Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4270/2022 16.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 13800 manat əmlakına dəyən zərərin əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** TH *** dövlət nömrə nişanlı, “NİSSAN X- TRAİL” markalı minik avtomaşını iddiaçıya məxsusdur. İddiaçı 05 iyul 2021-ci il tarixdə oğlu Xalid Hüseynovla birlikdə Bakı şəhərindən həmin avtomobillə çıxıb təxminən saat 17:00 radələrində Abşeron rayonu, Novxanı çimərliyinə gedərkən Abşeron rayonu, Masazır Duz gölü ətrafındakı yolla Novxanı istiqamətində qəfildən avtomobilinin arxa sol tərəfindən güclü zərbə dəyməsi nəticəsində avtomobili bir gədər qarşıya doğru gedib yolun sağ hərəkət zolağında damı üstə aşmışdır. İddiaçı avtomobilin sol qabaq pəncərəsindən, oğlu Xalid isə arxa pəncərədən bayıra çıxmışlar. Həmin vaxt orada olan şəxslərdən eşitmişdir ki, qırmızı Mersedesin tormozu tutmadığı üçün toqquşma baş vermişdir. Sonra təcili yardım maşını gəlib iddiaçını və oğlunu Respublika kliniki xəstəxanasına aparmışlar. İddiaçı hadisənin necə baş verdiyini görməmişdir. Yalnız maşınına zərbə dəyəndə hiss etmişdir ki, toqquşma baş verib. Göstərilən yol-nəqliyyat hadisəsi “Mersedes-Benz C180” markalı **-SP-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən cavabdehin AR İXM-nin 327.2 və 327.8 maddələrində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Nəticədə avtomobilin gövdəsinə, ban hissəsinə, mühərrik hissəsinə, alt işlək hissəsinə ziyan dəymişdir. İddiaçı avtomobili 10 gün əvvəl 1000 manat beh alaraq 21500 manata satmaq barədə razılaşmışdı. Qəza nəticəsində alıcı avtomobili almaqdan vaz keçmişdir. Təmirsiz vəziyyətdə avtomobilə 9000 manat təklif edilir ki, bu da avtomobili əvvəl razıladığı qiymətlə 13500 manat fərq edir. Avtomobilə dəymiş ziyandan əlavə əldən çıxmış fayda 4875 manat edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, cavabdehin təqsiri cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla da müəyyən edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, ekspertin avtomobilə nə vaxt baxış keçirməsi məlum deyildir. Hansı təmir işlərinin görüldüyü barədə məlumat yoxdur. Onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildikdən sonra Abşeron RPİ-nin DYPŞ tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən sürücülük hüququ məhdudlaşdırılması və cərimə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Hesab edir ki, avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı ekspert rəyində göstərilənlər reallığı əks etdirmir. Bu səbəbdən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1950-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.2000-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Abşeron rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərara əsasən cavabdehin əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Abşeron rayon Polis İdarəsinin Dövlət X5 göndərilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı cavabdeh öz izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixində, saat 18:30 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobillə Masazır duz gölü ərazisində yerləşən «Azpetrol» istiqamətində saatda təxminən 70 km sürətlə hərəkətdə ,olmuşdur. Həmin yolda əks istiqamətdən Novxanı istiqamətində hərəkətdə olan «X4» markalı və ardınca isə sağ tərəfində Nissan markalı avtomobil hərəkətdə olmuşdur. Həmin vaxt Mersedes Braburs markalı avtomobilin sürücüsü sürəti artırıb Nissanı ötüb keçmək istəyərkən onun qabaq sol buferi onun idarə eydiyi avtomobilin qabaq sol tərəfindən dəyərək avtomobilinin istiqamətini sola dəyişdiyindən Braburs markalı avtomobil onun idarə etdiyi avtomobilin sağ tərəfindən toqquşmuş və nəticədə avtomobili sürüşüb yolun sol kənarında gölün ətrafina çəkilmiş hasara dirənib dayanmışdır. Braburs markalı avtomobilin avtomobili ilə toquşmadan sonra nə baş verdiyini hiss etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 8/1816 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərinə görə Mercedes Benz C180 markalı, 99SP611 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisənin qaşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün deyildir. İş materialına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müstəqil ekspert rəyinə əsasən yol nəqliyyat hadisəsi zamanı zərbə tədqiq olunan avtomobilə sol yan hissədən dəymişdir. Zərbə nəticəsində avtomobil bir neçə dəfə aşaraq dam üstə dayanmışdır. Sonda avtomobilin gövdəsi, ban hissəsi, mühərrik hissəsi, alt işlək hissəsi zədələnmişdir. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri 8625 manat təşkil edir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən iddiaçı **-TH-*** qeydiyyat nişanlı, “NİSSAN X-TRAİL” markalı nəqliyyat vasitəsinin sahibidir. Abşeron rayon Polis İdarəsinə göndərilmiş məhkəmə sorğularına əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş HK-1/5317 sayl material Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı bildiriş ünvanlanmışdır. İş materiallarına hadisənin xəritəsi əlavə edilmişdir. İş materiallarına **-TH-*** qeydiyyat nişanlı, NİSSAN X-TRAİL markalı nəqliyyat vasitəsinin foto-şəkilləri əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Göründüyü kimi iş materiallarında olan sübutlar əsasında xx.xx.2021-ci il tarixli yolnəqliyyat hadisəsi nəticəsində cavabdehin təqsiri üzündən iddiaçıya maddi ziyan vurulması sübuta yetirilir. Belə ki, cavabeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Abşeron rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildikdən sonra toplanmış material əsasında Abşeron RPİ-nin DYPŞ tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən sürücülük hüququnun məhdudlaşdırılması və cərimə inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş müstəqil ekspert rəyindən də göründüyü kimi avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri 8625 manat təşkil edir. Məhkəmə hesab edir ki, **-TH-*** qeydiyyat nişanlı, NİSSAN X- TRAİL markalı nəqliyyat vasitəsinə dəyən zərər həmin məbləğdə müəyyən edilməlidir. Rəydən də göründüyü kimi avtomobil zədələnmiş vəziyyətdə qiymətləndiriciyə təqdim edilmiş və qiymətləndirici avtomobilin həmin vəziyyətinə uyğun olaraq real rəy vermişdir. Cavabdeh həmin rəyi mübahisələndirsə də qeyd edilməlidir ki, **-TH-*** qeydiyyat nişanlı, “NİSSAN X-TRAİL” markalı avtomobil artıq təmir edilmişdir. İş üzrə yenidən ekspertiza təyin edilərsə, təmir edilmiş avtomoblə baxış keçirməklə ekspertin verəcəyi rəy tam olaraq reallığı əks etdirməyəcəkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). Göründüyü kimi iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın iş üzrə ekspert rəyində müəyyən edilmiş məbləği cavabdeh tərəfindən mübahisələdirilsə də, həmin rəyin əsassızlığı ilə bağlı iş materiallarında hər hansı sənəd mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı avtomobili 10 gün əvvəl 1000 manat beh alaraq 21500 manata satmaq barədə razılaşdığını, qəza nəticəsində alıcının avtomobili almaqdan vaz keçdiyini və nəticədə 4875 manat faydadan məhrum olduğunu bildirsə də, məhkəməyə qeyd edilən halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən müstəqil qiymətləndiriciyə ödənilmiş 300 manat xidmət haqqının 150 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 8625 (səkkiz min altı yüz iyirmi beş) manat dəymiş ziyanın əvəzi və müstəqil qiymətləndiriciyə ödənilmiş 150 (yüz əlli) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4270/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4270/2022
16.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver