Məhkəmə qərarları › İş №2(060)-4304/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4304/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4304/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh nümayəndəsi, vəkil X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 4901,07 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyul 2007-ci il tarixli, C94 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə 18 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində şəxsi istehlak xərclərini ödəmək üçün kredit verilmişdir. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin borcu faiz borcu üzrə 4901,07 manat təşkil edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən hazırkı iddia tələbi üzrə iddia müddəti buraxıldığından iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, ola bilsin ki, cavabdeh bankın o vaxtkı rəhbərliyi ilə yaxın olmuş və borc ondan tələb edilməmişdir. Cavabdehin ödənişləri onun əsas borcuna silinmiş və faiz borcu qalmışdır. Bunun hansı səbəbdən belə olduğunu bilmir. Cavabdehlə hər hansı restrukturizasiya müqaviləsi bağlanmayıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı müqavilə tələbləri üzrə iddia müddətini ötürmüşdür. Həmçinin iddiaçının nümayəndəsi nəyə görə yalnız faiz borcu tələb etdiklərini əsaslandıra bilmir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh xx.xx.1980-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilmiş «xxxx» ASC-nin Cavabdeh arasında bağlanmış 01 iyul 2007-ci il tarixli kredit müqaviləsində iddiaçı tərəfindən cavabdehə şəxsi istehlak xərclərini ödəmək üçün 6 ay müddətinə 18 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kart krediti verildiyi göstərilmişdir. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh 25 yanvar 2021-ci il tarixinə iddiaçıya 4901,07 manat faiz borcu vardır. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş «xxxx» ASC-nin idarə heyəti sədrinin birinci müavini, idarə heyəti sədrinin vəzifələrini icra edən Məhəmmədəli Aslanov tərəfindən imzalanmış cavabdeh ünvanlanmış 15.04.2014-cü il tarixli məktubda göstərilmişdir ki, cavabdehin 01.07.2007-ci il tarixli müqavilə üzrə bank qarşısında hər hansı öhdəliyi yoxdur. İşdən göründüyü kimi cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi Cavabdeh 01.07.2007-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan kredit götürmüşdür. İddiaçı cavabdehin öz öhdəliyini lazımınca icra etmədiyinə əsaslanaraq ondan 4901,07 manat faiz borcunun tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi ərizə təqdim edərək mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi 01.07.2007-ci il tarixində 6 ay müddətində bağlanmışdır. Müqavilənin qüvvədə olduğu müddət 01.01.2008ci il tarixində bitmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edildiyindən iddiaçı cavabdehdən borcu 01.01.2011-ci ilə qədər tələb edə bilərdi. Lakin, iddiaçı məhkəməyə 2021-ci ildə müraciət etmişdir. Cavabdeh bu səbəbdən mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin ərizəsi üzrə hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsi səbəbindən iddia təmin edilməməlidir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı cavabdehdən əsas borcu deyil yalnız faiz borcunu tələb edir. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə borc məbləği ABŞ dolları ilə verilməsinə baxmayaraq iddiaçı borcu cavabdehdən manatla tələb edir. Lakin, iş materiallarında tərəflər arasında hər hansı əlavə restrukturizasiya müqaviləsinin bağlanması ilə bağlı sübut mövcud deyildir. Həmçinin iddiaçının idarə heyərinin sədr müavini tərəfindən imzalanmış məktubda da cavabdehin kredit müqaviləsi üzrə hər hansı borcunun olmadığı qeyd edilmişdir. Qeyd edilən məsələlər məhkəmə iclasında cavabdehin nümayəndəsinin diqqətinə çatdıqıldıqda o, həmin məsələlərə aydınlıq gətirə bilməmişdir. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin Cavabdeh oğluna qarşı cavabdehdən 4901 (dörd min doqquz yüz bir) manat 07 (yeddi) qəpik məbləğində faiz borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar