Məhkəmə qərarları › İş №2(060)-4355/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4355/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4355/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BL243139 saylı, 27.01.2019-cu il tarixli Nisyə satış müqaviləsi üzrə “xxxx” MMC-yə yaranmış 2498 (iki min dörd yüz doxsan səkkiz) manat əsas borc, 250 (iki yüz əlli) manat hesablanmış cərimə, ümumilikdə 2748 (iki min yeddi yüz qırx səkkiz) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı direktoru Saeid Nakhjavani iddi ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında BL243139 saylı, 27.01.2019-cu il tarixli Nisyə satış müqaviləsii bağlanmışdır. Həmin müqavilənin 01 saylı əlavəsinə əsasən, Cavabdeh1 18 ay müddətinə hər ayın 27-dən gec olmamaqla 139 manat ödəməyi üzərinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış BL243139Z01 saylı 27.01.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 öhdəliyi yerinə yetirmədikdə bütün öhdəliyi digər borclu Cavabdeh2 həmin öhdəliklərin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. 26.12.2019-cu il tarixli borca dair arayışdan görünür ki, BL243139 saylı 27.01.2019-cu il tarixli Nisyə satış müqaviləsi üzrə Cavabdeh1 İddiaçı MMC-yə 2498 (iki min dörd yüz doxsan səkkiz) manat əsas borc, 250 (iki yüz əlli) manat hesablanmış cərimə, ümumilikdə 2748 (iki min yeddi yüz qırx səkkiz) manat borcu vardır. Göstərilənləri nəzərə alaraq, BL243139 saylı, 27.01.2019-cu il tarixli Nisyə satış müqaviləsi üzrə “xxxx” MMC-yə yaranmış 2498 (iki min dörd yüz doxsan səkkiz) manat əsas borc, 250 (iki yüz əlli) manat hesablanmış cərimə, ümumilikdə 2748 (iki min yeddi yüz qırx səkkiz) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı MMC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini, iddia tələbinin tam təmin olunmasını və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbayçan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirdib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan 27.01.2019-cu il tarixli BL243139 saylı, Nisyə satış müqaviləsindən görünür ki, İddiaçı MMC (satıcı) qiyməti 2698 manat avadanlığı Cavabdeh1 (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 1 saylı əlavəsinə əsasən Cavabdeh1 18 ay müddətinə hər ayın 27-dən gec olmamaqla 139 manat ödəməyi üzərinə götürmüşdür. İş materiallarında olan 27.01.2019-cu il tarixli BL243139Z01 saylı, Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 öhdəliyi yerinə yetirmədikdə bütün öhdəliyi digər borclu Cavabdeh2 həmin öhdəliklərin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 26.12.2019-cu il tarixli borca dair arayışından görünür ki, Cavabdeh1 27.01.2019-cu il tarixli, BL243139 saylı Nisyə satış müqaviləsinə əsasən əsas borc üzrə 2498 manat, cərimə məbləği üzrə 250 manat, cəmi 303 manat borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 09.11.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, yataqxana 2, H.Əliyev prospekti, ev 8-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 09.11.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh2 Ağdam rayonu, Boyəhmədli Ərazi dairəsi, Boyəhmədli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Nisyə satış müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh1 vermiş, lakin cavabdeh Nisyə satış müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 27.01.2019-cu il tarixindəki müqavilə üzrə icra edilməmiş borc olaraq 2498 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 250 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 25 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2498 (iki min dörd yüz doxsan səkkiz) manat əsas borc, 25 (iyirmi beş) manat hesablanmış cərimə, ümumilikdə 2523 (iki min beş yüz iyirmi üç) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2498 (iki min dörd yüz doxsan səkkiz) manat əsas borc, 25 (iyirmi beş) manat hesablanmış cərimə, ümumilikdə 2523 (iki min beş yüz iyirmi üç) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar