Məhkəmə qərarları › İş №2(060)-4292/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4292/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4292/2023 03.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması»na dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Kreditor İddiaçı ASC borclu Cavabdeh qarşı «borcun tutulması» barədə əmr qaydasında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən DəmirTaksit kredit kartı vasitəsilə illik 27 faizlə 36 ay müddətinə 800 manat məbləğində kredit xətti verilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən, kartdan məxaric olunan məbəğ 0-50 manat aralığında olduqda 3 faiz, 50.01-100 manat aralığında olduqda 5,5 faiz, 100,01-200 manat aralıqda olduqda 9,5 faiz, 200,01-2000 manat aralığında olduqda 19 faiz komissiya hesablanır. Müqavilənin 3.7ci maddəsinə əsasən isə, tutulan komissiya borc məbləği ilə birlikdə ümumi borc məbləği hesab olunur. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2016-cı ilədək Cavabdeh banka xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 810,08 manat əsas borc, 151,89 manat faiz borcu olmaqla, cəmi 961,67 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 aprel 2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 810,08 manat əsas, 151,89 manat faiz, cəmi 961,97 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumu məbləğində vəsaitin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 2(060)-17059/2016 saylı məhkəmə əmri ilə xx xxxxx 1961-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh ünvan 2 ünvanında yerləşən İddiaçı ASCnin xeyrinə 810,08 manat əsas, 151,89 manat faiz, cəmi 961,97 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir.

3. xx.xx.2023-cü il tarixdə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 2(060)-17059/2016 saylı əmrinə dair etiraz verərək, əmrin ləğv edilib iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəmənin 05 iyun 2023-cü il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 2(060)- 17059/2016 saylı əmri ləğv edilmiş, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc tələbi» barədə ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, o, iddiaçı bankdan vaxtı ilə ümumi 1270 USD kredit və kart götürmüş və həmin krediti artıqlaması ilə ödəmişdir. Hətta o, iddiaçı banka kredit ödənişi ilə bağlı etdiyi əlavə ödənişləri ona geri qaytarmalı olduqlarını da bildirmişdir. Kredit borcu ilə əlaqədar sonuncu ödəniş 2023-cü ildə 193 manat olmuşdur. Bildirir ki, iddiaçı bank tərəfindən ona kredit götürdüyü üçün kart verilmişdir. Daha sonra o, kredit borcunu tam ödəsə də, kartın onda qalmalı olduğu bildirilmişdir. Hazırda sözügedən karta görə iddiaçı banka 800 manat borcu var. Belə ki, bankın əməkdaşlarından kredit borcu üçün ödədiyi əlavə ödənişlərin kart hesabında olan borcun bağlanması məqsədilə həmin karta köçürmə etmələrini xahiş etsə də, bankın əməkdaşları tərəfindən heç bir addım atılmamışdır. İddiaçı bankın əməkdaşları ona bildirdilər ki, bank hazırda ləğv prosesində olduğu üçün heç bir rəsmi sənəd verə bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2015-ci il tarixli, № 29 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh kredit kartı vasitəsilə 24 ay müddətinə 800 manat məbləğində kredit verilmişdir.

11. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur.

12. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka əsas borc üzrə 810,08 manat, faiz borcu 151,89 manat, cəmi 961,97 manat borcu qalmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış 08 aprel 2015-ci il tarixli, № 29 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh kredit kartı vasitəsilə 24 ay müddətinə 800 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu mövcuddur.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

19. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 810,08 (səkkiz yüz on manat, səkkiz qəpik) manat əsas, 151,89 (bir yüz əlli bir manat, səksən doqquz qəpik) manat faiz, cəmi 961,97 (doqquz yüz altmış bir manat, doxsan yeddi qəpik) manat məbləğində pul, habelə 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 810,08 (səkkiz yüz on manat, səkkiz qəpik) manat əsas, 151,89 (bir yüz əlli bir manat, səksən doqquz qəpik) manat faiz, cəmi 961,97 (doqquz yüz altmış bir manat, doxsan yeddi qəpik) manat məbləğində pul, habelə 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar