Məhkəmə qərarları › İş №2(060)-4276/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4276/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4276/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh X1 qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” MMC (bundan sonra – iddiaçı) X1 (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 883,50 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir (284-4.1.4). Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz (284- 4.2.). Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır (284-4.3.). Müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında olan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi 15 ay müddətinə bağlanmışdır. İşdə olan ödəniş cədvəlinə əsasən müəyyən edilir ki, cavabdeh son ödənişi xx.xx.2021-ci ildə etməli idi. Göründüyü kimi, müqavilənin icra müddəti bitməmişdir. Müqavilədə cavabdehin müqavilə şərtlərinə əməl etmədiyi təqdirdə iddiaçının bütün müqavilə dövrü üçün hesablanmış borcu tələb edə bilmək hüququ təsbit edilməmişdir. Lakin, iddiaçı cavabdehdən müqavilə üzrə əsas borc məbləğini bütövlükdə tələb edir. Belə olan halda iddiaçı müqavilənin ləğv edilməsi tələbini irəli sürmədən bütün müqavilə müddəti üçün nəzərdə tutulmuş əsas borcu tələb edə bilməzdi. Lakin, sadələşdirilmiş icraat qaydasında yalnız pul tələbinə dair (digər əlavə tələblər olmadan) iddialara baxılması mümkün olduğundan hazırkı tələbə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı tələbetmə hüququ barədə mübahisə olduğundan kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-4-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı “xxxx” MMC-nin cavabdeh X1 qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbulundan imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar