Məhkəmə qərarları › İş №2(060)-4296/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4296/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4296/2025 22.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və “X10 Kredit Təşkilatı” MMC-yə qarşı icra qeydinin ləğv edilməsi, kredit müqaviləsinin etibarsız hesab olunması və dəbbə pulu borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli icra qeydinin ləğv edilməsi və “X10 Kredit Təşkilatı” MMC ilə iddiaçı arasında bağlanmış 4583/2024 saylı kredit müqaviləsinin etibarsız sayılması və həmin kredit müqaviləsi üzrə əsassız hesablanmış dəbbə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan “X10 Kredit Təşkilatı” MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı və X3 məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 3806 ünvanında yerləşən bağ evinə tutma yönəldilməsi (öhdəliyi müəyyən eden 4497/2023, 4583/2024 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 47915,59 manat əsas borc, 13415,52 manat faiz borcu, 12208 manat dəbbə pulu borcu olmaqla, cəmi tutulmalı məbləğ 73539,11 manat təşkil edir) tələb olunur. Bu icra qeydi təmamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçıya ödənişlə bağlı heç bir xəbərdarlıq və ya bildiriş gəlməmişdir. İcra qeydi tərtib olunmadan öncə iddiaçıya xəbərdarlıq edilməli olduğu halda, qanunvericiliyin normaları pozularaq bu xəbərdarlıq olmadan birbaşa icra qeydi tərtib olunmuşdur. Belə olan halda, icra qeydi əsassız səbəbdən tərtib edilmişdir. Göstərilən kredit müqaviləsi üzrə hesablanmış tənasübsüz yüksək məbləğli dəbbə pulu da əsassız olduğundan ləğv edilməli, “X10 Kredit Təşkilatı” MMC ilə iddiaçı arasında bağlanmış 4583/2024 saylı kredit müqaviləsi etibarsız hesab olunmalıdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdeh “X10 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X7 iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O, əlavə etdi ki, 01 aprel 2025-ci il tarixli icra qeydi Azərbaycan Respublikasının “Notariat haqqında” Qanununun 76-cı maddəsinə əsasən, notarius tərəfindən icra üçün yararlı və hüquqi qüvvəyə malik sənədlər – kredit və ipoteka müqavilələri əsasında rəsmiləşdirilmişdir. İcra qeydi tərtib edilməzdən əvvəl, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq borclular – İddiaçı və X1 poçt vasitəsilə icra tələbinin yerinə yetirilmədiyi təqdirdə icra qeydi tərtib olunacağı barədə rəsmi yazılı bildirişlər göndərilmişdir. Bu bildirişlərin faktiki təqdim olunması poçt sənədləri və qəbzlərlə sübuta yetirilmişdir. Bildirişlərdən biri bilavasitə İddiaçı ailə üzvü – “oğlu Ruhin” tərəfindən imzalanaraq qəbul edilmişdir. İcra qeydi ilə bağlı prosedurlar tam qanunauyğun şəkildə həyata keçirilmiş və borclunun məlumatlandırılması təmin edilmişdir. İddiaçı tərəfindən 4583/2024 saylı kredit müqaviləsinin etibarsız hesab olunması tələbi irəli sürülmüşdür. İddiaçı nə müqavilə bağlandığı zaman, nə də onun icrası müddətində heç bir irad bildirməmiş, etiraz etməmiş, lakin müqavilə müddətində öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddia təmin oluna bilməz. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: 4497/2023 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı “X10 Kredit Təşkilatı” MMC-dən illik 32 % ödəmək şərtilə 36 ay müddətinə 40000 manat kredit götürmüşdür. 4583/2024 saylı xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı “X10 Kredit Təşkilatı” MMC-dən illik 32 % ödəmək şərtilə 36 ay müddətinə 12000 manat kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli ipoteka və xx.xx.2024-cü il tarixli sonrakı ipoteka müqavilələrindən görünür ki, hər iki kredit müqaviləsinin təminatı kimi X4 mülkiyyətində olan Sumqayt şəhəri, Novxanı bağ massivində yerləşən 3806 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ reyestrdən çıxarışla qeydə alınmışdır. “X10 Kredit Təşkilatı” MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı “X10 Kredit Təşkilatı” MMC-yə borcu aşağıdaki kimidir: 4497/2023 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 37427,91 manat əsas borc, 11079,30 manat faiz borcu, 9880 dəbbə pulu borcu, ümumi 58387,21 manat. 4583/2024 saylı xx.xx.2024cü il tarixli kredit müqaviləsi üzrə 10487,68 manat əsas borc, 2336,22 manat faiz borcu, 2328 manat dəbbə pulu borcu, ümumi 15151,90 manat. “X10 Kredit Təşkilatı” MMC-nin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, Cəmiyyət borcun məbləği və ipoteka predmetinə tutumanın yönəldilməsi barədə borclu və ipoteka qoyanı xəbərdar etmişdir. Bildiriş xx.xx.2025-ci il tarixdə “oğlu Ruhin” qeydi ilə imzalanaraq qəbul edilmişdir. “X10 Kredit Təşkilatı” MMC-nin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, Cəmiyyət ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişin qeydə alınmasını DƏDKR PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsindən xahiş etmişdir. DƏDKR PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X4 mülkiyyətində olan Sumqayt şəhəri, Novxanı bağ massivində yerləşən 3806 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, göstərilən ipoteka predmetinə tutma yönəldilmişdir. Tələb edilən borcun məbləği 73564,11 manat təşkil edir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən Sumqayıt şəhər İcra İdarəsində icra icraatına başlanılmışdır. İşdən görünür ki, iddia ərizəsindəki ilk tələb icra qeydinin ləğv edilməsi barədədir. Bu zaman iddiaçı ona istinad edir ki, icra qeydi verilməmişdən öncə tələblə bağlı ona məlumat verilməmişdir. Tələb edilən notariat işindən isə görünür ki, həm kredit müqaviləsi üzrə borc, həm də ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddiaçıya, habelə ipoteka qoyana bildirişlər göndərilmiş, iddiaçının bildirişi isə xx.xx.2025-ci il tarixdə “oğlu Ruhin” qeydi ilə imzalanaraq qəbul edilmişdir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Həmin Təlimatın 162-ci maddəsinə görə icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı: İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması...

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. İşdən görünür ki, notarius mübahisələndirilən icra qeydini verərkən sadalanan normaların tələbini pozmamış, qanunvericilikdə göstərilən qayada icra qeydi vermişdir. İcra qeydi əsasında ipoteka predmetinə yönəldilmiş tutma kreditorun qanunla nəzərdə tutulmuş hüquqlarının reallaşdırılmasıdır və burada heç bir qanun pozuntusu mövcud deyil. İpoteka qoyan şəxslər bu nəticənin hüquqi mümkünlüyünü bağladıqları müqavilənin şərtləri ilə əvvəlcədən qəbul etmişlər. İcra qeydinin qanunsuzluğu barədə iddiaçı tərəf məhkəməyə hər hansı legitim sübut təqdim etməmişdir. Onun dəlilləri iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı digər tələbi onunla “X10 Kredit Təşkilatı” MMC arasında bağlanmış 4583/2024 saylı kredit müqaviləsinin etibarsız sayılması barədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, etibarsız əqd yalnız o halda tanına bilər ki, bağlanması zamanı qanunvericiliyin şərtləri pozulmuş olsun. İşdən görünür ki, qeyd olunan kredit müqaviləsi tərəflər arasında açıq iradə ifadəsi, sərbəst razılıq, hüquqi bilik və məlumatlılıq şəraitində, notariat qaydasında rəsmiləşdirilərək bağlanmışdır. Müqavilə şərtləri tərəflərə əvvəlcədən məlum olmuş, kredit məbləği tam şəkildə təhvil verilmiş və istifadə olunmuşdur. İddiaçı nə müqavilə bağlandığı zaman, nə də onun icrası müddətində heç bir irad bildirməmiş, etiraz etməmiş və müqavilə müddətində öhdəliklərini yerinə yetirməmişdir. Qeyd edilən müqavilənin uydurma olması barədə və ya iradə pozuntusuna dair heç bir hüquqi və maddi sübut təqdim edilməmişdir. İş materiallarında İddiaçı ilə “X10 Kredit Təşkilatı” MMC arasında bağlanmış 4583/2024 saylı kredit müqaviləsinin etibarsız sayılması barədə hər hansı mötəbər sübut yoxdur və bu barədə dəlillər formal mülahizələr olmaqla iş materialları ilə təkzib olunur. İddiaçı iddia ərizəsindən görünür ki, onun sonuncu tələbini 4583/2024 saylı kredit müqaviləsi üzrə əsassız hesablanmış dəbbə pulunun silinməsi təşkil edir. Yuxarıda da qeyd olunduğu kimi, 4583/2024 saylı xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı “X10 Kredit Təşkilatı” MMC-dən illik 32 % ödəmək şərtilə 36 ay müddətinə 12000 manat kredit götürmüşdür. “X10 Kredit Təşkilatı” MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı “X10 Kredit Təşkilatı” MMCyə 4583/2024 saylı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borcu aşağıdaki kimidir: 10487,68 manat əsas borc, 2336,22 manat faiz borcu, 2328 manat dəbbə pulu borcu olmaqla, ümumi 15151,90 manat. Qeyd olunan kredit müqaviləsinin 3.1-ci maddəsində göstərilmişdir ki, borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi qədər dəbbə pulu ödəyir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir İşdən görünür ki, borclu kredit vəsaitindən tam istifadə etdiyi halda, müqavilə öhdəliklərini pozaraq vaxtında geri ödəniş etməmiş, bununla da onun MMC qarşısında maddi məsuliyyəti yaranmışdır. Bu hallarda müqavilə üzrə hesablanmış dəbbə pulu tərəflərin öncədən razılaşdırdığı şərtlər əsasında, hüquqi əsaslarla hesablanmışdır və silinməsi mümkün deyil. İddiaçının həm kredit müqaviləsinin etibarsızlığını, həm də həmin müqavilə üzrə yalnız dəbbə pulu borcunun silinməsini eyni iddia ərizəsində tələb etməsi anlaşılan deyil və iddianın əsassızlığına dəlalət edir. Beləliklə də məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və “X10 Kredit Təşkilatı” MMC-yə qarşı icra qeydinin ləğv edilməsi, kredit müqaviləsinin etibarsız hesab olunması və dəbbə pulu borcunun silinməsi tələbinə dair iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və “X10 Kredit Təşkilatı” MMC-yə qarşı icra qeydinin ləğv edilməsi, kredit müqaviləsinin etibarsız hesab olunması və dəbbə pulu borcunun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar