Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-434/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Paşayev Əli Abbas oğlundan 1070 (min yetmiş) manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cəbrayıl rayonundan məcburi köçkün kimi Sumqayıt şəhəri, 16-cı məhəllə ünvanında yerləşən 1 saylı uşaq bağçasında ailəsi ilə məskulaşmışdır. Cavabdeh əvvəllər bir yerli kimi tanımışdır. İddiaçı da müəllimdir, cavabdeh də. Yaşadığı uşaq bağçası qəzalı vəziyyətdə olduğuna görə orada yaşayanları digər bir yerə köçürürdülər. Cavabdehlə Sumqayıt şəhəri, Nəriman Nərimanov adına klubun qarşısında 2018-ci ildə görüşmüşdür. O iddiaçıdan nə üçün orada olduğunu soruşmuş, iddiaçı isə bildirmişdir ki, məcburi köçkünlərə ev burada sənədləşdirilib verilir və iddiaçıya da ev verilsin deyə orda olduğunu bildirmişdir. Cavabında Cavabdeh bildirmişdir ki, 1 saylı uşaq bağçasına 2013-cü ildə köçdüyünə görə iddiaçıya ev verilməyəcəkdir. Əgər iddiaçı 2013-cü ildən əvvəl həmin uşaq bağçasına köçmüş olsaydı ona ev verərdilər. Cavabdeh iddiaçıya jurnalist olduğunu, əgər 350 manat ilkin olaraq ona ödəyərsə cavabdeh bu işə başlayıb iddiaçıya kömək edə biləcəyini söyləmişdir. Daha sonra cavabdeh iddiaçıdan məcburi köçkünlər üçün tikilən binalarda mənzil almaq üçün sonradan 20 manat və daha sonra 700 manat, cəmi 1070 manat pul almışdır. İddiaçı bir müddət gözləmiş, sonra başa düşmüşdür ki, Cavabdeh onu aldatmışdır. Dəfələrlə pulunu geri tələb etdikdə o əsassız bəhanələrlə pulu verməkdən imtina etmiş, iddiaçını təhqir etmişdir. İddiaçı Sumqayıt şəhər Pİ-nin 4cü PB-nə müraciət etmiş, 4-cü PB-i özünün 06.10.2020-ci il tarixli məktubu ilə İddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri, Nəriman Nərimanov adına klubun qarşısında 2018-ci ildə məcburi köçkünlərə ev verilməsi ilə bağlı növbədə olarkən, cavabdehi görmüşdür. Cavabdeh ona burda nə edirsən sualı verdikdə, məcburi köçkünlərə ev verilməsi ilə bağlı sənədləşdirmə üçün növbə gözlədiyini bildirmişdir. Buna cavab olaraq cavabdeh ona 2013-cü ildən əvvəl yaşadığı uşaq bağçasına köçmüş olsaydı ev verilə bilərdi, hazırki vəziyyətdə ona ev verilməyəcəyini bildirmişdir. Cavabdeh iddiaçıya jurnalist olduğunu, ona ərizə yazaraq kömək edə biləcəyini bildirmiş, bunun qarşılığında iddiaçıdan 350 manat pul və 20 manat yol pulu almışdır. Bundan sonra iddiaçıdan 1000 manat pul istəmiş, onun isə 700 manatı olduğundan həmin məbləği cavabdehə vermişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh onu aldatmışdır. Dəfələrlə pulunu istəsə də müxtəlif bəhanələrlə pulu vermədiyini bildirdi. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi. Bildirdi ki, iddiaçını yerlisi kimi uzun müddətdir ki, tanıyır. Bundan əvvəl də jurnalist kimi iddiaçıya bir neçə problemlərinin həllində köməklik etmişdir. 2018-ci ildə Sumqayıt şəhəri, Nəriman Nərimanov adına klubun qarşısında olarkən iddiaçını görmüşdür. İddiaçı ona hazırda müvəqqəti məskunlaşdığı 1 saylı uşaq bağçasında yaşayan bir neçə şəxsə dövlət tərəfindən mənzil verildiyini, lakin iddiaçının ora qeydiyyatı olmadığından ona mənzil verilmədiyini bildirmişdir. Bu əsasla həmin 1 saylı uşaq bağçasına qeydiyyata düşməsi ilə bağlı cavabdehdən yardım istəmiş, bunun müqabilində iddiaçı ona 1000 manat məbləğində pul vermişdir. Həmin pulun qarşılığında o, iddiaçının adından müxtəlif dövlət təşkilatlarına ərizə və müraciətlər yazmışdır. İddiaçıdan hər hansı məbləğdə pul istəməmiş, iddiaçı özü könüllü olaraq ona 1000 manat vermişdir. Həmin məbləğin müqabilində iddiaçıya müəyyən ərizələr yazmışdır. O, jurnalistdir və eyni zamanda vergi ödəyicisidir, ona görədə pul müqabilində ərizlər və müraciətlər yazmağında heç bir qanun pozuntusu yoxdur. İddiaçıya mənzil verilməsinə söz verməmişdir. İddiaçı ilə aralarında heç bir müqavilə olmamış, iddiaçı ona etibarnamə və ya hər hansı digər bir sənəd verməmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsininə bu məsələ ilə bağlı çağırılmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 06 oktyabr 2021-ci il tarixli məktubu ilə İddiaçı ərizəsində göstərilən xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. -Cavabdeh etirazından görünür ki, o, iddiaçının ona pul verdiyini qəbul etmişdir. Lakin həmin pulu borc kimi deyil, iddiaçıya mənzil ayrılması üçün ərizələrin yazılması ilə bağlı haqq kimi iddiaçı tərəfindən ona ödənildiyini bildirmişdir. Həmin ərizələrin imzasız surətləri etiraza əlavə edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, cavabdeh iddiaçıdan sonuncuya mənzil ayrılmasına vəd verərək 1070 manat pul almışdır. Cavabdeh iddiaçıya mənzil ayrılması məsələsinə heç bir aidiyyəti olmayaraq bu vədi vermiş və nəticədə iddiaçının pul vəsaitini əldə etmişdir. Həmin vəsaitin məbləği cavabdeh tərəfindən 1000 manat qeyd edilsədə, iddiaçının həmin hissədə qeyd etdikləri daha ağlabatandır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən - Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda onların dəyəri ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi pul vəsaitini, cavadehin ona mənzil verilməsində köməklik edəcəyi vədinə əsasən vermiş, lakin cavabdehin iddiaçıya mənzil ayrılmasına köməklik etməyi üçün heç bir səlahiyyəti olmamışdır. İddiaçıdan aldığı pul vəsaitini özününküləşdirərək, əsassız varlanmışdır. Buna görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə etmiş olduğu 1070 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Paşayev Əli Abbas oğlundan 1070 (bir min yetmiş) manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsindən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-434/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-434/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver