Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4373/2022 27.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(060)-646/13 saylı qətnaməsi ilə Cavabdeh tutulan 200 manat məbləğində alimentin artırılaraq, birgə nikahlarından olan 10 may 2007-ci il təvəllüdlü X6, 25 may 2009-cu il təvəllüdlü X9 və X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 579 (beş yüz yetmiş doqquz) manat aliment tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı il tarixdə Cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. 22 fevral 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından üç övladları 10 may 2007-ci il təvəllüdlü X6, 25 may 2009-cu il təvəllüdlü X9 və X8 olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan aralarındakı ailə münasibətləri pisləmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 dekabr 2009-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah ləğv edilmiş, birgə nikahlarından olan övladları onun himayəsinə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-646/13 saylı 11 fevral 2013-cü il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia tələbi təmin edilmiş, 10 may 2007-ci il təvəllüdlü X6, 25 may 2009-cu il təvəllüdlü X9 və X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Bazar qiymətlərin artması, uşaqların böyüməsi ilə əlaqədar olaraq onların xərcləri də artmışdır. O, heç bir yerdə işləmir, maddi durumu ağırdır, uşaqların ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Həmçinin uşaqlar məktəblidir, onların hazırlıq, təhsil xərcləri də vardır. Bazar qiymətlərin artması, uşaqların böyüməsi ilə əlaqədar olaraq onların xərclərinin artması kimi diqqətəlayiq hallar nəzərə alınmaqla alimentin məbləği dəyişdirilməli, hər uşağa 193 manat həddində müəyyən edilməlidir. Belə ki, 200 manat məbləğində pul heç bir uşağın saxlanması üçün kifayət etmir, nəinki 3 uşağın saxlanmasına kifayət edə. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, işləmir, cavabdeh Türkiyə Respublikasının ərazisində, Eskişehirdə yaşayır, kifayət qədər yüksək qazanca malikdir, o, uşaqların dolanışığını təmin edə bilmir. Övladlarını əlavə fərdi hazırlıqlara göndərir və bunun üçün hər ay 290 manat ödəniş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-646/13 saylı, 11 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh 10 may 2007-ci il təvəllüdlü X2, 25 may 2009-cu il təvəllüdlü X7 və X3 yetkinlik yaşlarına çatanadək hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin xx.xx.2013-cü il tarixdən başlayaraq tutulub X4 verilməsi qət edilmişdir. AZ-İ seriyalı 102790 saylı nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Vəliəhd oğlu ilə X5 arasında olan nikaha xx.xx.2010-cu il tarixdə xitam verilmiş, qadına Əliyeva soyadı verilimşdir. X1 iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq X1 iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahdan üç övladının olması, uşaqların ananın yanında qalması və uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin hallarından göründüyü kimi uşaqların saxlanılması üçün hər ay cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması məhkəmə qətnaməsi ilə qət edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə cavabdehin əmlak vəziyyətində dəyişiklik olması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyini, bununla yanaşı uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan xeyli müddət (9 il) keçdiyini, bu müddət ərzində ölkə ərazisində istehlak səbətinin miqdarının artdığını, uşaqların böyüdüyünü və tələbatlarının artmasını nəzərə alaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması üçün minimum dolanışıq xərclərinə yaxın məbləğdə alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı və ədalətli, eləcə də valideynlərin üzərinə uşaqların saxlanılması vəzifəsinin qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımışdır və formalaşmış məhkəmə təcrübəsinə görə alimentin minimum məbləği müəyyən edilərkən bir qayda olaraq ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu meyar olaraq qəbul edilir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Beləliklə, məhkəmə şərh olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2013-cü il tarixli 2(060)-646/13 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 10 may 2007-ci il təvəllüdlü X2, 25 may 2009-cu il təvəllüdlü X7 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Alimentin dəyişdirilmiş məbləğdə tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş üzrə sənədlərdən görünür ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu nəzərə alınmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, MPM-nin 119, 112, 113-cü maddəsinə əsasən 24 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2013-cü il tarixli 2(060)-646/13 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 10 may 2007-ci il təvəllüdlü X2, 25 may 2009-cu il təvəllüdlü X7 və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin dəyişdirilmiş məbləğdə tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh 24 (iyirmi dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4373/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4373/2022
27.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver