Məhkəmə qərarları › İş №2(060)-43/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-43/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-43/2020 22.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı “xxxxxx” İKB ASC-nin (“xxxxxxxxx” ASC) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxx» İKB X19 cavabdehlər X11, X23, X13, X20 və X15 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxx» İKB X26 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 və X16 “xxxxxx” İKB ASC-nin xeyrinə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12464.66 ABŞ dolları əsas, 8451.81 ABŞ dolları faiz, 1831.1 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 385.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23133.37 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın X23 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxxxx” İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X23 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X21, X17, X12, X14 Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X21, X17, X12, X14 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; "xxxxxx” İKB ASC ilə X18 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı «xxxxxx» İKB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci il 14 aprel tarixli kredit müqaviləsinə əsasən X18 “xxxxxx” İKB ASC-nin “Sumqayıt” filialından illik 22%-lə 36 ay müddətinə 25500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, X21 mülkiyyətindəki Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzili 2015-ci il 14 aprel tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və X27 ilə 2015-ci il 14 aprel tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 14 aprel tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018ci il noyabrın 27-dək X8 2015-ci il 14 aprel tarixli kredit müqaviləsi üzrə banka 12464.66 əsas, 8451.81 ABŞ dolları faiz, 1831.1 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 22747.57 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq X18 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1 və 34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən X9 xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12464.66 ABŞ dolları əsas, 8451.81 ABŞ dolları faiz, 1831.1 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 385.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23133.37 ABŞ dolları borcu vardır. xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Ona görə də iddiaçı, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxxxx» İKB ASC-nin (“xxxxxxxxx” ASC) nümayəndəsi X4 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2467 saylı rəyində qeyd olunan əsas borc məbləği üzrə razıdır, lakin qalan hissədə isə razı deyil. Yuxarıda qeyd etdiklərinə əsasən nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər X18, X27, X22, X25 və X24 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx xxxxx 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı kredit müqaviləsindən görünür ki, «xxxxxx» İKB ASC ilə X18 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh X18 iddiaçı bankdan illik 22% olmaqla 36 ay müddətinə 25500 ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan xx xxxxx 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı zaminlik müqaviləsindən görünür ki, X6 qarşısında borclu X8 xx xxxxx 2015-ci il tarixli 4-M-2-0-168-15 nömrəli istehlak krediti müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan «xxxxxx» İKB ASC ilə X18 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4-M-2-0-754-13 saylı ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə əlavə edilmiş xx xxxxx 2015-ci il tarixli, 1 saylı əlavədən görünür ki, tərəflər arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı kredit müqaviləsinin təminatı olaraq X23 məxsus olan, Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə X21 adına 216 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 tam mülkiyyətində olan ünvan 1 «xxxxxx» İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X8 12464.66 ABŞ dolları əsas, 8451.81 ABŞ dolları faiz, 1831.1 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 385.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23133.37 ABŞ dolları məbləğində borcu vardır. xx.xx.2015-ci il tarixli, 2***-*******41 nömrəli kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, X18 25 500 ABŞ dolları məbləğində pulu «xxxxxx» İKB ASC-dən qəbul etmişdir. İşdə olan “FAME PRO” X5 01/092 nömrəli xx xxxxx 2019-cu il tarixli məktubundan görünür ki, X11 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 49 000 (qırx doqquz min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 16113 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və xx xxxxx 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınaraq X8 xx.xx.2018-ci il tarixinə (sual üzrə tarixə) «xxxxxx» İKB ASC-yə olan borcu 21 254,16 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 12.906,76 ABŞ dolları, faiz borcu üzrə isə 8.347,40 ABŞ dolları. Qeyd olunmuşdur ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi X18 tərəfindən xx.xx.2018-ci il tarixdən 400 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2018-ci il tarixə göstərildiyindən 400 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 3614 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və xx xxxxx 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X8 xx.xx.2018-ci il tarixinə (sual üzrə tarixə) «xxxxxx» İKB ASC-yə olan borcu 19589,51 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 13464,66 ABŞ dolları, faiz borcu üzrə isə 6124,85 ABŞ dolları. Qeyd olunmuşdur ki, hazırki ekpertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi X18 tərəfindən xx.xx.2018-ci il tarixdən 400 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2018-ci il tarixə göstərilsiyindən 400 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2467 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və xx xxxxx 2015-ci il tarixli 4-M-2-0-168-15 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq X8 xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) «xxxxxx» İKB ASC-yə olan borcu 21.186,63 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 12864,66 ABŞ dolları, faiz borcu üzrə isə 8321,97 ABŞ dolları. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx xxxxx 2015-ci il tarixli 4- M-2-0-168-15 saylı kredit müqaviləsi X18 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 400 ABŞ dolları məbləğində ödəniş edilmiş və əsas borca silinmişdir. 400 ABŞ dolları məbləğində ödəniş nəzərə alındığı təqdirdə 20.786,63 ABŞ dolları (21.186,63-400) məbləğində borcu qalacaqdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu X18 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixli, 7284 nömrəli bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Beləliklə, cavabdeh X3 müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2467 saylı rəyini və X18 tərəfindən 400 ABŞ dolları məbləğində edilmiş ödənişi nəzərə alaraq hesab edir ki, iddia tələbi X7 və X2 “xxxxxx” İKB ASC-nin (“xxxxxxxxx” ASC) xeyrinə 12464,66 ABŞ dolları əsas və 8321,97 ABŞ dolları faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1831,1 ABŞ dolları məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 200 ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, qeyd edilənlərə istinad edərək, hesab edir ki, iddia tələbi illik 5 faiz dərəcəsi ilə hesablanmış 385,5 ABŞ dolları faiz borcunun cavabdehdən tutulması hissəsində də əsaslıdır. Cavabdeh X3 müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan tələbin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər razılaşmalarını təqdim etmədiklərindən məhkəmə baxışı zamanı qiymətləndirilmə təyin edilmiş və ipoteka predmetinin bazar qiymətinin 49 000 (qırx doqquz min) manat olması müəyyən olunmuşdur. Eyni zamanda «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddənin dispozisiyasından da göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi orada qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas hesab olunmur. Həmin Qanunun 59.2-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzili açıq hərracda satıldıqdan sonra cavabdehlər X11, X23, X13, X20 və X24 1 (bir) ay ərzində ipoteka predmeti olan mənzildən çıxarılması hissəsində də təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, artıq satılmış əmlak barəsində hüquq münasibətləri yeni müstəviyə keçməklə, ipotekasaxlayanla ipotekaqoyan arasında deyil, köhnə və yeni mülkiyyətçi arasında yaranan münasibətləri tənzimləyir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mərhələdə bu sahədə heç bir mübahisə olmadığı halda iddia tələbi mənzildən istifadə hüququna xitam verilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi qismən (təxminən 90 % həcmində) təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza xərcləri həmin hissədə cavabdehlərə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, hazırki iş üzrə ekspertiza xərcləri 450 (200+200+50) manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “xxxxxx” İKB ASC ilə X18 arasında bağlanılmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. X7 və X16 «xxxxxx» İKB ASC-nin (“xxxxxxxxx” ASC) xeyrinə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 12.464,66 (on iki min dörd yüz altmış dörd dollar altmış altı sent) ABŞ dolları əsas borc, 8321,97 (səkkiz min üç yüz iyirmi bir dollar doxsan yeddi sent) ABŞ dolları faiz borcu və 200 (iki yüz) ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 385.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 21.372,43 (iyirmi bir min üç yüz yetmiş iki dollar qırx üç sent) ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutulsun. Tutma ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə yönəldilsin. X21 mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzili açıq hərracdan satılsın və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına «xxxxxx» İKB ASC-yə (“xxxxxxxxx” ASC) ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilin ilkin satış qiyməti 49000 (qırx doqquz min) manat müəyyən edilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon qəsəbəsində yerləşən, 2 otaqlı, 53.82 kv.m ümumi, 28.45 kv.m yaşayış, 25.37 kv.m yardımçı sahədən ibarət 28 nömrəli evin 69 nömrəli mənzilinə satıldıqdan sonra cavabdehlər X18, X27, X22, X25 və X24 1 (bir) ay ərzində ipoteka predmeti olan mənzildən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərci olaraq cavabdehlər X18 və X16 405(dörd yüz beş) manat, iddiaçı «xxxxxx» İKB ASC-dən (“xxxxxxxxx” ASC) 45 (qırx beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar