Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-431/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 manat məbləğində borcun və ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir, fəhləlik, sürücülük peşələri ilə məşğul olmuşdur. Qəpik-qəpik pul yığıb özünə ev almaq istəmişdir. Əvvəllər Bələdiyyədə işləmiş, indi isə maklerlik edən Cavabdeh adlı şəxs ona bildirdi ki, ST. Sumqayıt yaxınlığında, MERO-nun arxasında 3,5 sot torpaq satır. Torpağın sotu 2000 manatdır. O, Novruz ilə həmin yerə baxmış, Novruz ona demişdir ki, 4000 manat ver, 3000 manatı isə sənədlər hazır olanda verərsən. Sənədlər onun deməsinə görə 1 aya hazır olmalı idi. O, cavabdehə 4000 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi ona məxsus deyil. O, cavabdehdən pulunu geri tələb etdikdə o pulun bir qismini qaytarsa da ona borclu olduğu 1400 manat pulu bu günə kimi geri qaytarmamışdır. Bununla əlaqədar olaraq Sumqayıt şəhər Polis idarəsinin 5-ci Polis bölməsinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edir ki, “Sizin xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nə ərizə ilə etdiyiniz müraciətiniz icraatınıza daxil olmuşdur. Ərizədə qeyd edilən məsələlər ətraflı öyrənilmiş və məlum olmuşdur ki, Sizin ərizədə köməklik göstərilməsini xahiş etdiyiniz məsələ Azərbaycan Respublikası Mülki və Mülki-Prosessual Məcəllələrinin tələblərinə əsasən məhkəmələrin səlahiyuətindədir. Odur ki, tələbiniz məhkəmə baxışının predmeti olduğundan Azərbaycan Rcspublikası MPM-nin 149 və 150-ci maddələri ilə müəyyən edilmiş qaydada ərizənizlə əlaqədar iddia ərizəsi ilə şikayət etdiyiniz şəxsin yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnuzun olması nəzərinizə çatdırırıq”. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh əvvəllər Bələdiyyənin sədri idi, sonra işdən çıxdı və hazırda Stansiya Sumqayıtda komitə sədri işləyir. Qeyd edir ki, mübahisəli torpaq üçün o, cavabdehə 4000 manat pul vermişdir. Onlar torpaq alqı-satqısı olmasına baxmayaraq məsələ barədə aralarında borc müqaviləsi kimi razılığa gəlmişlər. Torpaq sahəsini alıb tikintiyə başlayanda Eyvaz adlı şəxs ona yaxınlaşaraq cavabdehin onu da aldatdığını bildirmişdir. O, torpaq sahəsində tikintiyə başlayanda cavabdeh ondan pulun qalan hissəsini də ödəməyi tələb etdikdə, o, qalan pulu ancaq sənəd məsələsi həll olunduqdan sonra verəcəyini bildirmişdir. 1-2 ay keçməsinə baxmayaraq torpaqla bağlı məsələ öz həllini tapmamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ona 7000 manat məbləğində dediyi torpaq sahəsini 10500 manata başqasına satıb. O, da həmin torpaq sahəsini alan adamdan tikintinin pulunu tələb etdikdə o, həmin tikinti ilə birlikdə torpaq sahəsini aldığını bildirmişdir. Qeyd edir ki, cavabdeh ona torpağa dair ödədəyi 4000 manat pulu qaytarmışdır. Cavabdehdən həmin tikintinin haqqını istədikdə isə o, razılaşmamışdır. Onun torpaq sahəsində tikinti aparması ilə bağlı onun şahidləri var. Lakin həmin tikinti işlərinə dair çəkdiyi xərclərlə bağlı sənədləri yoxdur. O, Polis Bölməsinə həmin məbləğə dair şikayət ərizəsi ilə müraciət etmişdir. Əlavə olaraq onu da bildirir ki, cavabdeh məsələ ilə əlaqədar 5-ci Polis Bölməsinə çağırılıb, izahatı alınıb. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə) iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onun iddiaçıya borcu yoxdur. O, iddiaçıya torpaq sahəsi vermişdir. Bunun müqabilində iddiaçı ona 8000 manat pul verməli idi. Lakin iddiaçı ona 4000 manat pul ödəmişdir. Mübahisəli torpaq əvvəl bələdiyyə torpağı idi, daha sonra həmin torpaq dövlətin balansına keçmiş, nəticədə torpağa dair çıxarış almaq mümkün olmamışdır. İddiaçı hətta ondan torpağa dair çıxarış istəyəndə elə bir səlahiyyətinin olmadığını ona bildirmişdir. İddiaçı ondan icazə almamış orada tikintiyə başlamışdır. Torpağın alqı-satqısı məsələsi alınmadığı üçün o, torpaq sahəsinin pulunu qaytarmalı olmuşdur. Daha sonra iddiaçı ondan tikinti üçün çəkdiyi xərcin də ödənilməsini tələb etmiş, o, da insanlıq naminə iddiaçıya 1500 manat da pul vermişdir. İddiaçı isə torpaq sahəsinə 2500 manat dəyərində xərc çəkdiyini bildirmişdir. Daha sonra o, həmin torpaq sahəsini qardaşı oğluna vermişdir. İddiaçı isə bir gün traktorla gələrək həmin tikilini dağıdacağını bildirdiyinə görə onunla münasibətləri pozulmuşdur. Əlavə olaraq onu da bildirir ki, qardaşı oğlu artıq həmin evini tikib bitirmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt Şəhər Polis İdarəsi 5-ci polis bölməsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür k, ona ərizədə köməklik göstərilməsini xahiş etdiyi məsələnin Azərbaycan Respublikası Mülki və Mülki Prosessual Məcəllələrinin tələblərinə əsasən məhkəmələrin səlahiyyətində olduğu, tələbini məhkəmə baxışının predmeti olduğundan Azərbaycan Respublikası MPM-nin 149 və 150-ci maddələri ilə müəyyən edilmiş qaydada ərizə ilə əlaqədar iddia ərizəsi ilə şikayət etdiyi şəxsin yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan İddiaçı müraciətinin icrasına dair xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət edərək Novruz adlı şəxsdən Sumqayıt şəhəri st. Sumqayıt qəsəbəsi ərazisində torpaq sahəsi aldığını, sonradan torpağın başqa şəxsə aid olduğunu öyrənərək torpağı geri qaytarıb pulunu aldığını bildirmiş, lakin Novruzun ona 1000 manat pul borclu qaldığını qeyd etmişdir. Araşdırma zamanı izahatı alınmış X1 izahatında bildirmişdir ki, sözügedən torpaq sahəsini Məzəliyə satdıqdan sonra ona sənədlər hazır olanadək tikinti işləri görməməyi demiş, lakin Məzəli tikinti işləri gördüyü üçün torpağı geri qaytarmış, ondan torpaq üçün aldığı 4000 manatı ona qaytarmış, həmçinin həmin şəxsin tikintiyə çəkdiyi xərc olan 1500 manatı da ona vermiş, lakin onun hələ də əsassız olaraq ondan 1000 manat tələb etdiyini bildirmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ərizəsində cavabdehlə arasında olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı kredit müqaviləsi bağlandığını, bununla əlaqədar cavabdehə 4000 manat versə də, cavabdehin həmin puldan ona 1400 manat borclu qaldığını bildirmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, cavabdeh müqavilə üzrə borclu olduğu (torpaq sahəsinə görə aldığı) məbləği iddiaçıya tam məbləğdə qaytarmışdır. İddiaçının hazırda tələb etdiyi məbləğ torpaq sahəsində onun tərəfindən inşa edildiyini iddia etdiyi tikiliyə çəkilmiş xərclə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində qeyd etdiyi hallara, yəni onun tərəfindən hər hansı tikinti işlərinin aparılması, inşa edilmiş tikilinin ölçüsü, həmin tikiliyə çəkilmiş xərcin məbləğinə dair məhkəməyə hər hansı sübut (qaimə-faktura, qəbz və s.) təqdim etmədiyindən, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 35 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-431/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-431/2023
03.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver