Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4293/2023 05.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tutulması»na dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Kreditor "xxxx" KB ASC borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 34 ay müddətinə illik 26% ödəmək şərtilə 11350 ABŞ dolları məbləğində kredit verilmişdir. (kredit müqaviləsinin 1-ci maddəsi). Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxanda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüblər. Lakin borclular kredit müqaviləsi və zaminlik müqaviləsi ilə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Göstərilənlərə əsasən borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada iddiaçının xeyrinə 10468,64 ABŞ dolları əsas, 324,86 ABŞ dolları faiz, 20,17 ABŞ dolları cərimə olmaqla, cəmi 10813,67 ABŞ dolları borcun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(060)-1563/2016 saylı məhkəmə əmri ilə xx.xx.1974-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh1 və xx.xx.1988-ci ildə Dəvəçi rayonu, Yenikənd kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan borclu Cavabdeh2 və xx.xx.1960-cı ildə ünvan 3 ünvanında qeydiyyatda olan borclu Cavabdeh3 birgə qaydada kreditor "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 10468,64 USD əsas, 324,86 USD dollar faiz, 20,17 USD dollar cərimə, cəmi 10813,67 USD dollar borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir.
3. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(060)-1563/2016 saylı əmrinə dair etiraz verərək, əmrin ləğv edilib iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəmənin 05 iyun 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(060)- 1563/2016 saylı əmri ləğv edilmiş, kreditor "xxxx" ASC-nin borclular Cavabdeh1, Cavabdeh2 və Məmmədov Ağamalla oğluna qarşı «kredit müqaviləsi üzrə borc tələbi» barədə ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
5. Sonradan iddiaçı "xxxx" KB ASC tərəfindən məhkəməyə ərizə göndərilərək, iddiaçının əsl İddiaçı ASC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdeh X1 izahat verərək, bildirmişdir ki, bankla bağlanan zaminlik müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, hələ də zamin qismində iştirak edir. Sözügedən borcla bağlı davamlı olaraq kart hesabından pul çıxılır və pul məbləği dəyişkən olur. Onun qeyd olunan məhkəmə əmrindən ümumiyyətlə məlumatı olmayıb. Əlavə olaraq da qeyd edir ki, təxminən 6 ay əvvəl əmək haqqından tutulmalar olan zaman zaminlik müqaviləsinin müddətinin uzadılmasından məlumatı olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, o, bankdan kredit götürmüş və ilk dəfə götürdüyü kredit ödənişlərini tam şəkildə həyata keçirmişdir. Yenidən kredit götürən zaman bank ona krediti dollar ilə verdi. Əvvəlcə maddi vəziyyəti yaxşı olduğu üçün ödənişləri vaxtı-vaxtında edirdi. Lakin, daha sonra dolların dəyərinin qalxma ehtimalı yarandı. Bu səbəbdən də, dollarla götürdüyü kredit məbləğinin manatla əvəzləşdirilməsi üçün banka müraciət etmiş, bank isə bununla razı olmamışdır. Belə ki, bankın əməkdaşlarına qiymətlər qalxacağı təqdirdə ödənişləri edəcək iqtidarda olmadığını bildirmişdir. Buna baxmayaraq, bank Cavabdeh2 də imzası ilə təsdiq olunmaqla müqavilənin müddətinin uzadılmasını təklif etdi. Müqavilənin müddəti uzadıldıqdan təxminən 1 ay sonra dollar məzənnəsinin qiymətində kəskin artım oldu. Eyni zamanda ona məxsus olan marketdə oğurluq hadisəsi oldu və o, bundan sonra müflisləşmişdir. Belə olduğu halda banka olan ödəmələrdə gecikmələr yaranmışdır. Eyni zamanda bildirmişdir ki, o, digər cavabdehlərin banka ödədikləri pulu onlara geri qaytarır. Odur ki iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
9. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinə etiaz edərək bildirmişdir ki, Cavabdeh1 iddiaçı bankdan borc götürdüyü zaman o və digər Cavabdeh3 sözügedən borca zamin durmuşlar. Borcun ödənilməsi ilə bağlı Cavabdeh1 pul tutulub iddiaçı banka ödənilməsi ilə əlaqədar məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra Cavabdeh1 borcu ödəmədiyi üçün ondan və digər Cavabdeh3 da iddiaçı bankın xeyrinə pul tutulur. Cavabdeh1 ilə qonşuluq münasibətləri var. Bildirir ki, Cavabdeh1 əmlakını həyat yoldaşının adına qeydiyyatdan keçirib. Cavabdeh1 borcu götürən zaman ödəyəcəyini bildirsə də, borcla bağlı ödənişləri tam olaraq həyata keçirmədi. Digər Cavabdeh3 da Cavabdeh1la qonşudur və hazırda onun da kart hesabından iddiaçı bankın xeyrinə pul tutulur. Sözügedən zaminlik müqaviləsi 3 il müddətində bağlanmasına baxmayaraq, təxminən 8-9 ildir ki, kart hesabından iddiaçı bankın xeyrinə pul tutulur. Hazırki vaxta qədər ondan təxminən 1600 manatdan çox pul tutulmuşdur. Bildirir ki, iddiaçı bank onun xəbəri olmadan zaminlik müqaviləsinin vaxtını uzatmışdır. Sonuncu dəfə kart hesabımdan pul tutulan zaman icra məmuru tərəfindən ona məlumat verilmişdir. Həmçinin bildirir ki, digər cavabdeh və zamin Cavabdeh3 da zaminlik müqaviləsinin uzadılmasından məlumatı olmamışdır. Cavabdeh1 iddiaçı banka olan ümumi borc məbləği təxminən 18000 manat idi. Sözügedən borcla bağlı 2016-cı ildən ödənişlər edilir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
10. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
11. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
13. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 29micSGS/15-EM saylı əsas kredit və bank hesabı müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə 30.000 manat məbləğində kredit xətti açılmışdır.
14. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən “zamin” “borcalan”ın bu Müqavilə və onun çərçivəsində bağlanmış bütün Əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə “borcverən” qarşısında “borcalan” ilə birgə məsuliyyət daşıyır.
15. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 435micSGS/15 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 34 ay müddətinə, illik 26% ödəmək şərtilə 11350 ABŞ dolları məbləğində kredit verilmişdir.
16. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka əsas borc üzrə 10468,64 USD, faiz borcu 324,86 USD, 20,17 USD cərimə borcu olmaqla, cəmi 10813,67 USD borcu qalmışdır.
17. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 435micSGS/15 saylı kredit müqaviləsi üzrə 9501 USD borcu qalmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" KB ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 29micSGS/15-EM saylı əsas kredit və bank hesabı müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə 30.000 manat məbləğində kredit xətti açılmış, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 435micSGS/15 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 34 ay müddətinə, illik 26% ödəmək şərtilə 11350 ABŞ dolları məbləğində kredit verilmiş cavabdehlər üzərinə düşən öhdəlikləri qismən icra etmiş və nəticədə onların banka 9501 ABŞ dolları məbləğində borcları mövcuddur.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
26. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
27. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, habelə sonuncu maliyyə arayışını əsas götürməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 9501 (doqquz min beş yüz bir) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 9501 (doqquz min beş yüz bir) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva