Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4344/2022 09.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2011-cü il təvəllüdlü X1 üçün tutulan aliment məbləğini artıraraq, hər ay hər uşaq üçün 193 manat, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1743/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək hər ay hər bir uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat müəyyən edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1743/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2011-cü il təvəllüdlü X1 üçün qətnamənin qüvvəyə mindiyi xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 136 manat olmaqla, ümumilikdə 272 manat sabit pul məbləğində alimentin tutulub uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün X6 ödənilməsi müəyyən edilmişdir. Tərəflər arasında nikah xx.xx.2017-ci ildə pozulmuş və o, nikahın pozulması haqqında şəhadətnaməyə aparılan qeydə əsasən nikahdan qabaq ki olan Xankişiyeva soyadına qayıtmışdır. Alimentin tutulmasına dair son məhkəmə qətnaməsinin çıxarıldığı vaxtdan 4 ildən çox bir müddət keçmişdir. Ötən müddət ərzində uşaqlar böyüməklə onların saxlanması xərcləri də paralel olaraq artmışdır. Cavabdeh tərəfindən hazırkı dövrə kimi ödənilməli olan ayda 136 manat aliment məbləği isə uşaqların minimum tələblərini ödəməkdə yetərli deyildir. Uşaqlar artıq hər ikisi orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı işləyir və aylıq əmək haqqı təqribi 800 manat təşkil edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, laqeyd ata olmadığını, ailəsinə kömək etdiyini, uşaqların saxlanılması üçün yetəri qədər yardım etdiyini, hazırda isə işləmədiyini, faktiki nikahdan bir övladının olmasını bildirərək, qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X7 adlı övladları vardır. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2017-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 291 №-si ilə qeyd edilmişdir. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı 50 manat mediasiyaya dair xərci ödəmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1249/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-366/2017 saylı, 17 yanvar 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 (yüz əlli dörd) manat, ümumilkdə 308 manat sabit pul məbləğində alimentin tutulub, tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüldlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X6 verilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1743/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1249/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1249/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh hər ay hər uşaq üçün 136 manat olmaqla, ümumilkdə 272 manat sabit pul məbləğində alimentin tutulub 22 mart 2010-cu il təvəllüdlü X4 və 08 iyun 2011-ci il təvəllüldlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X6 ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci ildən Sumqayıt şəhər Məşğulluq Mərkəzində işaxtaran (işi və qazancı olmayan şəxs) kimi statusdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahdan xx.xx.2010-cü il təvəllüdlü X8 və xx.xx.2011-cü il təvəllüdlü X9 adlı övladları vardır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 136 manat olmaqla, ümumilikdə 272 manat sabit pul məbləğində alimentin tutulub uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün iddiaçıya ödənilməsi müəyyən edilmişdir. İddiaçı işləyir, cavabdeh işsizdir və faktiki nikahdan xx.xx.2022-ci il təvəllüdlü X7 adlı övladı vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1743/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşaqların saxlanılması üçün kifayət etmir. Belə ki, uşaqların böyüməsi ilə əlaqədar onların maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1743/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər bir uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində aliment tutulub xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2011-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməlidir. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini eləcə də, iddiaçının işləməsini, cavabdehin sabit gəlirinin olmamasını, onun faktiki nikah münasibətində və yetkinlik yaşına çatmayan övladının olmasını, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2011-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər bir uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin artırılmış hissənin ödənilməli məcmu məbləği 1056 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30.56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1743/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər bir uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində aliment tutulub xx.xx.2010-cü il təvəllüdlü X4 və xx.xx.2011-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə 30.56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4344/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4344/2022
09.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver