Məhkəmə qərarları › İş №2(060)-4310/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4310/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4310/2022 08.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, nümayəndəsi Nümayəndə və Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı «avtobusların qaytarılması və pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı, İSUZU ECOBUS markalı avtobusların alınaraq ona qaytarılması və ona ödəməli olduğu 14900 (on dörd min doqquz yüz) manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 135 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, mülkiyyətində ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı, İSUZU ECOBUS markalı avtobuslar olmuşdur. Həmin avtobusları o, Sumqayıt şəhərində yaşayan Cavabdeh icarəyə vermişdir. Aralarında olan razılığa əsasən cavabdeh ona hər gün hər maşına görə 10 manat olmaqla ayda 900 (doqquz yüz) manat məbləğində pul verməli idi. Lakin cavabdeh ona həmin ödənişlərini bir qismini etsə də yerdə qalanını etməmişdir. Hazırda cavabdehin ona 14900 manat borcu yaranmışdır. Hazırda avtobusların sənədləri ondadır və o, cavabdehdən avtobusların dəyərin bir qismi olaraq 22000 manat almışdır. Cavabdeh yerdə qalan məbləği ödəməmişdir. O, dəfələrlə mülkiyyətində olan avtobusların geri qaytarılmasını xahiş etsə cavabdeh bundan imtina etmişdir. Həmin avtobuslar "xxxx" ASC- də girovda olmuşdur. Həmin bank ləğv edildikdən sonra əmanətlərin sığortalanması fondu ona qarşı pulun qaytarılması və tələbin girov predmetınə yönəldilməsi barədə iddia qaldırmışdır. İddia təmin edilmişdir. Cavabdeh avtobusları geri qaytarmadığına görə o, avtobusları təqdim edə bilmir. Nəticədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ona məxsus olan ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı, İSUZU ECOBUS markalı avtobusların alınaraq ona qaytarılması və ona ödəməli olduğu 14900 (on dörd min doqquz yüz) manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 135 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçıdan avtobus deyil, avtobus üçün lazım olan ehtiyat hissələri almışdır. Belə ki, onun avtobusunun asqılarında problem yaranmışdır. Həmin asqıların təmiri üçün ehtiyat hissələri axtarırdı. O, iddiaçının avtobusları olduğundan məlumatdı idi. 2019-cu ildə iddiaçının yanında gəlmiş və ona lazım olan ehtiyyat hissələri barədə bildirmişdir. İddiaçıda onun hazırda 3 avtobusu olduğunu və həmin avtobusları ehtiyat hissələri kimi satdığını bildirmişdir. O, da öz ustası ilə gəlmiş iddiaçıya məxsus avtobusdan dəyərini 500 manat ödəməklə lazım olan ehtiyat hissələrini söküb aparmışdır. Daha sonra ona hər dəfə ehtiyat hissələri lazım olduqca iddiaçıya müraciət etmiş və ümumilikdə 24000 manat pul verməklə iddiaçıya məxsus 3 avtobusdan ehtiyat hissələrini almışdır. İddiaçıya məxsus avtobusların dam örtüyü (kuzası) yerində olaraq qalır. O, iddiaçıdan istifadə üçün heç bir avtobus icarəyə götürməmiş və heç bir pul borcuda yoxdur. Əgər o, avtobusları iddiaçının qeyd etdiyi kimi almış olsaydı, avtobuslara aid sənədlər iddiaçıda deyil, onda olardı. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X7 bildirdi ki, Cavabdeh onun dostudur. İddiaçını da tanıyır. Sözügedən avtobusların təhvil verilib yenidən iddiaçıya qaytarılmasında özü iştirak etmişdir. O, avtobusları təmir sexinə aparıb cavabdehə lazım olan ehtiyat hissələrini söküb yenidən iddiaçıya qaytarmışdılar. Sonuncu avtobusun ehtiyatları hissələri söküləndən sonra iddiaçının avtobuslarını saxladığı gözətçiyə təhvil verilmişdir. Avtobuslar işlək vəziyyətdə olmayıb. İddiaçı onların yalnız ehtiyat hissələrini cavabdehə satmışdır. Məhkəmədə şahid X6 bildirdi ki, o, 9 ildir ki, evakuator işi ilə məşğul olur. Birinci apardığı avtobusun Murada məxsus olub-olmasından məlumatsızdır. O, avtobusları Nəbinin iştirakı ilə aparıb təmir sexinə orda lazımi ehtiyat hissələri söküldükdən sonra yenidən Abşeronda yerləşən dayanacağa qaytarmışdır. Avtobusların heç bir o, evakuatorla aparan zaman işlək vəziyyətdə olmamışdır. Məhkəmədə şahid X1 bildirdi ki, o, çilingərdir. O, yolda qalan maşınlara səyyar xidmət göstərir. Avtobuslar onun yanına gətiriləndə üzərlərində təkər, sürətlər qutusu arxa ötürücülər avtobusların üzərində olmayıb. Avtobuslar hərəkətdə olan maşınlar olmamışdır. Avtobusların kimə məxsus olmasından məlumatsızdır. Avtobusları onun yanına Nəbi gətirib, o, ehtiyat hissələrini sökəndən sonra maşının damını (kuzasını) Nəbi aparmışdır. Məhkəmə İddiaçı, nümayəndəsi Nümayəndə, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil, şahidlər X7, X1 və X4 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AB № 916644 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “İsuzu Ecobus” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtobusun sahibi İddiaçıdur. İş materiallarında olan AB № 916686 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “İsuzu Ecobus” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtobusun sahibi İddiaçıdur. İş materiallarında olan AB № 916833 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “İsuzu Ecobus” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtobusun sahibi İddiaçıdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli “Alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-dən hər birinin dəyəri 54000 (əlli dörd min) manat olmaqla, 7 ədəd “İsuzu Ecobus” markalı avtobus almışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli “Girov Müqaviləsi”nin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 340000 (üç yüz qırx min) manat məbləğində kredit vermiş, kredit müqaviləsinin təminatı kimi İddiaçı tərəfindən mülkiyyətində olan 7 ədəd “İsuzu Ecobus” markalı avtobusları bank qarşısında girov qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı mülkiyyətində ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı, İSUZU ECOBUS markalı avtobusları Cavabdeh icarəyə verdiyini qeyd etsə də, bu barədə cavabdehlə hər hansı bir icarə müqaviləsi bağlamamış və cavabdeh qarşısında heç bir öhdəlik qoymamışdır. Bundan əlavə, avtobusların hazırda cavabdehdə olduğunu qeyd etsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda şahid ifadələrindən görünür ki, iddiaçıya məxsus avtobuslar istifadəyə yararsız olmuş və yalnız ehtiyat hissələri kimi istifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı Cavabdeh qarşı “Cavabdeh ona məxsus olan ** VR ***, ** VR ***, ** VR *** dövlət qeydiyyat nişanlı, İSUZU ECOBUS markalı avtobusların alınaraq ona qaytarılması və ona ödəməli olduğu 14900 (on dörd min doqquz yüz) manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 135 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə” iddia tələbinin təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar