Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-439/2025 24.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh X1 850 (səkkiz yüz əlli) manat məbləğində pulun eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx xxx 1991-ci il tarixdə anadan olmuşdur. Hazırda Sumqayıt şəhəri, 10-cu mikrorayon, Kristal ünvan 1 ünvanında yaşayır. Hazırki iş üzrə cavabdehi qeyd olunan hadisə baş verməzdən əvvəl tanımamış, heç bir əlaqəsi olmamışdır. 25 mart 2024-cü il tarixdə ev almaq məqsədi ilə tap.az internet saytında Sumqayıt şəhəri, 49-cu məhəllə adlanan ərazidə yerləşən evi almaq məqsədi ilə cavabdeh ilə əlaqə saxlamış, evə baxış keçirilmiş və ümumi olaraq evin alqı-satqısı məqsədi üçün 58000 manata razılığa gəlmişlər. Bu məqsədlə cavabdehə 1000 manat məbləğində beh vermiş, daha sonra isə əşyaları kirayə mənzilə yerləşdirməsi üçün 250 manat pul ödəmişdir. Lakin sonradan cavabdeh verdiyi vədə əməl etməmiş, nə sözügedən evi vermiş, nə də ödədiyi 1250 manat məbləğində pulu geri qaytarmışdır. Bu səbəbdən də onun tərəfindən Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edilmiş, polisdə izahat verən zaman cavabdeh qeyd edilən halları etiraf etmiş və ödədiyi məbləğin 400 manatını geri qaytarmışdır. Lakin keçən müddət ərzində yerdə qalan məbləği də qaytarmamış, dəfələrlə əlaqə saxlasa da heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, ədalətli məhkəmə araşdırması ilə qeyd olunan faktlar təsdiqini tapmalı və iddia tələbi tam təmin edilərək cavabdeh X1 850 (səkkiz yüz əlli) manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı 09 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin iş üzrə cavabdehin soyadı səhvən “Rüstəmova” əvəzinə “Həbliyeva” olaraq qeyd edilmişdir. Məhz hazırki iş üzrə cavabdeh qismində Cavabdeh olmalıdır. Qeyd olunan yanlışlığın nəzərə alınmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, beh və kirayə pulu ümumillikdə, 1250 manat pul tələb edir. Cavabdeh 400 manat pul qaytarmış, 850 manat borc qalmışdır. Məhkəmə araşdırması dövründə də pul qaytarılmamışdır. Qarşı tərəf iddia edir ki, onun əşyalarına zərər vermişdir. O da bildirir ki, toxunmadığı bir əşyaya necə zərər verə bilər. Razılaşılıb, beh verilib, sonra da kirayə pulunun veriləcəyi danışılmış, kirayəyə çıxmamış, əşyalarını başqa evə daşımış, orada nə problem olubsa evi satmağa razı olmamışdır. Əşyaları boşaltmış, onu da alqı-satqı etmək üçün tələsdirmişdir ki, pulu onun adına keçirtsin. Evin sənədi olmamışdır. Maklerlər cavabdeh tərəfdən olmuşdur. Mesajlarda qeyd olunmuşdur ki, səhər evi boşaldaraq evdən çıxır. Kirayə pulunu vermişdir ki, kirayə evə çıxsın. Cavabdeh də kirayəyə çıxmamış, alacağı evə getmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, evi satmaq istəmiş, iddiaçı ilə razılaşmışlar. Beh vermək istəmiş, razılaşmamışdır. Bildirmişdir ki, evi tapdıqdan sonra verər. Bərabər şəkildə ev axtarmışlar. 4-cü mikrorayondan ev tapmışdır. Maklerlər vasitəsi ilə demişdir ki, evi boşaltmadığı təqdirdə pulu verməyəcəkdir. Daha sonra aldığı evə getmişlər. Beh şəklində ona verilən 1000 manat pulu aldığı evə vermişdir. Evi tez bir şəkildə boşaltmışdır. İddiaçıya demişdir ki, getdiyi evin həyətində əşyalar vardır. İcazə versin ki, əşyaları həyətinə yığsın. Adam nə zaman köçsə, o zaman da gəlib əşyaları aparar. İddiaçı da demişdir ki, əşyaları darvazadan çıxartsın. Əşyaları aldığı evə aparmışdır. Evin sahibi də evə baxdıqda hər şeyin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Zəng etmişdir ki, əşyaları gəlib-götürsün. Evi satmış və boşaltmışdır. İddiaçı ona evi tez bir zamanda boşaltmağı demişdir. 1000 manat beh, maklerlərin vasitəsi ilə 250 manat da kirayə yaşamaq üçün pul almışdır. 400 manat qaytarmışdır. Qalan məbləği də ona görə qaytarmır ki, fəhlə tutmuş, maşın çağırmış, əşyalarına zərər vurulmuşdur. Ona görə də qaytarmayacağını demişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı tərəfindən Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ünvanlanmış izahatdan görünür ki, xx.xx.2024-cü il tarixində ev almaq məqsədi ilə tap.az saytında Sumqayıt şəhəri, 49-cu məhəllə adlanan ərazidən almaq məqsədi ilə ev tapmışdır. Həmin evin sahibi ilə əlaqə saxlayaraq, həmin evə baxmışdır. Həmin evin yiyəsi Tahirə adlı şəxslə razılaşaraq 1000 manat beh vermişdir. Sonra Tahirə adlı şəxs ona zəng edərək onun üçün ev tapan Rəhman adlı şəxsə 250 manat verməyini istəmişdir. O da öz növbəsində Rəhman adlı şəxsə yox, aparıb-alacağı evdə 250 manatı Tahirə adlı şəxsin övladına vermişdir. Tahirə adlı şəxs də onun alacağı evi nə ona satır, nə də ona verdiyi 1250 manatı ona geri qaytarır. - X2 tərəfindən Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ünvanlanmış izahatdan görünür ki, 49cu məhəllə ərazisində yerləşən sənədsiz fərdi həyət evini təxminən 2 ay olar ki, tap.az saytında satdığa qoymuşdur. Elanı qoyduğu gün Paşa adlı şəxs ona evini almaq üçün zəng vuraraq görüşüb razılaşmışlar. Paşa ona beh kimi 1000 manat pul vermişdir. 250 manat isə özünə müvəqqəti yaşadığı üçün pul vermişdir. O, 4-cü mikrorayon, Kimyaçılar, Mədəniyyət Sarayı tərəfdə almaq üçün ev tapmışdır. Razılaşmalarından 15 gün sonar alqı-satqı üçün asan xidmətə gedəcəkdirlər. Lakin evini satdığı Paşa adlı şəxs ona evi boşaldacağı təqdirdə pulu verəcəyini demişdir. O da məcburən evi boşaldıb evin əşyalarını aparıb qoysa da əşyalar ev sahibi gəlib-götürün demişdir. O, evi satmaq istəmir. Məcburən əşyaları qaytararaq əvvəlki evinə gətirmişdir. Bu vaxt soyuducu, paltaryuyan maşını, yatağı xarab olmuşdur. Çox pis vəziyyətdə fəhlələr evə qaytarmışlar. Evin rəsmi sənədi olmadığı üçün rəsmi şəkildə alqı-satqı edə bilməmişlər. Lakin Paşa ona bir min manat beh vermişdir. 250 manat da kirayə qalmağı üçün pul vermişdir. Həmin vaxt yanında şahid kimi Səbinə olmuşdur. Ona görə ki, o, evin daşınması üçün 300 manat fəhlə pulu və kirayə qalacağı evi üçün isə 300 manat pul vermişdir. Ona dəyən zərər ödənilmədiyinə görə pulu qaytarmamışdır. Ona dəyən zərər ödənilsə qalan pul qaytarılacaqdır. Elə bu dəqiqə də qaytara bilər. - xx.xx.2024-cü il tarixli, **********92 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Tərəflər arasında olan “vhatsapp” sosial platformasından olan yazışmalardan görünür ki, cavabdeh bildirir ki, “bu dəqiqə göndərə bilər. Ancaq ona əzab olsun deyə göndərmir. Bir az əzab çəksin ki, ürəyi ağrısın. Pulu verməyəcək deyə qorxu hissini yaşamağını istəyir. Bu hissləri ona yaşadandan sonra göndərəcəkdir. Özü də bütün xərciborcu çıxandan sonra nə qalsa kartına göndərəkdir”. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıya evi satmaq istəmiş, 1000 manat beh və 250 manat kirayə haqqı almış, 400 manat ödəniş etmiş, lakin sonradan evi satmaq istəmədiyindən (polis orqanlarındakı izahatına əsasən), eyni zamanda əşyalarına iddiaçının zərər vurduğuna istinad etdiyindən yerdə qalan məbləği qaytarmamışdır. Məhkəmə, cavabdehin iddiaçıya 850 manat qaytarmaq öhdəliyinin mövcudluğunu, onun sonuncu ilə yazışmasındakı “Whatsapp” etirafına, eləcə də hər hansı formada təkzib etməməsinə əsaslanaraq işin mübahisəsiz halı kimi qiymətləndirir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçının hər hansı formada cavabdehin alacağı evin sahibi ilə aralarındakı olan münasibətlərdən qaynaqlanaraq əşyaları həmin evə apararaq-çıxartması nəticəsində təqsirinin olması qeyri-mümkündür. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh öhdəliyin icrasına başlanana qədər icranın mümkün olmaması nəticəsində behi qaytarmalı olmasına baxmayaraq, 400 manat məbləğini qaytarmış, yerdə qalan məbləği qaytarmamışdır. Lakin, cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddia tələbi əsaslıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 850 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-439/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-439/2025
24.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver