğində borcu mövcuddur.
9. İş materiallarında olan "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 2885,21 manat əsas, 536,55 manat faiz olmaqla, cəmi 3421,76 manat borcunun olduğu bildirilmiş, borcun 3 iş günü müddətində qaytarılması, əks təqdirdə bütün borc məbləğinin qaytarılması üçün məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1405nkSUM/22 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 18% ödəmək şərtilə 3712 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
14. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
16. Qeyd olunan Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də əsas borcun cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir.
18. Həmçinin, iddiaçı iddia qaldırarkən xx.xx.2024-cü il tarixə 611,41 manat faiz hesablandığını göstərmişdir.
19. Məhkəmə qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş göndərildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.
20. Belə olan halda, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə ondan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir.
21. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia faiz borcu hissəsində qismən, xx.xx.2024-cü il tarixli bildirişdə göstərilən məbləğdə (536,55 manat) təmin edilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 55,37 manat məhkəmə xərci də cavabdehə aid edilməlidir.
25. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2885,21 (iki min səkkiz yüz səksən beş manat, iyirmi bir qəpik) manat əsas, 536,55 (beş yüz otuz altı manat, əlli beş qəpik) manat faiz borcu olmaqla, cəmi 3421,76 (üç min dörd yüz iyirmi bir manat, yetmiş altı qəpik) manat məbləğində pul və 55,37 (əlli beş manat, otuz yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Nəticə hissəsi:
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2885,21 (iki min səkkiz yüz səksən beş manat, iyirmi bir qəpik) manat əsas, 536,55 (beş yüz otuz altı manat, əlli beş qəpik) manat faiz borcu olmaqla, cəmi 3421,76 (üç min dörd yüz iyirmi bir manat, yetmiş altı qəpik) manat məbləğində pul və 55,37 (əlli beş manat, otuz yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" KB ASC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva