Məhkəmə qərarları › İş №2(060)-4303/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4303/2024

21.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4303/2024 21.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 04 fevral 2024-cü il tarixində Cavabdeh Sumqayıt şəhəri, 8-ci mikrorayon, bina 16/3-də yerləşən 39 saylı mənzili almışdır. İddiaçı mənzili alarkən cavabdeh mənzilin normal təmirli olduğunu və yaşamaq üçün münasib olduğunu bildirmişdir. Mənzilə baxanda ilk baxışdan yaşamaya münasib olması görünürdü. Bu səbəbdən mənzili almaq qərarına gəlmişdir. Alqı-satqıdan sonra isə mənzilə köçərkən təmirin çox yararsız vəziyyətdə olması aydın oldu. Belə ki, döşəmə və tavan kosmetik rənglənmişdir. Döşəmənin taxtaları çürümüşdür. Elektrik xətləri və keçiriciləri yanmış, nəticədə istifadə üçün yararsız və təhlükəli vəziyyətdədir. Sanitar qovşağı xətləri köhnəlmiş və sıradan çıxmışdır. Cavabdeh mənzili kosmetik rəngləmiş və iddiaçının təcrübəsizliyindən istifadə edib yaşamaq üçün yararsız vəziyyətdə olan mənzili münasib şəraitli mənzil kimi iddiaçıya satmışdır. Hazırda mənzilin normal yaşayış vəziyyətinə gətirilməsi üçün 5000 manat pul tələb olunur. İddiaçıda isə pul yoxdur. Cavabdeh iddiaçını aldatdığı və 5000 manat məbləğində ziyan vurduğu üçün həmin məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya vurduğu zərərə görə 5000 manat və dövlət rüsumu olaraq ödənilmiş 71 manat, cəmi 5071 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, mənzili alması üçün iddiaçını məcbur etməmişlər. İddiaçı mənzili alan zaman binanın 60 illik olduğunu bilirdi. İddiaçıya əla təmirli mənzil satılsa idi, bu halda iddiaçının bunları tələb etmək hüququ var idi. Mənzili orta təmirli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, iddiaçının rəhmətlik atası ilə yaxın olmuşlar. İddiaçı onun gözünün qarşısında böyümüşdür. Belə ki, ev almaq istədiyi zaman onunla məsləhətləşmişdir. Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən evə bərabər getmişlər. İlk görüşdən evdə bir problem olduğu diqqətlərini çəkməmişdir. Lakin evin divar kağızlarının altında nə olduğunu, döşəmənin altının necə pis vəziyyətdə olduğunu ilk baxışdan bilə-bilməzdilər. İddiaçı evin təmirinə xərc çəkmişdir. Belə ki, evin qapıları 2 gün bağlı olsa, qoxudan evə girmək mümkün olmaz. Onlar mənzilə baxış keçirən zaman eyvanın qapısı açıq olduğundan qoxu hiss olunmamışdır.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, cavabdeh onun dayısının həyat yoldaşıdır. İddiaçını notariusda alqı-satqı zamanı görmüşdür. Belə ki, həmin evdə qeydiyyatdan çıxması barədə ərizə təqdim edərkən iddiaçı da orda idi. Həmin evdə qeydiyyatda olsa da, yaşamamışdır. Notariusda alqı-satqı zamanı iddiaçı evin yaxşı olduğunu bildirmişdir. Hətta evin əşyalarından olan paltaryuyanı cavabdeh elə mənzildən çıxarkən saxlamışdır.

8. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,1 kv.metr olan mənzil Cavabdeh tərəfindən İddiaçı 49500 manat məbləğinə satılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə məxsus evi alqısatqı müqaviləsi əsasında 49500 manata almışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən evin yaşayış üçün əlverişsiz olması ilə bağlı aldadıldığını iddia edərək, vurulmuş 5000 manat maddi ziyanın ödənilməsini tələb edir. Cavabdeh iddia tələbi ilə razı deyildir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən aldadıldığını və onun tərəfindən 5000 manat maddi ziyan vurulmasını bildirsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

13. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

14. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

15. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

16. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

17. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

18. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

19. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

20. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar